Koronavirusa yoluxma sayının dinamikasında  azalma müşahidə olunur

Dünyanı cənginə alan koronavirus infeksiyası can almaqda davam edir. Dövlətlər hələlik müalicəsi tapılmayan bu virusdan qorunmaq üçün özünəməxsus metodları tətbiq etməkdədir. Etiraf edilməkdədir ki, pandemiyanın yaqıldığı ilk andan onun zərərlərini minimuma endirmək üçün Azərbaycan hakimiyyəti tərəfindən əhəmiyyətli və sistemli tədbirlər görülməkdədir. Pandemiyanın vura biləcəyi zərbələrdən az itki ilə çıxmaq üçün əsas şərt kimi cari il aprelin 20-nə qədər ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Məqsəd əhalinin evdə qalmasını təmin etmək, sosial izolyasiya tədbirlərini genişləndirmək, bununla da, virusun yayılmasının qarşısını almaqdır. Əgər koronavirusla bağlı dünya üzrə rəsmi statistikanı təhlil etsək, Azərbaycanın bu sahədə vəziyyətinin digər ölkələrlə müqayisədə xeyli dərəcədə qənaətbəxş olduğunu söyləyə bilərik. Təbii ki, bunda hökumətin gördüyü profilaktik tədbirlərin əhəmiyyətli rolu var. Prezident İlham Əliyevin açılışında iştirak etdiyi Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin işə salınması isə bu tədbirlər silsiləsindən növbəti mühüm hadisə, koronavirusla mübarizəyə əsaslı töhfədir. Azərbaycanda qısa müddətdə tibbi maska istehsalına başlanması xüsusi əhəmiyyət kəsb edir. Qısa müddət ərzində Azərbaycanda dezinfeksiya vasitələrinin istehsalı da təşkil edilib. Etiraf edilməlidir ki, Azərbaycanın koronavirus pandemiyasına qarşı apardığı mübarizə dünya ölkələri üçün nümunə hesab oluna bilər.

Məlumat üçün qeyd edək ki, hazırda koronavirus xəstələri ölkənin 35 şəhər və rayonunda yerləşən 50 xəstəxanada müalicə alır. Bu xəstəxanaların 36-sı məhz prezident İlham Əliyevin sərəncamı ilə inşa edilib. Qısa müddətdə modul tipli xəstəxanalar istifadəyə verilib. Bununla yanaşı, son günlər koronavirusla mübarizəyə ambulator tipli müəssisələr də cəlb olunub. Onların 40-ı Bakıda simptomsuz yoluxmuş şəxslərə evdə xidmət göstərmək üçün ayrılıb. Hazırda xəstəliyin müalicəsi üçün ayrılmış çarpayıların ümumi sayı 10 mindən artıqdır və bu istiqamətdə işlər aparılır. Qısa müddətdə 300-dən artıq süni tənəffüs aparatları ölkəyə gətirilib, xəstəxanalara verilib. Ən müasir ECMO cihazlarının sayı artırılıb. Son dövrdə təcili tibbi yardımın xidmətlərinə əhali tərəfindən müraciətlərin sayının artması səbəbindən əlavə avtomobillərə tələbat artıb. Bu tələbatın ödənilməsi məqsədilə xaricdən sifariş olunmuş 84 avtomobil ölkəyə gətirilərək tibb müəssisələrinə paylanılıb. İyul-avqust aylarında əlavə olaraq 100 təcili yardım avtomobilinin gətirilməsi nəzərdə tutulur. Fevral ayında koronavirus infeksiyasının müəyyən olunması üçün ölkədə cəmi 6 xüsusiləşdirilmiş laboratoriya mövcud idi və onların gün ərzində minə yaxın test aparmağa imkanı var idi. Hazırda laboratoriyaların sayı 30-a çatdırılıb və gündəlik test imkanları 10 mindən çoxdur. Yaxın zamanlarda əlavə olaraq laboratoriyaların sayı çoxaldılacaq və testlərin sayı 12-13 mini keçəcək. Məlum olduğu kimi, Ümumdünya Səhiyyə Təşkilatı və epidemioloqların ümumi rəyinə görə, bu xəstəlikdən qorunmaq üçün tibbi maskalar vacibdir. Qısa müddət ərzində 50 milyondan artıq maska Azərbaycana idxal olunub. Dövlət başçısının tapşırığı ilə operativ görülmüş işlər nəticəsində yerli istehsal təşkil olunub və nəticədə 10 milyona qədər maska istehsal edilib. Bu gün Azərbaycanda 14 milyondan artıq maska var və yerli istehsal davam edir.

Ölkədə karantin rejimi ilə əlaqədar mart ayının 14-dən etibarən Operativ Qərargah tərəfindən bəzi izolyasiya tədbirləri həyata keçirilməyə başlanılıb. Martın 24-dən isə "Sanitar-epidemioloji salamatlıq haqqında" Qanuna əsasən xüsusi karantin rejimi tətbiq edildi və mərhələli şəkildə gücləndirilməyə başlanıb. Karantin rejimi ilə əlaqədar qanunvericilik aktları təkmilləşdirilib.

Məhz görülmüş tədbirlər nəticəsində xüsusi karantin rejimi dövründə məhdudlaşdırıcı tədbirlər müsbət nəticə verib. Bu səbəbdən də may ayının ortalarından Operativ Qərargah tərəfindən yumşalma prosesinin həyata keçirilməsinə başlanılıb. Lakin əfsuslar olsun ki, bundan bir müddət sonra sanitar-epidemioloji qaydalara riayət olunmaması səbəbindən xəstəliyin sayında  artım qeydə alınıb. Bu cür halların qarşısını almaq məqsədilə qərargah təkrar olaraq məhdudlaşdırıcı tədbirlərə əl atmağa başlayıb və 16 şəhər və rayonda xüsusi karantin rejimi tətbiq olunub. Son günlərdə xəstəliklə əlaqədar rəqəmlərdə müsbət tendensiya müşahidə olunur və bu da pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlərin düzgün istiqamətdə aparılmasını təsdiqləyir. Nəticə etibarilə koronavirusa (COVID-19) yoluxma sayının dinamikasında  azalma müşahidə olunur. Belə ki, Operativ Qərargahın məlumatına görə, iyulun 16-da 493 nəfər koronavirusa yoluxub, 561 nəfər sağalıb.  Lakin buna baxmayaraq, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək uzadılıb. Burada məqsəd vətəndaşların sağlamlığını təmin etmək, koronavirusun yayılmasının azalmasına nail olmaqdır. Məhz həyata keçirilən tədbirlərin nəticəsidir ki,  COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda 20 iyul 2020-ci il tarixdən etibarən sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayacaq. Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda 2020-ci il 20 iyul tarixdən edibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir. Eyni zamanda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır. Vətəndaşlar mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməli, özünü və yaxınlarını virusa yoluxmadan maksimum qorumaq üçün preventiv tədbirlərin şərtlərinə əməl etməlidirlər. Yalnız bu halda koronavirusa qalib gəlmək mümkün olacaq.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31