Mədəniyyət yeni imkanlar axtarışında
15 İyul 2020 18:14 SosialMədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən "Mədəniyyətdə iqtisadi yanaşma: kreativ sənaye" adlı vebinar keçirilib.
Olaylar.az bildirir ki, mərkəzin əməkdaşları yanaşı, tədbirdə iştirak edən gənc mədəniyyət işçiləri, habelə AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi işlər üzrə direktor müavini Allahyar Muradov, institutun şöbə müdirləri Rəsmiyyə Abdullayeva, Mahir Zeynalov və Samirə Əhmədova, eyni zamanda iqtisadçı tədqiqatçı Arif Nəzərov, UNEC Biznes Məktəbinin direktor müavini Şəhla Qəhrəmanova Tovuz rayonu istiqamətində baş verən döyüşlərdə şəhid olmuş zabit və əsgərlərin ruhu bir dəqiqəlik sükutla yad ediblər.
Alim və mütəxəssislər öz çıxışlarında mədəniyyət müəssisələrinin fəaliyyətinin planlaşdırılması prosesində iqtisadi təhlillərin aparılması, beynəlxalq iqtisadi təcrübələrin öyrənilməsi və müvafiq mütəxəssislərin cəlb olunması kimi məsələlərin olduqca böyük əhəmiyyətə malik olduğunu vurğulamışlar. Boston Matrix şablonu, Xərc səmərəliliyi planı, VMOST, PESTLE, SWOT və digər təhlillərin mədəniyyət sahəsində təbliği üçün Bakı və regional mədəniyyət müəssisələrində təlim və maarifləndirici xarakterli silsilə tədbirlərin keçirilməsi müəssisələrə iqtisadi sərbəstlik bəxş edə biləcək layihələrdən ola bilər.
Mərkəzin əməkdaşı Tükran Həsənova transformasiya prosesləri zamanı mədəniyyət sahəsindən yeni keyfiyyətlərin tələb olunduğunu bildirərək, sözügedən istiqamətdə sahənin idarə olunması, maliyyə siyasəti, strateji planlaşdırılma və insan resursları kimi istiqamətlər üzrə müasir tədqiqatların aparılması zərurətini vurğulamışlar.
Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək həssas və mühafizəkar sahə olan mədəniyyətdə mütləq olaraq yeni maliyyə və iqtisadi münasibətlərin formalaşmasına ehtiyac olduğunu xüsusi olaraq qeyd etmişdir.
Daha sonra Mərkəzin elmi katibi Cavid Əliyev tərəfindən ötən müddət ərzində müəssisənin mövcud istiqamətdə gördüyü işlər haqqında iştirakçılara geniş məlumat verilib.