"O, bir çox yenilikləri ilk olaraq tətbiq edib"
22 İyul 2020 11:01 Sosial"Türküstan Media Qrupu"nun baş redaktoru Aqil Camal Yunus Oğuz adı, imzası ilə yeniyetmə yaşlarımdan tanış olduğunu qeyd edir:
"Əvvəl fotoşəkillərdə görmüşdüm. İlk dəfə 1990-cı ildə 28 May günü - Əlyazmalar İnstitutunun qarşısında Azərbaycan Xalq Cümhuriyyəti parlamenti ilə bağlı lövhənin açılış mərasimində... 90-ların sonlarında əyani tanışlığımız başladı.
Mən o dövrdə "Turan" Gənclər Təşkilatında birinci müavin idim. Yunus bəy Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin (ABUC) sədri olaraq həm Güney məsələsində, həm də digər miilli məsələlərdə xeyli aktiv mövqedən çıxış edirdi. Elə buna görə də, ofisinin qapılarını millətçi gənclər təşkilatları üçün açmışdı. Bir çox tədbirlərimizi Yunus bəyin "Torqovı"dakı ofisində keçirərdik. Elə əyani tanışlığımız da o zamandan başlayıb.
Sonrakı dövrdə mətbuat camiəsi müstəvisində daha çox təmaslarımız, görüşlərimiz, səfərlərimiz olub. Və "Türküstan" olaraq, Yunus bəyi digər media rəhbərlərindən özümüzə belə deyək ki, "bir köynək" yaxın bilmişik...
Yunus bəyin son 30 ildə izlədiyim ictimai-siyasi və media fəaliyyətində müşahidə və təqdir etdiyim bir neçə prinsip olub. O, bir çox yenilikləri ilk olaraq tətbiq edib. Başqalarından fərqli olaraq bir çox məsələlərdən də "şoru çıxmadan" uzaqlaşıb.
Azərbaycanın informasiya dəstəyinə ehtiyacı olduğu dövrdə "Olaylar" İnformasiya Agentliyini yaratdı. Və müəyyən zaman kəsiyində - medianın indiki kimi dövlət dəstəyi və geniş texniki imkanlarının olmadığı dövrdə, öz imkanları hesabına bu işi yürütdü.
Eyni zamanda, hələ Bütöv Azərbaycan Birliyi qurulmamışdan əvvəl Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyəti yaradıb, bu sahədə olan təşkilati boşluğu doldurmağa çalışıb.
Yunus Oğuz yaratdığı, rəhbərlik etdiyi partiyalarla fərqli bir siyasi sistemdə özünü təsdiq edə biləcək yetkin siyasi lider kimi parlaya və uğur qazana bilərdi. Fəqət, çağdaş Azərbaycan siyasi düzənində gerçək özünü təsdiqi görmədiyi üçün bu sahədə fəaliyyətini ucuzlaşdırmadan çəkildi. Və tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz üçün tarixi-bədii əsərlərini ərsəyə gətirdi. Ümumtürk tarixi üçün yazdığı əsərlər bütövlükdə Turan, Türküstan coğrafiyasında hadisəyə çevrildi.
Və məncə, bu addımları ilə ən doğrusunu, ən urvatlı olanı etdi.
Yunus bəyi yubileyi münasibətilə təbrik edirəm. Möhkəm cansağlığı, nəzərdə tutduğu bütün həfədlərinə çatmağı ulu Tanrıdan arzu edirəm."