"Yunus bəy müstəqil, suveren, demokratik Azərbaycanın yaşaması üçün çalışır"
22 İyul 2020 10:56 SosialJurnalistlərin Həmkarlar ittifaqının sədri Müşfiq Ələsgərli Yunus Oğuzu təbrik edərkən bildirib ki, Yunus Oğuz jurnalistdir, yazıçı publisistdir, siyasətçidir: "Zahiri görünüşcə, 3 müxtəlif sahədə fəaliyyət göstərir. Amma reallıqda, Yunus bəy öz iradəsi və fəaliyyəti ilə ən müxtəlif istiqamətlər arasında vahid bir xətt, bağlılıq yarada bilib, hər üç sahəni vahid bir ideala-"Bütöv, Böyük Azərbaycan" ideyasına xidmət halına gətirib. Yunus bəy müstəqil, suveren, demokratik Azərbaycanın yaşaması üçün çalışır.
"Olaylar" informasiya agentliyi Azərbaycanın müstəqillik hərəkatı ilə yaşıddır, suveren dövlətimizin informasiya ruporlarındandır. Yunus Oğuz "Olaylar"ı milli-mənəvi dəyərlərimizin təbliğatçısı, milli hədəflərimizin təşviqatçısı kimi yaradıb. Müəllifi olduğu tarixi romanlar isə milli özünüdərk yolunda bələdçidir. Siyasi fəaliyyətində də bu istiqaməti bayraq edib. Bir sözlə, "Bütöv, Böyük Azərbaycan məfkurəsi" Yunus Oğuzun həm jurnalistik, həm bədii yaradıcılığında, həm də siyasi fəaliyyətində vahid konsepsiya olaraq görünür.
Azərbaycanda KİV qurumları çoxdur, sayı minlərlədir. Amma bu minlərin sırasında uzun müddətli, müntəzəm, sistemli fəaliyyət göstərmək, məktəbə çevrilmək şansı az sayda redaksiyalara nəsib olub. "Olaylar" məktəb olmaq şansı qazananlar sırasındadır. Bu o deməkdir ki, Yunus Oğuzda gördüyü işə peşəkar yanaşmaq, işini tamamlamaq bacarığı var, bu bacarığı təmsil olunduğu bütün sahələrə tətbiq edir.
Yunus bəy böyük ürək sahibi, sadə insandır; eqoizmdən, qısqanclıqdan uzaqdır, yardımsevərdir. İçində vətən sevgisi, baxışında Azərbaycançılıq ideyası olan gənclərə dayaq durduğunun şahidiyəm. Sevinirəm ki, jurnalistik karyeramda bir mərhələ olaraq "Olaylar" İnformasiya Agentliyi də var. Bu insanla, bu məktəblə yaxından tanış olmaq imkanım yaranıb.
Yunus Oğuzu 60 illik yubileyi münasibətilə təbrik edirəm. Ona uzun ömür, can sağlığı arzulayıram, fəaliyyətini uzun müddət davam etdirməsini diləyirəm."