Yoluxmalar artdıqca, nəzarət əldən çıxır - Şahmar Mövsümov

Koronavirusda müsbət tendensiyalar müşahidə edirik. Lakin bu o demək deyil ki, biz koronavirusa qalib gəlmişik.

Bunu Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib: "Əgər biz qaydalara riayət etməsək, yenidən yoluxma halları artacaq. Bu isə yenidən sərt karantin rejiminə qayıtmağımıza səbəb olacaq. Heç kim bunu arzu etmir. Buna görə də məsuliyyətlə yanaşmalıyıq".

O bildirib ki, xəstə olan insanlar dərman qəbul edərək işə gedir: "Bu qətiyyən yolverilməzdir. Yoluxmalar artdıqca, nəzarət əldən çıxır. Hamımızın borcudur ki, qaydalara əməl edək".

Şahmar Mövsümov əlavə edib ki, dünya ölkələrinin statistikasına da baxsaq, eyni yoluxma hallarını müşahidə edəcəyik: "Bu da onu göstərir ki, bu virus insanın kimliyinə baxmır. Biz daima digər ölkələrin təcrübələrini izləyirik. Virusla mübarizədə əsas addım erkən diaqnoz qoymaqdır. Biz yoluxan insanı mümkün qədər tez müəyyən edib, onun özünü və təmasda olduğu insanları müəyyən edərək, izolyasiya etməliyik. Əgər hansısa binada kimsə xəstələnirsə, o binada olan insanlara məhdudiyyət qoyub, onları yoxlamalıyıq. Bütün şəhəri karantində saxlamaq ən arzuolunmaz ssenaridir. Bu istiqamətdə ən müasir, beynəlxalq təcrübə öyrənilir və ciddi addımlar atılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31