Prezident İlham Əliyev: Azərbaycanın hər bir yerində yeni evlər tikilir, o demək deyil ki, o evlər tikiləndə onlar susuz qalmalıdır

Azərbaycanın hər bir yerində yeni evlər tikilir, o demək deyil ki, o evlər tikiləndə onlar susuz qalmalıdır.

AZƏRTAC  bildirir ki, bunu Prezident İlham Əliyev iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirə zamanı deyib.

Dövlət başçısı bildirib:

"Həm yarımçıq qalan, həm də bitmiş hesab olunan layihələr. İndi sən demə belə çıxır ki, digər evlər nəzərə alınmayıb. Ya su mənbəyi düzgün seçilməyib, ya yoxdur, ya da ki, yeni evlər tikilib. Əlbəttə, yeni evlər tikiləcək. Azərbaycanın hər bir yerində yeni evlər tikilir, o demək deyil ki, o evlər tikiləndə onlar susuz qalmalıdır. Deməli, bu, bəri başdan nəzərə alınmalı idi, ona görə siz bu məsələləri təhlil edin. Xarici maliyyə qurumları tərəfindən maliyyələşən layihələrə əlavə vəsaitin ayrılmasına da baxın, yerlərdə də dəqiq hesablamalar aparılsın. Prezident Administrasiyasına da tapşırıram, bu rəqəmləri təhlil edin, hansı şəhərdə, o şəhərlərdə ki, içməli su layihələri başa çatıb, hansı şəhərlərdə və hansı evlərə su verilmir. Çünki mən açılışlarda olanda mənə məruzə edilir, cənab Prezident, bu şəhər 100 faiz su ilə tam təmin edilib, 24 saat fasiləsiz su verilir. Bu məlumatı mənə verirlər. İndi sən demə, mən açılışlarda iştirak etdiyim şəhərlərdə bəzi evlərdə su yoxdur. Belə şey olmaz, bu, nəzərə alınmalıdır. Mənə məlumat verilirdi, təqdimatlarda göstərilirdi ki, 2030-cu ilə qədər, hətta 2035-ci ilə qədər əhalinin artımı nəzərə alınıb. Sən demə, nəzərə alınmayıb. Bunu çox ciddi araşdırmaq lazımdır və mənə bir neçə mənbədən məlumat verilməlidir - həm komissiya tərəfindən, həm də yerli icra orqanları tərəfindən və "Azərsu"dan".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31