İki Boz Dağın arasında... - Elçin Hüseynbəyli yazır
16 İyun 2020 14:58 Sosial("Paralel dünyalar" silsiləsindən)
... Təsadüfi tanışımz bizi maşınla yola çıxardı və getdiyimiz istiqamətdə davam elədik.
Piyada xeyli yol gəldik. Nə qədər getdiyimizi bilmirdik. Meşədən meşəyə, taladan talaya adlayır, o üzdən girir - bu üzdən çıxırdıq. Yorulmuşduq, ayağımızı sürüyürdük.
Bir talada daxma gördük. Onun qarşısında zənci bir qadın ipdən paltar asırdı. Ətrafda qoyun-quzu mələyirdi. Mən qadın mənə tanış gəldi. Amma bu ola bilməzdi, yəni ağlabatan deyildi. Mən onu sonuncu dəfə görəndən bəri azı 10 il keçmişdi. Ona diqqətlə baxdım. Qadın bizi görəndə əlini saxladı və başdan ayağa qədər bizi süzdü.
Sol gözünün biri o birisındən balacaydı, ancaq bunu diqqətlə baxsaydın sezə bilərdin, üst doağının sağında isə xala oxşar qara ləkə vardı.
-Onu tanıyıram, - uşaqların üzünə baxıb dedim.
-Hardan? - Xalıq soruşdu.
-Mən xaricdə səfərdə olanda onun mehmanxanasında olmuşam.
-Bəs, burda nə gəzir?
-Biz burda nə gəzirik, bəs? - dedim və irəli yeridim. Onun qarşısnda dayanıb diqqətlə üzünə baxdım:
-Mən tanımadın? - deyə ərklə soruşdum.
O, başını buladı. Bir az da yaxına gəldim:
-İndi tanıdın? Sənin mehmanxananda qalmışdım, hətta şəhəri də mənə göstərmişdin. Müqəddəs Məryəm kilsəsinə də birgə getmişdik. Az qalmışdım ki, orda səninlə kəbin kəsdirəm.
Birdən onun gözləri işıqlandı. Güldü və:
-Tanıdım, -dedi, - tanıdım, - burda xeyir ola?
-Bəs sən burda xeyir ola? Şəhəri qoyub bura niyə gəlmisən?
-Məni bir dəliqanlı qaçırdı. Bura gətirdi. Buranın da hara olduğunu bilmirəm. Hər yer meşə, səhra və bataqlıqdır.
-İndi o hardadır?
-Kim?
-Ərin?
-O burların gözətçisidir. Bütün meşə ona baxır. Divara söykəli velosiupeddə onundur.
-Hə, -deyə başımla anladığımı dedim.
-Burda niyə durmuşuq, yəqin yol gəlib yorulmusunuz, oturun sizə çay gətirim, şərqlilər çayı sevirlər.
Ərik ağacının altında qoyulmuş stolun ətrafında oturduq. Bir az keçmiş qadın bizə çay gətirdi.
-Belə qara olmağıma baxmayın, mən çox təmizkaram. Hər ehtimala da qarşı səhər duranda çimmişəm, -dedi və mənə göz vurdu.
Güldüm.
O özü də bizim yanımızda oturdu:
-İnanılmazdır. Sanki yuxu görürəm.
-Bəlkə elə doğrudan da yuxu görürsən, -dedim və güldüm.
-Doğrudan hara belə, yolunuz hayanadır?
-İrəli, -dedim, - biz Boz Dağa gedirik.
-Boz Dağa? - deyə o qorxan kimi oldu.
Başımla təsdiqlədim.
-Ora heç kim getmir, gedənlər də geri qayıtmır, -dedi.
-Bilirəm, amma biz hökmən qayıdacağıq, - inamla bildirdim.
-Siz də dağ yoxdu ki? - sədalövhcəsinə soruşdu.
-Bizdə də Boz dağ var. Onlar əkizdirlər. Biz bir Boz dağın ətəyindən o birisinə gedirik. Onları birləşdirmək üçün, - ağzıma gələni dedim. - Bir-birilərini görmürlər axı.
-Hər iki Boz Dağ bütün tikililərədən, dünyanın ən böyük göydələnindən də hündürdədirlər və bir-birilərini görürlər. Sadəcə biz görmürük, -bunu da Xalıq dedi.
Köhnə tanışım heç nə anlamadı, bəlkə də bizim kimi romantiklərə baş qoşmaq istəmədi.
-Gedim sizə yeməyə nəsə gətirim, -deyib ayağa qalxdı.
Bir az keçmiş o, bizə süd gətirdi, qatıq doğramasına qonaq elədi. Yola düşəndə isə çantamıza suda bişmiş ət parçaları qoydu. Əti ordan bir az aralaşan kimi yedik, yedik nədi e, gözümüzə təpdik...
Iyun, 2020