"Yunus Oğuzun əsərlərində ideyalar var"
22 İyul 2020 11:00 SosialNasir, publisist, şair, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əkbər Qoşalı Yunus bəyi Milli Azadlıq Hərəkatındakı öncül iştirakından, "Ordu" qəzetinin baş redaktoru kimi fəaliyyətindən - ümumən, imzasından, ilk nazik kitablarından qiyabən tanıdığını bildirir: "Sonra mən Gənclər-İdman Nazirliyində çalışarkən, işim gərəyi Yunus bəyin qurduğu partiyanın gənclər təşkilatının tədbirlərinə qatılırdım və yaxud Yunus bəyin ictimai-siyasi həyata qazandırdığı dəyərli gəncləri vaxtaşırı müxtəlif ictimai və dövlət tədbirlərində görürdüm. Beləcə, bağlar yarandı aramızda - qiyabən tanıdğım Yunus bəylə şəxsən tanış olduq, mənimçün kitablarını imzaladı; necə deyərlər, qarşılıqlı maraq doğuran məsələləri müzakirə imkanı qazandıq.
Sonralar "OLAYLAR" təsis olundu. Bir zamanlar "OLAYLAR", demək olar, 1 saylı müstəqil informasiya agentliyi halına gəlmişdi. Həm agentlik, həm qəzet ömrü yaşayan "OLAYLAR" o gün-bugündür yeni nəsil imzalarına ürəkaçıqlığı ilə meydan verir. Yunus bəyin qurdğu ictimai-siyasi təşkilatlar kimi, qəzet və agentliyindən də onlarla imza üzə çıxdı, tanındı, sevildi.
Daha sonralar Yunus bəy tarixi romanlar yazmağa başladı. Tariximizin fərqli dövrlərinə və qəhrəmanlarına ardıcıl müraciətlər Yunusca və Oğuzcadır - yəni, Yunus Oğuzca.
Yunusca - sanki bir missiya ilə yükümlüdür və məhz o, bu missiyanı daşımalı, bu romanları yazmalı, xalqa tarixi həqiqətləri deməlidir; Oğuzca - tarix şüurunu məhz milli düşüncə ilə yoğurur-yapır.
Yunus Oğuzun əsərlərində ideya(lar) var. Nə yaxşı ki var! O ideyalar millidir və Asif Atanın "Milli olmayan bəşəri ola bilməz" düstur kəlamını təsdiq edirmişcəsinə bəşəridir həm də. Yunus Oğuzun kitabları türk dünyasında tanınma və nəşr edilmə yoluna çoxdan daxil olub. Özəlliklə, qardaş Özbəkistanda Yunus Oğuz imzası əməlli-başlı ün qazanıb. Nəhayət, günlərin bir günü Yunus bəylə yol yoldaşı olduq. Bakı-Kazan-Bakı uçaq yolçuluğu, Kazanlı günlər... bizi daha da doğmalaşdırdı. Yunus bəy dostlarına, dostluqlara özünəxas ülvi duyğularla və ərklə yanaşan, özü də ərki qəbul edən insandır. Yunus abi, əfəndim-abi, qardaş, başqan, şef... - ona fərqli müraciətlər eşidərsiz, sanki bu müraciətlərin hamısını bir adam deyir, yaxud hamı bu müraciətlərin hər birini eyni zamanda deyir, qəbul edir...
Yunus bəy dostlarını bir-biri ilə də dost qılan abidir; Yunus bəy komplekssiz insandır; başqa məziyyətləri də var, əlbəttə. O qədər yazılası söz var... yazsam, yubiley təbriki yox, tərif yazısı olacaq. Elə bilirəm, Yunus bəy təbriki qəbul edər, tərifi yox...
Əziz Yunus bəy, 60 illik əlamətdar yubileyiniz qutlu olsun!
Qələminizə qüvvət!"