Covid-19-la mübarizədə hansı ölkələrin praktikasından bəhrələnirlər?
29 İyul 2020 13:52 Sosial5 aydı dünya COVİD-19-la mübarizə aparır. Azərbaycan da həmçinin. 5 aydır ki, bütün dünya bir-birinin təcrübəsini paylaşır. Burada "Azərbaycan da həmçinin" deyə bilirikmi? İlk vaxtlarda bəli, Azərbaycan da dünya ölkələrinin təcrübəsini bölüşürdü və cəmiyyət olaraq bunu statistikada da görürdük. İlk aylarda insanlarımız da aidiyyatı qurumları anlayıb, onlara dəstək olmaq üçün verilən tapşırıqlara maksimum əməl etməyə çalışırdılar. Vacib olmadığı təqdirdə evdən çölə çıxmır, insanların çox olduğu yerlərdə sosial məsafəni saxlayırdılar. Maska və spirt həyatımızda telefon qədər vacib əşya oldu. Bu neçə ayda əziyyət çəkən təkcə sadə vətəndaşlar olmadı, təbii. Həkimlərimiz bu "müharibədə" ön cəbhədə gecə-gündüz virusla vuruşurlar. Onlarla birgə bəzi xoşagəlməz anlarla yanaşı polislərimizin əməyi də unudulmazdı. Bu aylar ərzində hər kəsin çəkdiyi əziyyəti heç etmək dünyanın hansı ölkəsindən götürülən təcrübədir?
Hər kəs xatırlayır, İtaliyada, İspaniyada COVİD-19 yeni virusundan həlak olan insanların statistikasını. Ölkəmizdə hələ də ölüm halı 5 ay ərzində 430-dur (28 iyul tarixinə qədər). Amma bu gün İtaliyada, İspaniyada və digər ölkələrdə hansı karantin rejimi tətbiq olunur? TƏBİB niyə indi dünya təcrübəsindən bəhrələnib, insanların tarıma çəkilmiş əsəblərini daha da zorlayır? Məqsəd nədir? Əgər məqsəd insanların sağlamlığıdırsa, bütün həkimlər və hətta baş infeksionist belə deyir ki, insanlar virusla yaşamağa alışmalı, rayonlara gediş-gəliş bərpa olunmalı və ən əsası insanlar təbii D vitamini (günəş şüaları) qəbul etməlidirlər, mütləq dənizə getməli, bədənlərini payız və qışda yarana biləcək xəstəliyə qarşı möhkəmləndirməlidirlər.
Dünya praktikasında görürük ki, ictimai cimərliklərdə və ya "xalq çimərliyi" deyilən yerlərdə əraziyə məsul olan rəsmi qurumlar sosial məsafənin qorunması üçün tədbirlər görüblər. İnsanlar da raharlıqla həm istirahət edirlər, həm də bədənlərini payızda, qışda ola biləcək xəstəliklərə hazırlayırlar. Dünya praktikasından bəhrələndiyini hər brifinqdə qeyd edən Operativ Qərargah və TƏBİB-in dünyanın hansı ölkəsinin praktikasından bəhrələndikləri ilk olaraq bir vətəndaş olaraq bizə maraqlıdır. Aylardı evdən çölə çıxmayan, müxtəlif rayonlarda şəxsi evləri olan insanların rayonlara gediş-gəlişinə niyə qadağa qoyulsun? İnsanların şəhərdən çıxıb müxtəlif istirahət mərkəzlərində dincəlmələrinə qadağa tətbiq etməkdənsə, həmin məkanlarda lazimi dezinfeksiya tədbirlərinin görülməsi daha doğru qərar olmazdımı? Məqsəd bəlkə də insanları virusdan qorumaqdır, amma unutmamalıyıq ki, biz virusdan qaçmaqla deyil, onunla birgə yaşamaqla qoruna biləcəyik, bədənimizdə virusa qarşı immunitet yaratmalıyıq.
Və ya, burdan -bura vətəndaşa öz rayonuna, kəndinə getməyi qadağan edən qurum yüksək məbləğ müqabilində xarici ölkəyə gedilə biləcəyini açıqlayır. Hansı məntiqlə? Məgər virus təyyarədə yox, hansısa rayonda, kənddədir? Olmazmı, imkanı olan vətəndaş yenə də istirahətini xarici ölkədə etsin, orta təbəqəli, maddi imkanı zəif olan insan isə öz kəndinə gedib həm valideynlərini görsün, həm də istirahətini eləsin? Bu cür dolaşıq qərarlar verəndədəmi dünya təcrübəsindən bəhrələndiniz? Bəlkə də əsil məqsəd insanların tarıma çəkilmiş əsəbinin gücünü yoxlamaqdır?
Bu dəfə çox uzağa getmədən elə qardaş Türkiyənin təcrübəsindən bəhrələnsək, olar?
Bu gün Türkiyə vətəndaşlarının həm ölkə daxilində, həm də ölkə xaricində lazimi tədbirlər görməklə bərabər istirahətlərini təmin edə bilir. Bütün növ nəqliyyat vaistələrinin, ticarət mərkəzlərinin, iaşə obyektlərinin fəaliyyət göstərməsi həm də ölkənin iqtisadi gələcəyinə dəstəkdir, təminatdır. Bu gün ölkədəki vəziyyətlə Türkiyədəki durumu paralel müqayisə edək: Azərbaycanda xeyli sayda günəmuzd və aylıq maaşla çalışan nə qədər vergi ödəyicisi var. O insanlar 5 aydı işsizdi. Türkiyədə bu müddət nə qədər çəkdi? Çox qısa zaman ərzində ticarət mərkəzləri, iaşə obyektləri bağlandı. İndi isə hər yerdə iş fəaliyyəti bərpa olunub. Sərt karantin rejimi tətbiq olunanda insanlar rahatlıqla ictimai nəqliyyatdan istifadə edə bilirdilər. Nə Türkiyədə, nə də İtaliyada metronu bağlayıb, insanları 1-2 avtobus vasitəsilə, basabasla gedəcəkləri məkanlara çatdırmadılar. Bu zaman virusun yayılması ildırım sürəti ilə artır, nəinki azalır. Bu gün nə qədər ailə dövlətin ayırdığı məvacibə yiyələnə bilmir və övladlarının, ailəsinin qarşısında aciz vəziyyətdədir. Bağlanan, fəaliyyəti dayandırılan hər bir obyektdə neçə insan çalışırdı, ehtiyaclarını təmin edirdi.
Və bütün bunları bir kənara qoyub, verilən bütün qərarlarda vətəndaşıların sağlamlıqları düşünülüb düşüncəsi ilə keçək testlərin cavabına:
Deməli, ötən həftə iki gün ərzində test olunan yüzlərlə vətəndaşa testlərin cavabı yanlış göndərilib. Həmin vətəndaşların testlərinin cavablarının neqativ çıxdığı ümidi ilə sms icazəsi ilə harasa getdiyini, oradakı insanları virusa yoluxdurduğunu bir anlıq təsəvvür etmək çox çətindirmi? Unutmayaq ki, həmin insanlar, yoluxma ehtimalı olanlar arasında qoca, körpə ola bilər. Və bu durumun onların həyatları üçün necə riskli bir addım olduğunun fərqindəsinizmi? İki gün yüzlərlə insana test cavabını yanlış göndərmək, vəziyyəti açıqlayandan sonra insanların keçirdiyi psixoloji gərginlik, qorxunun qarşılığı isə üzr istəməklə qarşılandı. Sabah həmin insanların digər yüzlərlə insanın test cavabında eyni məsuliyyətsiz addım atmayacağına kim zəmanət verir?
Təsəvvür edin, yaxın qohumunuz, aylarla görmədiyiniz bacınız, qardaşınız testinin cavabının neqativ çıxması ümidi ilə sizi ziyarət edir. Əslində isə testinin cavabı pozitiv imiş. Və
həmin gün xoşməramlı ziyarətin dəhşətindən iki gün sonra xəbər tutulur və ...
Hələ də həmin şəxslər cəzasızdır. Və hələ də "iş başındadılar"...
Acınacaqlı məqam ondadır ki, bu yanlışlıqlar edilən gün onun qarşısı alınmalı olduğu halda, TƏBİB və Səhiyyə Nazirliyi həmin şəxsləri cəzalandırmadı. Belə ki, ilk belə yanlışlıq aylar öncə baş vermişdi. Heç bir testdən keçməyən vətəndaşa testinin cavabının pozitiv olduğu və yaşayış məntəqəsini tərk etməmək üçün mobil telefonuna bildiriş gəldi. Vətəndaş isə həmin bildirişi sosial şəbəkə hesabından paylaşaraq bildirdi ki, o səhhətində heç bir narahatçılıq hiss etməyib və heç bir testdən keçməyib. Amma ona testinin pozitiv çıxdığı haqda məlumat gəlib. Həmin həftə keçirilən mətbuat konfransında TƏBİB rəsmisi qeyd etdi ki, insanlar mobil cihazlarına e-Tabib yükləsinlər, o zaman yanlışlıqlar olmayacaq. Və eyni vəziyyət ötən günlərdə bir daha təkrarlandı. İstifadəçiyə tamam başqa ad və soyada məxsus test cavabı göndərildi. Ard-arda olan səhvlər ilk olaraq onu deməyə imkan verir ki, işinə bu cür məsuliyyətsiz yanaşıb, vətəndaşların həyatlarını təhlükəyə atan insanlar hələ də iş başındadılar. Və bunu anlamaq üçün vətəndaşların xüsusi istedada ehtiyacı yoxdur. Bütün texniki avadanlıqlarla təmin olunan qurumun XXI əsrdə belə ardıcıl olaraq bu qədər yanlış edilməsi vətəndaşlara qarşı hörmətsizlik olaraq qəbul edirik.
Sonda rəsmilərə, aidiyyatı qurumlara baş infeksionist Cəlal İsayevin mətbuata verdiyi açıqlamanı bir daha xatırlatmağı vacib bilib susuram:
"Təkcə vitamin D ilə bağlı deyil, ümumiyyətlə açıq havada olmaq insanın immun və sinir sisteminə müsbət təsir göstərir. Dənizdən müəyyən qaydalara əməl etməklə istifadə olunmalıdır. Bu qaydaları işləyib hazırlamaq lazımdır. Dənizdə virus məhv olur, insanlar dənizə gedə bilməlidirlər. Bunun üçün də xarici ölkə təcrübəsi tez bir zamanda öyrənilməli və Azərbaycanda da tətbiq edilməlidir.
Təbii ki, dənizdə də sıxlıq olacaqsa, məsafə gözlənilməyəcəksə, çətin olacaq. Dəniz kənarında oturarkən bunu gözləyəcəyiksə, bu zaman dənizə getmək təhlükə təşkil etmir. Dəniz suyunda viruslar çox qısa müddət qala bilir. Demək olar ki, yoluxdurma təhlükəsi olmur. Gərək bunun üçün mexanizm işlənib hazırlansın. Məsələn, Türkiyədə qeyd edilib necə və hansı məsafə saxlanılmalıdır".
Ay An