“İnternet məkan ikinci cəbhədirsə, jurnalistlər də ikinci ordudur”
22 İyul 2020 16:03 SosialMədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən təşkil olunmuş "Mədəniyyətimizin kütləvi informasiya vasitələrində təbliği" adlı vebinar zamanı səsləndirilmişdir.
Olaylar.az bildirir ki, tədbirin açılışında "Əkinçidən başlanan tarix..." adlı videoçarx nümayiş olunub. Vebinarda Mərkəzin rəhbərliyi və əməkdaşları ilə yanaşı Azərbaycanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edib. Həmçinin, filologiya üzrə elmlər doktoru, professor, BDU-nun Jurnalistika kafedrasının müdiri Cahangir Məmmədli, əməkdar jurnalist, Azərbaycan Televiziyasının baş redaktoru Flora Xəlilzadə, filologiya üzrə fəlsəfə doktoru, dosent Qərənfil Dünyamin, Qarabağ qazisi, hərbi jurnalist Rey Kərimoğlu, məşhur siyasi icmalçı Tofiqəxanım Qasımova (Nurani, minval.az), Azərbaycan Radiosunun baş redaktor müavini Dilşad Tahirqızı, "Mədəniyyət" Televiziya kanalının direktor müavini Bəhruz Niftəliyev, əməkdar mədəniyyət işçisi Səadət Şirinova, Mərkəzin şöbə müdiri Nurəddin Babazadə, əməkdaşı Rafiqə Nəsirova mövzu ətrafinda çıxış ediblər.
Çıxış edənlər milli mətbuatımızın tarixindən, mədəniyyətimizin təbliği istiqamətindən, informasiya müharibəsində mətbuatın rolundan, jurnalistlərin nitq mədəniyyətindən və digər mövzulardan danışıblar.
Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev çıxış zamanı bildirildi ki, vebinarın məqsədi mədəniyyətimizin təbliğində KİV-in mühüm rolunu bir daha vurğulamaqdır. O qeyd etdi ki, informasiya məkanında mədəniyyət mövzusu qədər həssas və müdafiəsiz bir sahə yoxdur. Mədəniyyət nümunələrimizin mənimsənilməsinə cəhdlər də buna misaldır. Mədəniyyətin təbliğində informasiyanın çoxluğu deyil, onun keyfiyyəti önəmlidir. Bilavasitə mədəniyyət üzrə ixtisaslaşmış jurnalist kadrların azlığı səbəbindən mövcud sahədə baş verənlərə və müşahidə olunan dünya tendensiyalarına peşəkar yorumların sayının azlığı səbəbindən mədəniyyət siyasətin qarşısında duran hədəflərə nail olunmasında müəyyən çətinliklər yaşanır. A.Usubəliyev xüsusi olaraq vurğulamışdır ki, Azərbaycan reallıqlarını nəzərə alaraq, internet məkanının ikinci cəbhə, jurnalistlərin isə ikinci ordu adlandırılması mümkündür.
.png)
.png)