Gənc nazir və qoca problemlər-ZÜLEYXA NADİR yazır

Züleyxa NADİR

Biləndə ki, yeni təyin olunmuş təhsil naziri gəncdi, ona bir qədər yazığım gəldi. Nə mənada? Düşündüm ki, 38 yaşlı Emin Əmrullayevin 38 ildə Azərbaycan təhsil sistemində üst-üstə qalaqlanmış problemləri aradan qaldırmağa gücü çatacaqmı? İllərdi təhsil sistemindəki narazılıqlar, qordi düyününə dönmüş  problemlər bir nazirdən o birinə miras qalır. Hər gələn  nazir bu düyünü açmağa cəhd edir, amma nə sirri-xudadırsa başlamamış  bitir.

Misir Mərdanov 52 yaşında nazir kreslosunda oturdu və 15 il  "külüng" vurdu. 67 yaşında Azərbaycan təhsilində 67 problem qoyub getdi. Mərdanovdan sonra bu vəzifəyə  təyin olunan Mikayıl Cabbarov cəmi 4 il bu sahədə işlədi. Uzaqdan-yaxından təhsillə bir əlaqəsi olmayan Mikayıl müəllimin nazir kabinetinə sahiblik edəndə 37 yaşı var idi. Çox sevinmişdik ki, gəncdi, təhsildə kök atmış naqisliklərə tərs şillə çəkəcək. Amma bacarmadı, bəzi - para şeyləri düzəltməyə çalışsa da, hiss olunurdu ki, çətinlik çəkir. Ya da bu sahə ona tamamilə yad olduğu  üçün hardan başlayıb, harda bitirəcəyini kəsdirə bilmədi. Cabbarovdan 3 yaş böyük olan Ceyhun Bayramov bu vəzifəyə təyin olunanda 45 yaşı var idi. Amma  o da çalışdığı iki ildə  heç bir yenilik edə bilmədi. Budur estafet Emin Əmrullayevə verilib! O Emin Əmrullayev ki, iki xarici ölkədə - ABŞ və Macarıstanda magistr təhsili alıb. Son yeddi ildi sırf təhsil sahəsində çalışır. Ona görə də bu qurumda olub-bitənlərdən xəbərdar olmamış deyil. Nə gözəl! Millətimiz və vətənimiz üçün xeyirli-uğurlu olsun.

***

Gözümü açandan  müəllim peşəsinin  müqəddəs olduğunu  mənə evdə də, məktəbdə də diqtə ediblər. Mən də öz növbəmdə bunu oğluma  təlqin etmişəm. Bu, doğrudan da belədi. Bir millətin taleyi onun müəlliminə bağlıdı, öyrətmənindən asılıdı. Müəllim cəmiyyətin özəyidi. Toplumu gələcəyə aparan müəllim özünün şərəfi və ləyaqəti ilə seçilməlidi.  Müəllim bütün problemlərin qapısına vurulmuş kilidi və qıfılı açan AÇARın  müəllifidi. Di gəl ki, illərdi bu açar Azərbaycanda çoxlu sayda kilidə düşmür, pas atmış qıfılı aça bilmir.  Xüsusilə də təhsil sisteminə vurulmiş qıfıla yaxın düşmək mümkün deyil Niyə? Problem müəllimdədi, yoxsa AÇARdadı? Problem nə açardadı, nə də təkcə müəllimdədi. Problem təhsilə bağlı olan  hər kəsdə və hər şeydədi  - məktəb, valideyn, müəllim, şagird, universitet, tələbə, professor, sinif otaqları, auditoriyalar - bunların "bətninə" hopmuş naqisliklər hamısı birləşib Azərbaycan təhsilinə yük olub. İllərdi yığılıb  qalan  ağır çəkili bu yükü  qaldırmaq gücünü də hələ ki, kimsədə görə bilmirik. Kaş Emin Əmrullayev elə bir gücə malik ola ki, həmin yükü ilk təkandaca başına qaldıra bilsin...

Valideyn övladını məkəbdən yayındırır,  8-10 yaşlı oğlunu qazanca göndərir. Yollarda avtomobillərin şüşəsini silmək üçün qabağına qaçırlar. Ağrılı olan həm də odur ki, bu işdə qızlar da iştirak edirlər. Məktəb, müəllim buna göz yumur.  Dəfələrlə faciə baş verib, özlərini hərəkətdə olan avtomobilin üstünə atan uşaqlar təkərin altına düşüblər. Analar  qızlarını 14-15 yaşından ərə verirlər, məktəbli paltarını çıxarıb gəlinlik geyinən qızların təhsili yarımçıq qalır. Məktəb, müəllim buna göz yumur. Erkən ailə quran qızın evliliyi çox da uzun sürmür. Və beləliklə də yeniyetmə qızların gələcək taleyi valideyn və müəllim etinasızlığından dolayı çat verir. Onu  demirəm ki, elə ucqar kəndlər var ki, orada məktəb binası yoxdu. Sovetlərdən qalma hansısa bir binada çox az sayda şagirdə dərs keçilir. Həmin kəndlərdə demək olar ki, qızlar məktəbə getmirlər, onları elmə cəlb etməyə maraqlı insanlar da  yox dərəcəsindədi. Bu problemləri  nazir Emin Əmrullayev həll edə biləcəkmi? Emin müəllim Azərbaycanda məktəb yaşlı uşaqların hamısının təhsilini tam olaraq başa vurmasını təmin edə biləcəkmi?

Üzü o biri nazirlərdən   bəri yol gələn və orta məktəblərin və valideynlərin baş ağrısı olan "süpürgə pulu" məsələsi yenə də qüvvədə qalacaq? Şagirdlərdən təmir adı ilə yığılan pullar yenə də hökmünü saxlayacaq? Nazir Emin Əmrullayev dövlətin bu iş üçün ayırdığı vəsaitin mənimsənilməsinin qarşısını ala biləcəkmi? Emin müəllim təhsil sisteminə sarmaşıq kimi dolanmış korrupsiyanı kökündən çıxarıb ata biləcəkmi?

Bu gün kənd yerlərində müəllim çatışmazlığı var. Elə ucqar kəndlər var ki, məktəbdə bir müəllim 3 fənni tədris edir. Bu, təkcə ona görə belə deyil ki, müəllimlərin maaşı azdı, universitet məzunu həmin maaşa işləmək istəmir. Əsas səbəbi müəllim işləmək üçün toplanan imtahan ballarında axtarmaq lazımdı. Yüksək bal toplayanlar şəhər məktəblərinə götürülür, aşagı bal  toplayanlar isə kəndlərə yollanır. Niyə? Bəyəm kənd uşaqlarına savadsız müəllim lazımdı? Bakı məktəblisinin nəyi kənddəkilərdən üstündü - ağlı, savadı, əxlaqı, yoxsa valideynləri?  Halbuki hər il ali məktəblərə qəbul imtahanlarında  kənd  məktəblisi daha çox bal toplayır. Az balla kəndə gedən müəllimin şagirdi bu cür uğur əldə edirsə, çox balla kənd məktəbində dərs deyən müəllimin şagirdi görün daha nələrə qadir ola bilər?! Doğrudu,  müəllimlərin işə qəbulu üzrə müsabiqə ilə sırf  Dövlət İmtahan Mərkəzi məşğul olur. Amma yaxşı olar ki,  Təhsil Nazirliyi də bu işdə DİM-lə birlikdə fəaliyyət göstərsin. Orta məktəblərdəki vakant yerləri Təhsil Nazirliyi elan etdiyi üçün seçimi də bu qurum yerinə yetirərsə, nəticə daha faydalı olar. Nazir  Emin Əmrullayev bu işə start verə bilərmi? Sələfləri kimi ali və orta məktəblərdə idarəetmə və nəzarət funksiyasının dəqiqliyi Emin müəllimin diqqətindən yayınmayacaq ki?!

Orta məktəblərdə dərs yükü olduqca ağırdı, xüsusilə də aşağı sinif şagirdlərinə  lazım olmayan fənlər tədris edilir. Avropada, Yaponiyada  3-4 yaşında uşaqlara öyrədilənlər bizdə 1-3-cü siniflərdə tədris edilir. Hər yerindən duran dərslik adı ilə bir kitab yazıb məktəblərə sırıyır. Kimə pul lazımdı, kim məktəb rəhbəri olmaq istəyir bu cür üsula əl atır. Nəticədə aşağı sinif şagirdinin həm zehni yorulur, vaxtı itir, həm də o kitabları məktəbə daşımaqdan dolayı fiziki gücü çatmır. Ona görə də yeni kurikumlar hazırlanmalı və tətbiq olunmalı, dərsliklər təkmilləşdirilməli və müasir dövrə uyğunlaşdırılmalıdır. Tədris olunan fənnə dəxli olmayan əlavə proqramlar müəllimləri və şagirdləri yorur. Nazir Emin Əmrullayev əmrində olanları dərslik və proqramla bağlı məsələləri aradan qaldırmağa yönləndirə biləcəkmi? Yoxsa bu məsələ də Emin müəllimin xələflərinə ötürüləcək?

Bunlar təhsil sistemindəki  sadə və az saylı, eyni zamanda sadə olduğu qədər də yaşı çox olan, qoca problemlərdi. Azərbaycan təhsilində bəlkə də bizm bilmədiyimiz daha elə gizlinlər var ki, onları üzə çıxarmaq Emin Əmrullayevin taleyinə yazılıb. Gənclik elə bir  gücdür ki, qocalıq onun qarşında tir-tir əsir, qorxub geri çəkilir. Emin  müəllim də gənclik eşqi, cavanlıq havası ilə qocalıb əldən  düşmüş və hər kəsin əl-ayağına dolaşan bu problemləri qısa bir müddətdə "dəfn edə bilər".

Ki... gələcək nəsil dəfn olunmuş problemlərdən  söz düşəndə "Allah rəhmət etsin" deyə bilsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31