"Yunus Oğuza rəhbər olması ilə yanaşı, həm də dost kimi güvənmişəm"

Vaxtı ilə Olaylar.az İnformasiya Agentliyində çalışmış, hazırda Trend Beynəlxalq İnformasiya Agentliyinin əməkdaşı Samir Əli də Yunus Oğuzu təbrik edən şəxslər sırasındadır:

"Yunus Oğuzu hər an dövlət və dövlətçilik naminə çalışan, həyatını xalqın maariflənməsinə həsr edən bir şəxsiyyət kimi tanımışam. Yunus bəylə 2003-cü ildə tanış olmuşam. Tanış olduğum gündən onu əsl şəxsiyyət, vətənpərvər, Azərbaycanın suverenliyi, müstəqilliyinin möhkəmlənməsi, Bütöv Azərbaycan üçün çalışan şəxs kimi tanıdım. Yunus bəyin ürəyi daim Qarabağ, Təbriz, Dərbənd, Zəngəzur, Göyçə adları ilə döyünür. Bu insanın ürəyi daim vətən həsrəti ilə döyünür. Ən böyük amalı isə Türkçülükdür! Sadə, olduqca səbrli olan Yunus Oğuz rəhbərlik etdiyi "OLAYLAR" İnformasiya Agentliyi və eyniadlı qəzetin kollektivi arasında da həmişə vətənpərvərliyi ilə seçilib. Daim kollektivin qayğısına qalan, işçilər arasında heç bir fərq qoymayan bir şəxsdir Yunus bəy. Bu kollektivdə 12 ildən artıq işlədim. 10 ilə yaxındır ki həmin kollektivdə işləməsəm də, həmin kollektiv mənim üçün bu gün də bir ailədir. "OLAYLAR" mənim üçün həqiqətən bir ailə olub və bu gün də eyni fikirdəyəm. "OLAYLAR"ın kollektiv kimi formalaşması da əsasən Yunus bəyin səyi nəticəsində olub. Məncə bunu orda işləmiş və hazırda da işləyən dostlar hamısı təsdiqləyir. İşçi ilə səmimi münasibət, hər hansısa bir əməkdaşın problemi olarsa dərhal o problemə reaksiya vermək və imkanı daxilində həmin problemin həllinə nail olmaq Yunus Oğuzun iş prinsiplərindən biri, bəlkə də birincisi idi. Yadımdadı, hardasa 2004-2005-ci illər idi. Bir qurum barədə reportajımda müsahibin səs yazısını yazmamışdım, sadəcə qeydlər aparmışdım. Həmin qeydlər əsasında da yazı yazmışdım. Yazı tənqidi olduğundan ictimaiyyətdə böyük rezonans doğurdu və həmin qurumdan mənə təzyiqlər olunmağa başlandı. Hətta qurum rəhbəliyindən bəziləri məni iş yerimə şikayət edəcəkləri və hətta məhkəməyə verəcəkləri ilə hədələyirdilər. Düzü, çox qorxurdum, həm işimi itirməkdən, həm də məhkəmə təzminatından. Heç kimə qorxumdan heç nə demirdim. Otaqda qanıqara oturduğum vaxt dedilər ki, Yunus bəy məni çağırır. Çıxdım ki Yunus bəy ofisin dəhlizində məni axtarır. Getdim, nədən narahat olduğumu soruşdu və məsələni dedim. Bildirdim ki müsahibin səs yazısını yazmamışam və həmin şəxs də dediklərini inkar edir. Onu da qeyd etdim ki, məni işdən çıxaracaqları ilə hədələyirlər. Heç nə düşünmədən Yunus bəy gülümsəyərək əlini çiynimə qoyub "Narahat olma, səni işə onlar deyil, mən götürmüşəm və mənim işçimi məndən başqa heç kim işdən çıxara bilməz" deyib yenidən işimə davam etməyi tapşırdı. Həqiqətən də söhbət mənim iştirakım olmadan həll olundu. Ondan sonra Yunus bəy uzun müddət həmişə məni görəndə "Səni bu ay kimsə işdən çıxarmaqla hədələməyib?" deyə zarafatlaşırdı. Həmişə də reportajlara gedəndə birinci sözü o olurdu ki, heç kimdən və heç nədən çəkinmədən reportajını hazırla, qorxma. Və mən o gündən mediada güvənməyə dayaq tapdım özümə. Yunus Oğuz həqiqətən dostluqda, yoldaşlıqda güvəniləsi, etibarlı şəxsiyyətdir. Şəxsən mən "OLAYLAR" kollektivində Yunus Oğuza rəhbər olması ilə yanaşı, həm də dost kimi güvənmişəm və bu vaxta qədər də güvənimdə yanılmamışam. İyulun 22-də Yunus Oğuzun 60 illik yubileyidir. Təbrik edirəm, bəy! O gün olsun növbəti doğum gününüzü işğaldan azad olunan torpaqlarımızda qeyd edək. Allah bizə Bütöv Azərbaycanı görməyi nəsib etsin!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31