145 yaşlı Milli Mətbuatımız
22 İyul 2020 09:30 SosialDünəndən bu günə nə dəyişib?
Bu gün Azərbaycan mediasının, kütləvi informasiya vasitələrinin yubileyidir. Dahi mütəfəkkir Həsən bəy Zərdabinin 1875-ci il, iyul ayının 22-də təsis etdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan Milli Mətbuatın bu günlər 145 yaşı tamam olur. Ötən 145 ildə çətin və çətin olduğu qədər də şərəfli yol keçən Azərbaycan mediası, kütləvi informasiya vasitələri günümüzdə özünün inkişaf, tərəqqi dövrünü yaşayır. Bu inkişaf, tərəqqinin təməlində isə hər bir sahədə olduğu kimi, media sahəsində də ümummilli lider Heydər Əliyevin atdığı inqilabi addımlar dayanır. Bəli, heç bir mübaliğə olmadan, tam əminliklə deyə bilərik ki, Heydər Əliyev Azərbaycan mediasının, kütləvi informasiya vasitələrinin inkişafı istiqamətində inqilab xarakterli addımlar atıb. Ümummilli liderin qeyd etdiyimiz sahədə atdığı məqsədyönlü addımlar təkcə müstəqillik illərində qeydə alınmayıb. Eyni zamanda ulu öndərin keçmiş SSRİ-nin zamanında Azərbaycana rəhbərlik etdiyi illərdə də medianın, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi istiqamətində ümummilli lider tərəfindən məqsədyönlü addımlar atılıb. Təsadüfi deyil ki, sovetlərin zamanında Heydər Əliyev ittifaq ölkələri içərisində media, kütləvi informasiya vasitələrinə ən açıq olan Mərkəzi Komitə sədrlərindən biri kimi tanınırdı. İttifaq ölkələrinin mətbuat nümayəndələri, jurnalistləri öz ölkələrinin liderləri ilə görüşüb, onlardan müsahibə ala bilmədikləri halda, Heydər Əliyevlə asanlıqla görüşə bilir, onunla müxtəlif mövzular ətrafında müzakirələr aparır, söhbətlər edirdilər. Həmçinin, Heydər Əliyev Kommunist Partiyası Mərkəzi Komitəsinin yerli səviyyədə büro iclaslarının toplantılarını jurnalistlərin iştirakı ilə keçirən nadir liderlərdən idi. Hətta bir sıra hallarda o zaman televiziya kanalı və dövrü mətbuatda əksini tapan hər hansı bir sosial problem barədə də xüsusi toplantı çağırmaqla media, mətbuata nə dərəcədə önəm verdiyini sübuta yetirən məhz ümummilli lider Heydər Əliyev idi. Ona görə də qeyd etdiyimiz kimi, Heydər Əliyev sovetlərin zamanında media, kütləvi informasiya vasitələrinə ən açıq lider hesab edilirdi. Bu həm də ümummilli liderin azad söz, fikir, söz, məlumat azadlığına nə dərəcədə önəm verdiyini göstərirdi.
***
Eyni müsbət tendensiya, yanaşma Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra da davam etdi. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev elə ilk günlərdən kütləvi informasiya vasitələri, media ilə yaxından əməkdaşlığa üstünlük verdi, media ilə sıx əməkdaşlıq etməyə başladı. Məhz media, kütləvi informasiya vasitəsinə göstərdiyi diqqət və qayğı və verdiyi önəmin bariz nümunəsi idi ki, 1993-cü ilin iyun hadisələri zamanı Gəncədə baş verən silahlı insident, hərbi qiyam cəhdi, bu qarşıdurma zamanı yaşanan olaylarla yaxından tanış olmaq üçün Gəncəyə getməyi planlaşdıran Heydər Əliyevi həmin nəfərdə onlarla yerli və xarici media qurumu, telekanallar müşayiət edirdi. Bu bir tərəfdən media, kütləvi informasiya vasitələrinin Gəncədə baş verənlərə olan marağı, həmin hadisələri cəmiyyətə çatdırmaq istəyindən irəli gəlirdisə, digər tərəfdən Heydər Əliyev şəxsiyyətinə olan inamdan, etibardan qaynaqlanırdı. Bir qədər də konkretləşdirsək, mətbuat, kütləvi informasiya vasitələrinin nümayəndələri Gəncəyə getməyi nə qədər təhlükəli, həyatlarına riskli hesab edirdilərsə, bir o qədər də yanlarında Heydər Əliyev kimi dahi bir siyasətçinin olduğundan dolayı özlərini təhlükəsiz, güvəncli bilirdilər.
***
Beləliklə, ümummilli lider Heydər Əliyev Gəncədə yaşananlara aydınlıq gətirdikdən, ölkədə siyasi sabitliyə nail olduqdan sonra, bütün sahələrdə olduğu kimi media, kütləvi informasiya vasitələri ilə iş sahəsində də məqsədyönlü addımlar atdı, bu sahənin inkişafı üçün mühüm qərarlar qəbul etdi. 1998-ci ildə sovetlərin zamanından qalmış senzuranın ləğvi, qəzetlərin Azərbaycan nəşriyyatına olan borclarının müəyyən müddət üçün dondurulması ümummilli liderin mətbuata, mediaya diqqət və qayğısının təzahürü, sübutu idi. Bu həm də yeni dövrdə, müstəqillik illərində Azərbaycan mətbuatı, kütləvi informasiya vasitələrinin yeni dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində atılan mühüm, tarixi addımlar idi. Heydər Əliyev Azərbaycan mətbuatının, mediasını müasir dövrün, müstəqil dövlətin əsas demokratik norma və prinsiplərinə xas tərzdə, azad və demokratik olmasını istəyirdi. Elə 1998-ci ildə ümummilli liderin senzuranı ləğv etməsi də məhz bu istək və arzudan irəli gəlirdi. Təsadüfi deyil ki, mətbuatın dəyər qazanması, ona hörmət edilməsi, cəmiyyətdə önəmli rola malik olması da məhz Heydər Əliyevin zamanına təsadüf etdi. Elə mətbuatın dördüncü hakimiyyət funksiyasını yerinə yetirdiyi də məhz bu dövrdə, Heydər Əliyev hakimiyyətdə olduğu illərdə özünü açıq şəkildə sübuta yetirdi, təsdiqlədi. Həmin vaxta qədər mətbuatın dördüncü hakimiyyət olması yalnız sözdə öz əksini tapırdı. Lakin Heydər Əliyevin hakimiyyəti illərində mətbuatın dövrdüncü hakimiyyət funksiyasını yerinə yetirməsi əməldə də təsdiqni tapdı. Necə ki, Heydər Əliyev sovetlərin zamanında Mərkəzi Komitənin birinci katibi kimi partiyanın büro iclaslarını media, jurnalistlərin iştirakı ilə keçirirdi, bəzi hallarda qəzet səhifələrində, televiziya kanalında qaldırılan hər hansı sosial problem barədə toplantı çağırırdı, eləcə də müstəqillik illərində də ümummilli lider keçirdiyi əksər görüşlər, toplantılar, qəbullarını media, kütləvi informasiya vasitələri, jurnalistlərin iştirakı olmadan reallaşdırmırdı. Heydər Əliyevin müstəqillik illərində ölkəyə rəhbərlik etdiyi zaman keçirdiyi çoxsaylı görüşlər, səfərlərin canlı şahidlərindən biri də mən olmuşam.
***
Ümummilli liderin Azərbaycan mediası, kütləvi informasiya vasitələrinə nə dərəcədə önəm verdiyini onun çıxışlarından da aydın şəkildə görürük. Bu mənada mətbuat, kütləvi informasiya vasitələri barədə ümummilli liderin söylədikləri xüsusi diqqət çəkicidir. Heydər Əliyev jurnalistlər, kütləvi informasiya vasitələrinin fəaliyyətinə qiymət verərkən onlara obyektiv olmağı, doğru yazı, məqalə yazmağı tövsiyə edirdi. Həmçinin Heydər Əliyev deyirdi: "Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir".
Ümummilli lider Heydər Əliyev üçün ən başlıca prinsiplərdən biri də ədalət, doğru-düzgün mövqe ortaya qoymaq idi. Bütün sahələrdə haqq, ədalətin təmin edilməsini başlıca şərt hesab edən Heydər Əliyev eyni zamanda kütləvi informasiya vasitələrinin təmsilçilərinə, jurnalistlərə də ədalətli, obyektiv olmağı da tövsiyə edirdi.
Günümüzdə Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər bir sahədə olduğu kimi kütləvi informasiya vasitələri, mətbuat, media ilə iş sahəsində də Cənab İlham Əliyev Heydər Əliyev ideyalarını, siyasətini davam etdirərək bu sahənin təmsilçilərinə xüsusi diqqət və qayğı ilə yanaşır. Cənab İlham Əliyevin respublikaya rəhbərlik etdiyi 17 ilə yaxın müddət ərzində media, kütləvi informasiya vasitələri sahəsində atdığı addımlar, imzaladığı fərman və sərəncamlar mətbuatın inkişafında yeni bir mərhələ hesab edilir. Daha doğrusu, bu dövrü Azərbaycan mətbuatının müstəillik illərində inkişafının ikinci mərhələsi kimi də xarakterizə etmək olar. Azərbaycan mətbuatının, mediasının inkişafının, tərəqqisinin birinci mərhələsi isə təbii ki, Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev hakimiyyətdə olduğu bu illər ərzində Heydər Əliyevin başlamış olduğu böyük yolu davam etdirdi. Əgər Heydər Əliyev o dövrün iqtisadi imkanları baxımından qəzetlərin, kütləvi informasiya vasitələrinin Azərbaycan nəşriyyatına olan borclarını müəyyən müddətə dondurmuşdusa, Prezident İlham Əliyev bu borcları tamamilə ləğv etdi.
Sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, mətbuat nümayəndələrinin sosial-mənzil şəraitinin yaxşılaşdırılması üçün yaşayış binalarının tikilib istifadəyə verilməsi, media nümayəndələrinin fəxri adlarla təltif olunması və s. Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının aydın təzahürüdür. Onu da qeyd etmək lazımdır ki, dövlət başçısı İlham Əliyev də mediaya diqqət və qayğı göstərməklə yanaşı, haqlı olaraq bu sahənin təmsilçilərindən obyektiv olmağı, qərəzdən uzaq dayanmağı tövsiyə edir. Bu mənada Cənab Prezident deyir: "Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da jurnalistika həqiqəti əks etdirməlidir. Bu gün siz də yaxşı bilirsiniz ki, dünya miqyasında bu barədə danışmaq lazımdır, çünki heç də hər zaman belə deyil və biz görürük ki, dünyanın bir çox ölkələrində informasiya kampaniyaları aparılır. Bu kampaniyalar həm xarici, həm də daxili xarakter daşıyır - baxır gündəlikdə hansı məsələ dayanır. Təşkil edilmiş informasiya kampaniyaları, əlbəttə ki, hansısa məqsədləri güdür və bu məqsədlər bir çox hallarda həqiqətdən daha da önəmli faktor kimi qəbul edilir. Ona görə də hesab edirəm ki, jurnalistikada ilk növbədə həqiqət prinsipləri üstünlük təşkil etməlidir. Azərbaycan jurnalistikasına gəldikdə, mən deyə bilərəm ki, bizim jurnalistikamızda yoxlanılmamış, yaxud da yalan, qərəzli məlumatların sayı kəskin şəkildə azalıb. Bunu cəmiyyət də, jurnalistlər də görür, əlbəttə ki, bu onların fəaliyyəti nəticəsində mümkün olur. Bu, ilk növbədə, jurnalistlərin məsuliyyətinin artırılması nəticəsində baş verib. Ona görə də xahiş edirəm ki, jurnalistikada məsuliyyət məsələlərinə daha böyük diqqət göstərilsin. Bu da həqiqətlə, obyektivliklə paralel istiqamətdə gedən proseslərdir. Bu istiqamətdə son illərdə mən görürəm ki, Azərbaycan jurnalistikası daha da məsuliyyətli olub, daha da təmkinli olub, artıq nadir hallarda hansısa məsuliyyətsiz məlumatlara rast gəlmək olar, nadir hallarda insanları alçaldan, ləyaqətini aşağılayan, təhqiredici yazılara rast gəlmək olar".
145 yaşımız mübarək!
S.İsmayılbəyli