O, hər zaman qəlbinin hökmü ilə danışıb..."
22 İyul 2020 10:55 SosialAlim, televiziya jurnalisti, pedaqoq, Sənətşünaslıq namizədi, dosent Etibar Babayev:
"Ömür sarayının 60-cı pilləsinə qədəm basan bir dostum var. Onu fərqləndirən, cəmiyyətə sevdirən nadir xüsusiyyətlər çələngi həyat tərzinə, baş verən hadisələrə münasibətinə, bədi-publisistik yaradıcılığına, ictimai-siyasi fəaliyyətinə də ciddi təsir göstərib. Nəticədə öz koloriti, davranış tərzi, təbiiliyi, səmimiyyəti, riyasız-boyasız siması, xoş avazlı sədası ilə sayılıb-seçilən, sözü boğazdan, deyil ürəyindən su içən dəyərli şəxsiyyət yetişib. Hay-küylə yox, elə-obaya gərəkli əməliylə nüfuz qazanıb.
Cavanlıqdan dəblə geyinməyi xoşlayan zahirən yaraşıqlı dostum heç vaxt dəbə, siyasi konyukturaya görə kiməsə baş əyməyib. O, hər zaman qəlbinin hökmüylə danışıb, sağlam əqidəsini əlində bayraq edərək ömür sürüb. Bu gün altmışıncı qata ücalsa da, çevrəsində kimsəyə yuxarıdan aşağı nəzər salmır. Amma hamıya bir gözlə baxan dostum, hamıya öz çəkisinə görə qiymət verməyi də bacarır.
Allahın verdiyi ömür payının hər anını qənaətlə, imanla, ilhamla yaşayan dostumun ayrıca Xızı dağlarında "Azadlıq adası"da var. Yarı gerçək, yarı xəyali məkanın sərhədçisi də, keşikçisi də, bələdçisi də onun özüdür. Bu aləmdə rüşvət yox, minnət yox, hörmət var. Satqınlıq, xəbislik, xəyanət yox, sədaqət var. Notarius möhürü də gərək deyil. Çünki, ortada KİŞİ sözü, halal süfrə var. Günəşdən qaçıb gizlənənlər, müvəqqəti daldalanmaq üçün kölgə axtaranlar, hansısa sehirli çubuğun möcüzəsinə güvənənlər oranın yolunu tanışdılar. İnanıram ki, pandemiya təhlükəsi sovuşandan sonra Yunus Oğuz məhz, o məkanda öz seçilmiş dostlarının təbrikləriini bir-bir dinləyəcək, 100 faiz səmimiyyət keyfiyyəti ilə söylənənləri eşitdikcə sevincindən özünə güvən hissi artacaq və bundan sonra mənalı ömür yoluna şərəflə davan edəcək.
Biz dəvəti gözləyirik, əziz dostum Yunus Oğuz!"