"Altıncı onilliyin sabaha düşən işığı"
22 İyul 2020 10:58 SosialƏməkdar jurnalist, "İki Sahil" qəzetininbaş redaktoru Vüqar Rəhimzadə: "Boyük Çin filosofu Konfutsi deyir ki, hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir: "Ömür yolumuzun zənginliyi həqiqətən də əməllərimizdə, fəaliyyətimizdə real təcəssümünü tapır. Dərk edilmiş məsuliyyətdən irəli gələn bu fəaliyyət həm də şəxsiyyət ucalığına nail olmuş insanların cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirir. Yəqin elə buna görədir ki, xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, illəri izlərdə yaşatmaq xoşbəxtliyi heç də hamıya nəsib olmur.
Cəmiyyətə xüsusi təqdimata ehtiyacı olmayan yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz altıncı onilliyin zirvəsindən geri baxdıqda bu xoşbəxtliyi yaşayanlar sırasında olduğunu böyük fəxr hissi ilə qeyd edə bilər. Onun yazdığı əsərlərin mahiyyəti elədir ki, onları bütün kateqoriyadan olan oxucular- istər gənclik, istərsə də yaşlı nəsil maraqla oxuyurlar. Bu, yazar üçün ən böyük xoşbətlik, uğur, ən böyük mükafatdır. Tarixi şəxsiyyətlərimizdən bəhs edən onlarla romanın müəllifi olan yazıçının əsərlərinin bir çox ölkələrdə təqdimatı keçirilib, ayrı-ayrı dillərə tərcümə olunub. 1995-ci ildən "Olaylar" qəzetinin və "Olaylar" informasiya agentliyinin baş redaktoru olan Yunus Oğuz dövlətimizin azad mətbuatın inkişafına yaratdığı imkanlardan maksimum istifadə edərək rəhbərlik etdiyi mətbu orqanın da daim dövrün və zamanın tələblərinə uyğun təkmilləşməsi istiqamətində mühüm addımlar atır. Hər bir KİV-in ona rəhbərlik edən şəxsin siması olduğunu nəzərə alsaq, "Olaylar" Azərbaycan media məkanında özünü təsdiqləmiş informasiya vasitəsi kimi qəbul olunur.
Bir sözlə, 60 ilin özündə topladığı təcrübə, inam, etimad, davamlı uğurlar qarşıdakı dövr üçün möhkəm baza rolunu oynayır. Bu yolda Yunus Oğuza cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Ərsəyə gətirdiyi hər bir əsəri, rəhbərlik etdiyi mətbuat orqanının hər bir uğuru Yunus Oğuz yaradıcılığının, daxili dünyasının, əqidəsinin, gələcəyə baxışının təqdimatıdır. Bu təqdimatlarının zəngin olması arzusu ilə..."