5000 dollardan keçən yol
29 İyul 2020 13:52 SosialZüleyxa NADİR
İki gün sonra müsəlman dünyasının müqəddəs günlərindən sayılan qurban bayramı olacaq. İmkanı olanlar qurban kəsəcək, kasıba, qohuma, qonşuya paylayacaq və bununla da qurbanlığın xoş niyyətini yaxşı əməl olaraq yerinə yerinə yetirəcək.
Bu ilki Qurban Bayramı əvvəlki illərdə olduğundan fərqli şəraitdə keçiriləcək. Həcc ziyarəti olmadı, müsəlman dünyası Kəbəni təvaf edə bilmədi. Dünyanı çənginə almış COVİD-19 virusundan dolayı Kəbə qapıları bağlandı, Allah evində bu dəfə müsəlmanlar qonaq ola bilmədilər. Bəlkə bu da Allahın işidi. İnsanların sınanması, əməllərinin pis tərəfindən ayrılmaq üçün bir fürsətdi. Hökm deyil ki, həcc ziyarətinə gedəsən. Vacib deyil ki, Kəbənin başına dolanasan. Bu əməlləri burda da edə bilərsən. Kasıbın, imkansızın ürəyi elə Kəbə evidi. Dolan o evin başına! O ev sahibinə edilən yaxşılıqların müqabilinə etdiyi dualar Allaha daha tez çatır. Nəinki sən qohumda, qonşuda kasıbı, imkansızı qoyub 5000 min dollarlıq məsafə gedirsən, kəsdiyin qurbanı qanı qanından, canı canından olmayanlara verirsən. Bilirəm bu fikrimə etiraz edən tapılar, deyər ki, insan insandı, müsəlman hər yerdə müsəlmandı, irqindən, cinsindən, milliyətindən asılı olmayaraq onları ayırmaq doğru deyil. Razıyam, amma Allah Hacc surəsinin 28-ci ayəsində deyir: "Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (bismillah desinlər). Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsullara da yedirdin". Allah burda deyir ki, kəsdiyiniz qurbandan özünüz də yeyin. Amma Məkkədə kəsilən qurban ətindən heç bir ziyarətçiyə pay düşmür. Bu ayənin məntiqinə söykənərək fikrimi bir daha təsdiqləyirəm ki, öncə yan-yörəndəkinin qarnını doyuzdur, sonra minlərlə kilometr uzaqdakıların köməyinə qaç.
Allah insanı sevə-sevə yaradıb, ona ən ali hissləri bəxş edib. İnsan oğlu bu bəxşişdən doğru-dürüst istifadə edəndə isə Allahın sevimli bəndəsi olur, Onun nəzərində ən uca məqama çatır. Aylardı koronovirusdan dolayı dünyada insanlar əziyyət çəkirlər. Hələ də təhlükə saçan bu ölümcül xəstəlikdən canını qurtara bilməyən insanlıq Qurban bayramında Allahın ona verdiyi ali hisslərini "xərcləməlidi". İmkanlı, varlı-hallı şəxslər bu günlərdə ikinci bir zənginliyi - mənən varlanmağı hədəfə almalıdırlar. Həcc ziyarətinə gedə bilmədilər. Əllərində 5000 dollar vəsait var. Düşünmək olar ki, həmin vəsaiti özlərinin şəxsi ehtiyaclarından dolayı müxtəlif istiqamətlərə xərcləyəcək, ya da sandığa qoyub gələn ilə saxlayacaqlar. Kəbə qapıları açılanda Həcc ziyarətinə yollanacaqlar. Əlbəttə, şəxsi işidir, pulunu necə istəyir elə də xərcləyə bilər, bu haqqı kimsə onun əlindən ala bilməz. Amma kim bilir sabah nə olacaq, hansı hadisələr baş verəcək? Ona görə də bu günkü imkandan istifadə etmək daha məqbuldu. Həmin pulu ölkədə son beş aydakı işsizlikdən dolayı kasıblamış ailələrə, kimsəsizlərə, xəstələrə, qocalar evinə, uşaq evinə vermək, yaxud da imkansız tələbələrin təhsil haqqın ödəmək olar. Bu, Kəbəni ziyarətdən üstün savabdı! Burda qurban kəsib insanlara paylamaq, yetim-yesiri sevindirmək Məkkədəki qara daşı opməkdən vacibdi. Çevrəndəki insanların qapısını döymək, hal-əhval tutmaq, yetimin başını sığallamaq, hansısa bir istəyini yerinə yetirmək şeytanıa daş atmaqdan üstündü.
Əlbəttə, Həcc ziyarəti İslam dininin sütunlarından biridi. Həcc surəsinin 27-ci ayəsində deyilir: "İnsanları Həccə çağır ki, piyada ya dəvələrin üstündə uzaq yerlərdən sənin yanına gəlsinlər". Başqa bir ayədə deyilir: " "Allah-təala bu evin ziyarətini Həccə getməyə qüdrəti olan şəxslərə vacib etmişdir" (Ali İmran surəsi, ayə 97). Bəli, bu ayələri danmaq mümkün deyil. Amma nə etməli? Allah min illərdi açıq saxladığı yolu bu il bağladı. Amma insanların ürəyini bağlamayıb, yaxşı əməl sahibi olmağın üstünlüyün əlindən almayıb.
Bu il Həcc ziyarəti üçün 1500 nəfər nəzərdə tutulmuşdu. Bu, həm də 1500 qoyun, 1500 qurban kəsmək, 7 milyon 500 min manat deməkdi. Bu qədər vəsaitlə vallahi-billahi dağı dağ üstə qoymaq olar. Həcc ziyarətinə gedəcək insanlar toplaşıb bu vəsaitlə Azərbaycan xalqı üçün daha səmərəli, daha vacib bir iş görə bilərlər. Təhsil, elm yolunda xərcləmək ibadətlərin ən üstünüdu. Bu 1500 nəfərin içində elələri var ki, 3-cü, 5-ci dəfə Məkkəyə uçacaqdılar. Olmazmı ki, beşinci dəfə Səudiyyədə xərcləyəcəkləri pulu elə buradaca beş nəfərin əyər-əskiyini düzəltsinlər, bir evsizə mənzil alsınlar, daxmalarda çürüyən yetim-yesirlərə ev tiksinlər, yeni ailə quran imkansız cütlüyə cehiz verib toy etsinlər, yaxud da xəstə uşaqların müalicə xərclərini ödəsinlər və s. Olar, həm də türk demiş bal kimi olar! Amma mənim dediyim "olar" bilmirəm belələri üçün olarmı, yoxsa olmazmı?!
Qurban ancaq Allah üçün, Allah rizasını qazanmaq məqsədilə kəsildiyinə görə maddiyyatdan çox mənəviyyatın üzə çıxarılmasına xidmət edir. Qurban bayramı günlərində qardaşlıq dostluq, bir-birinə kömək etmək, birinin o birinə dayaq olması insanın ruhunu canlandırır, sosial ədalətin ortaya çıxmasına körpü olur. Bu, bir zövq işidi! Yuxarıda dediyim 1500 nəfərin əminəm ki, ən azı, 1000 nəfəri varlı-hallı, sərvəti bol olanlardı. Onlar bu zövqdən özlərini məhrum etməməlidirlər. Bu bayram insanları xəsisilik kimi bir mərəzdən, mal-mülk düşkünlüyündən xilas edir. Kasıblar varlıların vasitəsi ilə Allaha şükr edir və özlərindən zəngin olanların mənən varlanmasına yardım edirlər. Bundan gözəl nə ola bilər ki?! Bundan böyük yaxşılıq varmı bu dünyada?! Ən uca mərtəbə insanın etdiyi yaxşılıqdan dolayı qazandığı dualardı, başqalarının ona sevgisidi, haqqında gözəl sözlər danışmasıdı. Məncə, bundan böyük mükafat, bundan uca məqam, hündür mərtəbə yoxdu.
Qurban Bayramı insanların bir-birinə olan sevgisinin, birinin o birinə etdiyi yaxşılığın Allah tərəfindən qiymətləndirildiyi gündü. Həmin gün edilən yaxşlıqlar, sərgilənən diqqət və qayğılar ən yaxşı, ən böyük əməldi. Yaxşı əməl nədi? Bir yetimin başına sığal çəkib onun könlünü almaq, bir acın qarnını doyurmaq, dərddən, kədərdən əyilən bir qamətin dik dayanmasına yardım etmək, gözdən axan yaşı silmək, çarəsiz bir xəstəyə dərman almaq, ya da ki, ona şəfa olacaq ümidverici sözlər söyləmək, sənə uzanan əli geri qaytarmamaq və s. Hər şeyin boş və anlamsız olduğu bu dünyada 5000 dolların gətirəcəyi sevgidən çox, bəxş edəcəyi faciələr də ola bilər. Allah insanı ali yaradıb ki, verdiyi ağıldan doğru-dürüst istifadə edə bilsin. Yolların bağlı olduğu, qapıların örtüldüyü belə bir zamanda nəfsin qurbanı olmaq elə Allah asi çıxmaq deməkdi. 5000 dollarlıq nəfsi qoyun kəsib aylardı evində ət qazanı qaynamayan bir kasıba verməklə öldürmək olar. 1500 nəfər azəbaycanlı Məkkəyə gedib orda şeytana daş atmaqla nəfsdən azad olmağı düşünür. Amma olmur. Buyurun bu meydan, bu şeytan. Şeytanı burda "daşlayın", nəfsinizi burda öldürün. Qarşıdakı iki-üç gündə Allah yanında ən dəyərli, ən hörmətli insan olun.
Bunun yolu 5000 dolları bu millət üçün xəcləməkdən keçir...