Mədəniyyət işçiləri üçün açıq təlimlər davam edir
24 İyul 2020 11:41 SosialMədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi öz açıq təlimlərini davam etdirir. Olaylar.az bildirir ki, yerli və xarici mütəxəssislərin iştirakı ilə təşkil olunan təlimlərin qarşısında duran əsas hədəf müxtəlif profilli mədəniyyət müəssisələrində çalışan əməkdaşlarda müasir peşə səriştələrinin, habelə kreativ təfəkkürün formalaşmasından ibarətdir. Belə ki, növbəti təlim mədəniyyət evlərinin fəaliyyətinə həsr olunub.
Mədəniyyət Mərkəzləri və klub müəssisələrinin 60-dan çox əməkdaşı üçün "Pandemiya dövründə Mədəniyyət mərkəzləri və klub müəssisələrinin fəaliyyət istiqamətləri" mövzusunda növbəti təlim keçirilib.
Şəhər (rayon) Regional Mədəniyyət İdarələrinin nəzdində fəaliyyət göstərən mədəniyyət mərkəzləri, mədəniyyət evləri və klub müəssisələrinin əməkdaşlarının iştirakı ilə keçirilmiş virtual təlimdə sahə üzrə ixtisaslı mütəxəssislər müvafiq mövzular üzrə çıxış ediblər. Açıq müzakirələr şəkildə davam edən təlim çərçivəsində mədəniyyət evlərinin fəaliyyətində yeni yanaşmalar, müasir forma və üsullardan istifadə yolları, onların sosial populyarlığı, əməkdaşların peşəkarlığı və digər önəmli mövzulara toxunuldu.
Mərkəzin direktoru Asif Usubəliyev məruzəçilərə və tədbir iştirakçılara öz təşəkkürünü bildirərək, sözügedən istiqamətdə fəaliyyətin davam olunmasının zəruriliyini bildirdi. Mədəniyyət müəssisələrinin fəaliyyətinin müasirləşməsi məhz orada çalışan əməkdaşların peşə təfəkkürünün müasirləşməsi prosesindən asılı olduğunu bildirən A.Usubəliyev qeyd etmişdir ki, cəmiyyətə təqdim olunan mədəni xidmətlər ənənələrin qorunması məqsədinə xidmət etməklə yanaşı, mütləq olaraq öz cəlbediciliyi ilə seçilməlidirlər. Bu səbəbdən bir sıra mədəniyyət müəssislərinin fəaliyyətinin təşkili və planlaşdırılması məsələlərinə məhz iqtisadi münasibətlərin xidmət sektorunda olan müəssisələrdəki kimi yanaşmaq lazımdır.