"Yunus Oğuzun mükəmməl bir türkçü olmağını təkcə əsərlərinin mahiyyəti deyil, elə soyad kimi qəbul etdiyi "Oğuz" sözü də təsdiqləyir"
22 İyul 2020 10:47 SosialProfessor, filologiya elmləri doktoru Cahangir Məmmədli tarixi əsərlər müəllifi, publisist Yunus Oğuzu təbrik edən şəxsiyyətlər sırasındadır:
Xalq arasında belə bir deyim var: Doğum tarixi bayram günü ilə üst-üstə düşən insanı xoşbəxtlik gözləyir. Yunus Oğuzun doğum günü onun özünün də ömrünü, şüurlu həyatını həsr etdiyi milli mətbuatımızın doğum gününə təsadüf edir. Yəqin hələ uşaqkən hər dəfə ad gününü evdə bayram edən doğmaları milli mətbuatımızın hansısa ildönümü münasibətilə onu təbrik ediblər və balaca Yunus lap elə uşaq yaşlarından H. Zərdabini tanıyıb, klassik mətbuatımızın ənənələrinə bələd olub.
Yunus Oğuz polifonik - çoxtərəfli yaradıcı şəxsiyyətdir. O, Azərbaycan bədii ədəbiyyatında öz yerini çoxdan təsdiqləmiş bir yazıçıdır. Milli tariximizə sevgi dolu bir ömür yaşayan Yunus Oğuz M. S. Ordubadi, M. İbrahimov, İ. Muğanna və s. kimi böyük sənətkarlara ünvanlanaraq bu tarixi bədii həqiqətlərə çevirib və geniş oxucu kütləsinin, ədəbi tənqidin rəğbətini qazanıb. O, belə bir həqiqəti qəbul edib ki, tarixi təkcə dərsliklərlə öyrətmək azdır. Azərbaycan xalqının bədii ədəbiyyata olan marağı diqtə edir ki, bu tarixi həm də bədii formatda öyrədəsən. Yunus Oğuz bu həqiqətə sadiq qalmaqla bədii əsərlərini tariximizə, həm də təkcə Azərbaycan yox, bütövlükdə türkçülüyün tarixinə həsr etdi və etməkdədir.
Yunus Oğuz ciddi və peşəkar mətbuat adamıdır. Onun təsis etdiyi "Olaylar" qəzeti, "Olaylar" İnformasiya Agentliyi özünün peşəkarlığı, hadisələrə dəqiq, qərəzsiz və həm də vətəndaşlıq mövqeyindən yanaşması ilə özünəməxsus jurnalistika məktəbi yaratmışdır. Yunus Oğuzun rəhbərlik etdiyi mətbuat sistemi (məhz sistemi) Azərbaycan və azərbaycançılığı qürurla daşıyan qurumlardır.
Yunus Oğuz klassik jurnalistikamızın Vətən üçün yanan nümayəndələrinin yolunu örnək tutan bir ədibdir. Cəlil Məmmədquluzadə, Ə. Haqverdiyev, M. S. Ordubadi, M. Cəlal, İ. Əfəndiyev, R. Rza kimi böyük söz ustadlarımız öz estetik ideallarını xalqa çatdırmaq üçün ədəbi yaradıcılığın az qala bütün növlərindən və janrlarından istifadə etmişlər. Yunus Oğuz bu məktəbin davamçısı kimi ədəbi-bədii yaradıcılığın bir çox istiqamətindən istifadə ilə öz sözünü deməkdədir. Bu mənada onun telejurnalist yaradıcılığı da xüsusi diqqətə layiqdir. Yunus Oğuz teleefirdə görünmək xatirinə televiziyaya üz tutmadı. Onun "Yaddaş" adlı müəllif proqramı birbaşa maarifçilik missiyası daşıyırdə. Proqram Azərbaycan ədəbiyyatı, tarixi, jurnalistikası, incəsənətinə bağlı klassik simalarımızı yenidən xatırlamaq və onları gənc nəslə tanıtmaq məqsədilə yaranmışdır. "Yaddaş" proqramında öz həyatını Vətənin azadlığı yolunda fəda etmiş ədəbi fədailəri, mətbuatımızda misilsiz maarifçilik işi görmüş klassik jurnalistlərimizi yenidən görmüşük, yenidən xatırlamışıq. Yunus Oğuz bu proqrama hər adamı dəvət etmirdi. Ora dəvət olunan adam haqqında söz açacaq ədəbi simalara özü də yaxın olmalı, özü də Vətən sevgisi ilə yaşayan şəxsiyyət olmalı idi. Mən hər buraxılışını maraqla gözlədiyim "Yaddaş" proqramında müasir günlərimizdə klassik yaradıcı şəxsiyyətə çevrilmiş yazıçı Anarı görmüşəm, hərtərəfli savadı ilə bu günkü maarifçiliyin zirvəsində dayanan akademik Nizami Cəfərovu görmüşəm, klassik maarifçilərimizin əsərlərini yenidən və təmənnasız olaraq nəşr etdirərək yeni nəslə çatdıran, azərbaycançılıq ideologiyasının tədqiqatçısı Sona xanım Vəliyevanı görmüşəm, akademik İsa Həbibbəylini görmüşəm, millət vəkili Qənirə Paşayevanı, akademik Teymur Kərimlini, akademik Möhsün Nağısoyu... görmüşəm.
Mübaliğəsiz demək olar ki, "Mədəniyyət" TV kanalından efirə çıxan "Yaddaş" yaddaşlarımızı təzələyən və tamaşaçıda Vətən, millət sevgisini ucaldan bir tipoloji formatdır.
Yunus Oğuz mükəmməl bir vətəndaşdır. O, Şirvanda doğuldu, amma bütöv Azərbaycanı, onun tarixini təkcə ədəbiyyat adamı kimi deyil, həm də bir vətəndaş kimi sevdi. Ayrı cür də ola bilməzdi.
Yunus Oğuzun mükəmməl bir türkçü olmağını təkcə əsərlərinin mahiyyəti deyil, elə soyad kimi qəbul etdiyi "Oğuz" sözü də təsdiqləyir. Mən, adətən, Bakıdan Qarabağa, Qarabağdan Bakıya Şamaxı-Qəbələ- Oğuz yolu ilə gedirəm və hər dəfə də Oğuzdan keçəndə Yunus Oğuz yadıma düşür, onun Vətənə bağlı soyadına bir az da qibtə edirəm.
Yunus Oğuz yaxşı dostdur. Azərbaycanın görkəmli ziyalılarının hamısı onun dostlarıdır. Dostluq asan şey deyil. Mən dünən kiməsə dost deyib ondan təmənna güdən, həmin adamın ayağı bir balaca büdrəyən kimi ona hamıdan artıq balta çalanları da çox görmüşəm. Yunus Oğuz dosta sədaqətli bir ziyalıdır. Bəzən mənə elə gəlir ki, əsərlərinin bütün oxucuları Yunus Oğuzun dostlarıdır.
Yunus Oğuz rəhbərlik etdiyi mətbuat qurumlarına jurnalist seçimində çox diqqətli adamdır. Qurumun əməkdaşları mütləq jurnalistikanın yaradıcılıq prinsiplərinə bələd olmalı, dəqiqlik, qərəzsizlik, balanslılıq, ədalətlilik, vicdanlılıq kimi qızıl qaydaları gözləməlidir. "Olaylar" da bütün bu yaradıcılıq keyfiyyətlərinə əməl edən, bu qəzeti və informasiya agentliyini məhz bu keyfiyyətlərinə görə oxucuya sevdirən jurnalistləri mən də yaxından tanıyıram və onlara çox böyük hörmətim var.
Azərbaycan və bütövlükdə türk dünyasının yaxından tanıdığı, bədii əsərləri Orta Asiyadan tutmuş Türkiyəmizə qədər neçə-neçə ölkədə nəşr edilmiş və elə həmin ölkələrdə çoxsaylı təqdimatı keçirilmiş Yunus Oğuz yaradıcılığı 22 iyul 1960-cı ildən başlayıb bu gün özünün zirvə anına yetişməkdədir. Zirvəyə gedən yolda bu mükəmməl azərbaycanlı oğluna uğurlar arzusu ilə!