Bir kralı və bircə məmuru olan ölkə... Elçin Hüseynbəyli yazır

Elçin Hüseynbəyli

Bir kralı və bircə məmuru olan ölkə...

("Paralel dünyalar" silsiləsindən)

... Bura böyük bir ada - şəhər idi. Şəhərin giriş qapısından içəri keçdik. Ala-bəzək geyinmiş insanlar nəyisə bayram edirdilər. Göydə rəngbərəng şarlar və şar balonları  uçuşurdu. Atəşfəşanlıq hər yeri bürümüşdü. Birdən insan axının içindən kimsə qışqırdı: ora baxın, özünü atdı. Biz o göstərən tərəfə baxdıq. Kimsə qüllənin başına dırmaşmış adamların içindən özünü atmışdı və kəllə-mayallaq yerə gəlirdi. Amma o, yerə dəyməmiş dayandı, rezin kəndir onu yuxarı dartıb buraxdı. Bu hərəkət bir neçə dəfə təkrar olundu və nəhayət, o yerə düşüb, belindəkini açdı. Birdən kimsə böyürdən dedi:

-Ən maraqlı hadisələr bundan sonradır.

Yad adama baxdım. O, heç nə olmayıbmış kimi:

-Mən sizi dərhal tanıdım, siz bura adamı deyilsiniz, -dedi.

Təəccübləndik.

-Sizi tanımaq elə də çətin deyil. Bir əyin-başınıza baxın.

Pal-paltarımız baxdıq və qəribə heç nə görmədik.

-Onlara da baxın.

İndi fikir verdik. Adamların hamısı qurşaqdan aşağı lüt idilər.

-Bu yalnız bir gün belə olur. Azadlığın rəmzi kimi...

Mən istər-istəməz ona da baxdım. Həmin adam qurşağa qədər geyinmişdi. Dizindən paçasına qədər şalvarı da vardı, amma onun da məlum yeri çöldə qalmışdı.

-Mən nəzarətçiyəm, - dedi, - qonaqları qəbul edirəm. Sizsə mənim ilk qonaqlarımsınız.

- Bura haradır? -deyə xəbər aldım.

-Bura Lubey  dövlətidir: Azad Lubey respublikası.

-Eramızdan əvvəl 326-cı ildə əsası Gəncə tərəfdə qoyulub. Adı da Ulubəy xanlığıdır. - Bunu da qəfil Xalıq dedi.

Hamımız təəccüblə ona baxdıq.

-Mən bu məlumatı ensiklopediyadan oxumuşam: yeganə kralı və xarici işlər naziri olan krallıqdır. Başqa heç bir dövlət qurumu yoxdur.

-Orası düzdür. Bəs sonra  nə bilrisiniz?

-Heç nə. Orda bura qədər yazılmlşdı, -deyə Xalıq çiynini çəkdi.

-İldə bir dəfə kralımız hökmranlığını yerə qoyur və öz evinə çəkilir. Qüllədən birinci atılan adamı lüt soyundurur, ədviyyalayır, sonra kral paltarı geyindirib taxta oturdurlar. Həmin adam, yəni  birgünlük kral istədiyi əmri verir...

-İndi şəhərimizin sakinləri kralın evinə gedirlər. Bayram günü münasibətilə o, xalqa müraciət edəcək.

-Nə bayramıdır ki? - soruşdum.

-Azadlıq və xilas bayramı. Bu barədə sonra sizə danışaram.

Biz kralın evi deyilən yerə çatdıq. Yertəni, sadə bir ev idi. Adamlar onun pəncərəsinin qabağına toplaşmışdılar. Pəncərənin pərdəsi aralandı və sarı saqqal, qıvrım saç, cavan, amma nurani kralın üzü göründü. Adamlar onu alqışıadılar və  kralın şəninə şüarlar söylədilər.

Kral əlini yuxarı qaldırdı, adamlar sakitləşdi:

-Əziz xalqım! Mən sizə xoşbəxtlik və firəvan həyat arzilayıram. Yeyin-için, şənlənin!

Kral bu sözləri deyəndən sonra pəncərədən çəkildi, pərdələr bağlandı. Adamlar isə qışqırışa-qışqırışa küçələrə çıxdılar.

-İstəsəniz sizə şəhərimizi göstərər və onunla tanış edərdim.

-İstəyirik, - Xalıq dedi.

O, cibindən pultu çıxardı və alabəzək şar balonlarının birini yanına çağırdı. Şar uçub gəldi və biz ona minib şəhərin üstünə qalxdıq.

-Azadlıq və xilas günü barədə danışın, -deyə Xalıq ona müraciət elədi.

Bu ada-şəhərdə cəmi 23 min 111 nəfər adam yaşayır. Son siyahıyaalmada belə göstərilib. Tarixi çox qədimdir. Bir zamanlar buranı ingilislər işğal edib, amma xəstəlik üzündən burda çox qala bilməyiblər: adamlar da, ingilis əsgərləri də qırılıb, yalnız bir neçə adam sağ qalıb. Bir dəfə okean balaca bir uşağı vurub sahilə çəxarıb. O, sağ imiş. Adamlar onun çantasından eliksirə oxşayan nəsə tapıblar və yaralarına sürtüb sağalıblar. Uşaq özünə gələndə adını soruşublar. "Lubey" - deyə o cavab verib.

-Yəni Ulubəy, -Xalqı dedi.

-Bəlkə də... amma bizimkilər onu Lubey kimi başa düşüblər. Həmin gündən dövlətimizin adı Lubey, bayramımız isə "Azadlıq və Xilas günü" adlandırlıb. Deyilənə görə, onun çantasındakı eliksir spirt olub. Qocalar belə söyləyirmişlər. Ona görə də bizim ölkəmizdə spirt müqəddəsdir, onu içmirlər, yalnız dərman kimi istifadə edirlər.

-Heyf! - Təlim köksünü ötürdü, amma bələdçimiz onun təəssüfünə fikir vermədi.

-O gördüyünüz abidə Lubeyindir. Çox hündürdür, qarşıdakı dağ bərabərindədir. Həmin dağda isə məbəddir - Lubey məbədi.

-Bəs o biri abidə kimindir, Karl Marksa oxşayır? - deyə Xalıq müdaxilə elədi.

-O da Lubeyindir. Burda hər şey Lubeyə məxsusdur.

-Bəs Roma papasına oxşayan abidə necə?

-O da Lubeyindir.

-Amma Roma papalarına oxşayır, - Xalıq əl çəkmədi.

-O mənada deyirsənsə, bizim dinimiz Lubey dinidir, yəni xaçpərəstlərə heç bir aidiyyatımız yoxdur.

-Deməli, hər şey Lubeylə bağlıdır, - mən dedim.

-Elədir.

-Tanış mənzərədir, -bunu da Təlim dedi.

-Bəs, niyə yalnız bir kral və bir xarici işlər naziri? -deyə soruşdum.

-Bilrisiniz, burda oğru yoxdur. Kim nəyi bacarırsa, o işi görür, sakinlərimiz varlarını səxavətlə bölüşürlər.

-Lap kommunizmdir ki! - Xalıq heyrətləndi.

-Yəni?

-Yəni hər kəsin bacarığına və hər kəsin tələbatına görə.

-Tamamilə doğrudur, deyə bələdçimiz məmnunluqla dedi və yaşıllığa bürünmüş şəhər barədə bizə xeyli məlumat verəndən sonra nahara dəvət elədi.

Nahar süfrəsi ucu-bucağı görünməyən yaşıl parkda salınmışdı. Süfrənin ətrafında, yəqin ki, bütün şəhər sakinləri yığışmışdılar. Süfrədə quş südünə kimi vardı.

-Yüzcə qram araq olsaydı! - Təlim köks ötürdü.

Nahardan sonra şəhər nəzarətçisi, yəni bizim bələdçimiz:

-İstəyirsinizsə, gedəcəyiniz yerə mənim şar balonumu götürün. Hara qədər istəsəniz uça bilər, yanacağı da qurtarmır, çünki hava ilə işləyir, -dedi.

-Minntədar olardıq, -dedim.

O, şarın səbətini yemək-içməklə doldurdu və pultu mənə verdi.

-Hara qədər istəsəniz uçun, sonra "qayıt" düyməsini basın, pultu isə səbətin içinə qoyun. O, mənim yanıma qayıdacaq dedi...

...Biz ucu-bucağı görünməyən nəhrin üstündən uçurduq. Okeanın üzərində çoxlu yelkənli qayıqlar zürdü. Bir xeyli keçdikdən sonra Təlim acdığını dedi. Elə hamımız yemək istəyirdik.

Azuqə bağlamalarını açdıq. Əsasən okean məhsullarından olan yeməklərin dadı burnumuza vurdu. Birdən Təlimin gözü bağlamanın dibində olan bükülüyə sataşdı və onu maraqla götürüb açdı. Bükülünün içində bir litrlik şüşə vardı, üstünə isə bu sözlər yazılmışdı: "Lubey şərabı (yalnız sizin üçün)". Təlimin uçmağa qanadı yox idi. Biz qarnımızı doyurandan, beynimizi dumanladandan sonra dərin yuxuya getdik və bir də ayıldıq ki, hansısa səhranın üstündəyik.

Aşağı endik.

-Burdan o tərəfə piyada gedəcəyik, -dedim.

-Bəlkə, balonu verməyək, laızm olar?

-Qonaqpərvərliyə bu cür cavab vermək olmaz. Həm də biz piyada getməliyik. Qarşıda bizi nə gözlədiyini öz gözlərimizlə yaxından görmək üçün, -dedim, pultu səbətə atdım və "qayıt" düyməsini basdım...

Iyul, 2020

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31