Dəmir qanad
23 İyul 2020 15:42 SosialYazı həyatını hərb sahəsinə adamış, Xüsusi təyinatlı qüvvələrin baş leytinantı, aprel qazisi Səməndər Mənəfova ithafən qələmə alınıb.
Qeyd edək ki, istifadə edilən məqamlar hərbiçi ilə edilən söhbətlərə və müəllifin təxəyyül məhsuluna məxsusdur.
Xəyalımda bir quş qanad çalır səmalara doğru. Getdiyi yolu gözlərimlə izləyirəm. Qəfil geriyə boylanıb üzümə duyğulu bir nəzər salır. Dili olsaydı nələrdən xəbər verərdi bəlkə də. Mən isə kirpik çalmaq istəmirəm onu gözdən qaçırmamaq üçün. O səmalar kimi əngin və bilinməzliklərlə dolu bir insanın qəlb evinin qapısına yollanmaq istəyirəm bu gün.
Zahirən hər kəs kimi görünən, əslində isə daxilində fırtınalar, təlatümlər qoparan bir vətən fədaisi. Həyatını hələ uşaqlıq çağlarından hərb sənəti ilə birlikdə görən və bu amal uğrunda əqidəsindən dönməyən bir insan. O da digər məsləkdaşları kimi getdiyi yolun çətinliklərindən xəbərdar idi. Amma ürəyində böyüyən vətən sevgisi bu əzablara sinə gərəcək qədər əzəmətli idi.Bu yolda tanıdığı insanlarında onun həyatında müvəqqəti ola biləcəyini dərk edirdi. Çünki, onlar bu yola başqoyanda ya şəhid, ya qazi olacaqlarına əminidilər. Heç unutmuram bir gün bir aprel şəhidi haqqında məlumat toplayarkən onun silahdaşınin dilindən eşitdiyim sözləri. O mənə öz duyğularını məhz bu sözlərlə ifadə etmişdi: "Xanım bizim mülki həyatda yaşayan insanlarla ən böyük fərqimizin nə olduğuni bilirsinizmi" ? Mən cavabında başımı yelləyərək yox işarəsini verəndə isə o mənə: "Siz ölümün varlığını bilirsiniz. Biz isə onu hər an öz yaxınımızda hiss edirik " demişdi. Bu bir cümlənin uzun bir həyata sığdırıla biləcək qədər dərin mənası var idi.
Elə hal-hazırda haqqında danışdığımız gənc komandirin həyatı kimi. Mənə "bacı mən təbliğatdan, haqqımda çox məlumatların işıq üzü görməsindən uzaq adamam daha doğrusu bu bir o qədər də maraq dairəmdə deyil" deyəndə belə həyatında ilk sırada vətən olduğunu söyləmişdi səsindəki yanğı ilə. Ona aprel döyüşləri haqqında sual verəndə isə söylədiyi hər sözü nağıl kimi dinləyib yaddaşıma hopduraraq diqqət kəsilmişdim söhbətinə. Həyatının ən önəmli dönüş nöqtələri, şəxsi həyatında yaşadığı əlamətdar günlər belə mütləq Silahlı Qüvvələrlə əlaqəli yaşanıb.Bu günündən danışanda büründüyü qəhərin yeganə adı və ünvanı döyüş bölgələrindən uzaq qalması idi.Mən insanın gənc ömrünə sığmayacaq qədər rəşadəti və qüruru məhz Səməndər Mənəfovun timsalında gördüm. O qısa zamanlıq söhbətdə özüm üçün çıxardığım böyük həyat dərsləri də az olmadı.
Dəyərli oxucum mən bu yazıda aprel döyüşlərinin vəya dəyərli hərbiçimizi qazilik mərtəbəsinə ucaldan o hadisələrin detallarına varmaq istəmirəm.Çünki, mənim sətirlərimdən təsirlənərək üzülən insanların olmasına ürəyim razı olmaz. Mənim əsas məqsədim əslində neçə-neçə qəhrəmanlığın altında imzası olan belə dəyərli vətən oğullarının tanıdılmasına xidmət etmək idi. Buna nə qədər nail ola biləcəm bilmirəm? Sadəcə ən azından qəlbimin diqtəsi ilə gördüyüm işin yaxşı niyətə xidmət etməsindən əminəm. Bir də ona əminəm ki, bu torpaq daha neçə qəhrəmanlara məskən olacaq. Biz öz övladlarımıza onların qəhrəmanlıq dastanlarını söyləyəcəyik. Çünki, bu vətənin yeni-yeni igidlərini yetirmək olacaq amalımız. Əslində biz həyatımızı məhz bu əqidə ilə yaşamalıyıq. Çünki bu vətənin hər sahədə fədailər yetirməyə ehtiyacı var. Biz isə bütün varlığımızla mən azərbaycanlıyam söyləyə bilmək üçün var gücümüzlə çalışmalıyıq. O dəmir qanadlara tutunaraq yüksəlməyi bacarmalıyıq. Çünki məhz o zaman yazımızın qəhrəmanının timsalında neçə vətən oğullarının çöhrəsində gülüş olar.
Məni bağışlayın cənab komandir. Çünki sizin kimi şəxsiyyətlərin şücaəti bu millətə çatdırılmalıdır. Mən sizin böyüklüyünüzə sığınaraq dilimin döndüyü qədər, zehnimin gücü çərçivəsində bir şeylər yazmağa çalışdım. Əlbəttə bu sadəcə kiçik bir məlumata xidmət edə bilər. Ancaq fikrimin bu məqamında Allahdan bir niyət diləmək keçdi qəlbimdən. Biz sizi bir şəhidimizin ev muzeyinin açılışında tanımışdıq. İnşAllah torpaqlarımızın işğaldan azad edildiyi gün qələbə nitqinizi dinləyəndə sizi təbrik etmək şərəfinə nail olaq.
Səmaların ən dərin guşələrinə qanad çalan quşun dimdiyində bir kağız parçası görünür. Mən isə xəyalən o kağızı oxuyuram. Onun üzərində qələbəyə az qalıb sözləri yazılıb.
Mədəniyyət Üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşı Rəfiqə Nəsirova