Daha bir beynəlxalq uğur

İyulun 21-də virtual olaraq keçirilən Kiber Fəza Riyaziyyat Olimpiadasının (Cyberspace Mathematical Competition) nəticələri elan olunub. Nəticələrə əsasən, Azərbaycan məktəbliləri 1 gümüş,  6 bürünc medal və 1 həvəsləndirici mükafat əldə ediblər.

Olaylar.az bildirir ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Abbas Məmmədov gümüş, həmin liseyin 11-ci sinif şagirdləri Murad Ağazadə və Fərid İsmayılov,  9-cu sinif şagirdi Toğrul Abbasov, Bakı şəhəri 220 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Yusif Qasımov, Bakı şəhəri 257 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Fidan Qarayeva və Humanitar Fənlər təmayüllü məktəb-liseyin 10-cu sinif şagirdi Aysun Bayramlı bürünc medal qazanıblar. Təhsil Nazirliyinin tabeliyindəki Fizika riyaziyyat və informatika təmayüllü liseyin 9-cu sinif şagirdi Amin Cəfərzadə isə həvəsləndirici mükafata layiq görülüb.

Qeyd edək ki, 12-14 iyul 2020-ci il tarixlərində virtual olaraq Kiber Fəza Riyaziyyat Olimpiadası keçirilib. İki gün keçirilən olimpiadada iştirakçılara 4 məsələ təqdim edilib və onların həlli üçün 5 saat vaxt verilib. Beynəlxalq Riyaziyyat Olimpiadasında (İMO) iştirakı nəzərdə tutulan ölkələrin milli komandaları daxil olmaqla,  bilik yarışına ümumilikdə 75 ölkədən 555 məktəbli qatılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31