İlham Əliyev KİV-in inkişafına təkan verən çox mühüm addımlar atır
16 Aprel 2020 19:04 SosialŞərq xalqlarını bürüyən cəhalət və ətaləti satiranın acı gülüşü ilə tənqid edib, xalqı oyadıb yolunu tərəqqiyə doğru istiqamətləndirmək üçün yeni istiqamətli mətbu orqana ehtiyac vardı. Gənc jurnalist Cəlil Məmmədquluzadə bunu duyduğundan 1906-cı ilin fevral ayının 21-də Tiflis qubernatoruna ərizə ilə müraciət edərək "Molla Nəsrəddin" jurnalının çapına icazə istədi. Jurnalın nəşrinə razılıq verildi və bu xəbər 1906-cı ilin fevralın 24-də "Novoye bozreniye" qəzetində, elə həmin ayın 26-da "Kafkazskoye utro" qəzetində dərc olundu.
1906-cı ilin mart ayının 4-də "Molla Nəsrəddin"in çapı üçün Mirzə Cəlilə Tiflis qubernatoru dəftərxanası tərəfindən verilən şəhadətnamədə jurnalın proqramı bu şəkildə müəyyənləşdirilmişdir. 1. Məqalələr; 2. Kəskin tənqidlər; 3. Felyetonlar; 4. Məzhəki şeirlər; 5. Məzəli teleqramlar; 6 Satirik hekayələr; 7. Lətifələr; 8. Poçt qutusu; 9. Məzhəki elanlar; 10. Xüsusi elanlar; ll. Karikatura və illüstrasiyalar.
Müəyyən olunmuş bu proqrama uyğun şəkildə və dövrün ən mühüm ideyalarını yaradıcılığına gətirən Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə jurnalın ilk sayını çapa hazırladılar. Jurnalın 7 aprel tarixli ilk sayında Mirzə Cəlilin "Molla Nəsrəddin" imzası ilə "Tiflis 7 aprel" sərlövhəli baş məqaləsi, "Məcmuəmizə müştəri olanlara nəsihət", "Molla Nəsrəddinin teleqramları", "Bilməli xəbərlər", "Dəllək", "Atalar sözü" və digər yazılar, həmçinin 4 müxtəlif karikatura və bir neçə elan dərc olundu. Həcmi kiçik formatda olan "Molla Nəsrəddin"in çapı həftədə bir dəfə nəzərdə tutulmuşdur.
Cəmiyyətdə baş verən neqativ hadisələrə, cəhalətə, fanatizmə qarşı mübarizə aparan, yeni bir qəzetçilik istiqaməti, ədəbi məktəb yaradan "Molla Nəsrəddin" xalq yumoru, satirası ilə seçildi. Professor Şirməmməd Hüseynovun təbirincə desək, bu yeni istiqamət "Molla Nəsrəddin"in kütləvilik və maarifçilik baxımından çox böyük kəşfi idi. İlk sayından başlayaraq jurnal "Molla Nəsrəddin" 83 adlı fikir cərəyanı, inqilabi demokratik ədəbi-jurnalist hərəkatını vücuda gətirdi. Mirzə Cəlilin timsalında Mollanəsrəddinçilər təkcə xalqa nə demək sualı üzərində düşünmədilər, onlar sözü nə cür demək üzərində də düşündülər. Buna görə də məqalələrini "türkün ana dilində", sadə danışıq tərzində, xalqın anlayacağı, başa düşəcəyi dildə yazdılar. Cəlil Məmmədquluzadənin özü dediyi kimi "Molla Nəsrəddin"i zəmanə özü yaratdı.
Jurnalın ilk sayında dərc olunan yazılar kimi karikaturalar da məzmun etibarı ilə fərqlənir, oxucuda maraq oyadırdı. Birinci səhifədə məscidi xatırladan otaqda müsəlmanlar sıra ilə yan-yana yatırlar, onlardan yalnız biri otağın kiçik pəncərəsindən düşən günəş şüasının təsirindən oyanıb, gərnəşir. Molla əlində əsası, başında əmmaməsi, çiynində əbası bu mənzərəni seyr edir.
Jurnalın ilk sayının işıq üzü görməsi münasibəti ilə Rusiyanın müxtəlif bölgələrindən teleqramlar, təbrik məktubları alan C.Məmmədquluzadə bu təbriklərə aprelin 12-də "Na povorote" qəzeti, aprelin 14-də isə "Kaspi" vasitəsilə təşəkkürünü bildirirdi. İslam məfkurəsinə zidd mövqe sahibi olan bəzi din xadimləri, ruhanilər, məmurlar jurnala qarşı barışmaz mövqe tutur, səlahiyyətlərindən istifadə edərək təzyiq və təhdidlərə keçirdilər. Yaradılan bütün maniyələrə baxmayaraq, inqilabi-demokratik ideyaların yayılması, milli şüurun oyanışı, milli mədəniyyətin inkişafı və müasir dünyagörüşün formalaşmasında böyük xidmətlər göstərən "Molla Nəsrəddin" Azərbaycanda ictimai və bədii fikrin zənginləşməsinə xidmət etdi. Bu məcmuənin mətbuat tariximizdə önəmi həm də ondan ibarətdir ki, ömründə dəftər-kitab üzü görməyənlər də "Molla Nəsrəddin"i alır, oxumağa, yazmağa başlayırdılar. Deməli, bu dərgi həm də dövrün oxucu kütləsinin formalaşmasına böyük təkan vermişdi. "Molla Nəsrəddin" Yaxın və Orta Şərq xalqlarının milli oyanışına, azadlıq hərəkatına böyük xidmət etdi. Orta Asiya, İran, Türkiyə, Tatarıstan və başqa yerlərdə inqilabi ideyaların yaranmasına, yeni tipli realist ədəbiyyatın yaranmasında "Molla Nəsrəddin"in rolu danılmazdır. İranda və Cənubi Azərbaycanda çıxan "Suri-İsrafil", "Azərbaycan", "Baba Şəməl", "Nəsimi-Şimal", Aşqabadda türkcə çap edilən "Tokmak" kimi jurnallar bu və ya digər dərəcədə "Molla Nəsrəddin"ə bağlıdır.
XX əsrin əvvəlində başlayan istiqlal hərəkatı və bu hərəkatın məntiqi nəticəsi kimi yaranan Azərbaycan Xalq Cümhuriyyəti milli mətbuatda davamlı şəkildə aparılan ideoloji-siyasi mübarizələr meydanında yarandı. Muxtariyyətçilik fikrindən istiqlalçılığa, cümhuriyyətçiliyə keçidin siyasi-ideoloji təməlini yaradan milli mətbuat orqanları say etibarilə əks mövqedə dayanan qəzetlərə nisbətən çox az idi. 1918-ci ilin 31 mart hadisələrinədək Azərbaycanda 15-ə yaxın ana dilində qəzet və jurnal çap olunurdu. Bu dövrə qədər isə bütövlükdə nəşr olunan qəzetlərin, jurnal və dərgilərin sayı 80-i ötüb keçmişdi. Partiyalaşma prosesinin sürətlondiyi bu illərdə demək olar ki, müxtəlif istiqaməti, siyasi-ideoloji dünyagörüşü özündə əks etdirən qəzetlərin əksəriyyəti partiyalı mətbuat ömrünün yeni inkişaf mərhələsini və çətinliklərini yaşayırdı. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbuat tədqiqatçıları və biblioqraflarının apardıqları araşdırma və tədqiqatların nəticəsində maraqlı bir mənzərə yaranıb. Milli mətbuatımızın ilk nümunəsi olan "Əkinçi" qəzetinin yaranmasından 1918-ci ilin mayına qədərki dövrdə cəmi 40 adda qəzet çıxmışdısa, AXC-nin 23 aylıq hakimiyyət dövründə qəzetlərin sayı 200-ə yaxın olmuşdu. Dövri mətbuatın statistikasındakı bu qeyri-adi artımın səbəbləri, hər şeydən əvvəl Azərbaycanda olan mövcud demokratik idarəçilik sistemi, əks-fikirliliyə tolerant yanaşma, polemika və disskusiyalara verilən meydan ilə bağlı idi. Burada əsas faktlardan biri də Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin böyük əksəriyyətinin jurnalist olmalarındadır. Demokratik yönümlü mətbuat orqanları xalqı narahat edən problemlərə həssas yanaşır, həllini gözləyən məsələlərə toxunur, azadlıq, istiqlalçılıq, türkçülük ideyalarını təbliğ edir və bir növ siyasi maarifçilik işi aparırdı.
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, mətbuat sahəsinin inkişafında da ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. O, hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanda mətbuatın inkişafına, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsinə və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərib. 1991-ci ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatında da yeni səhifə açıldı. Lakin təəssüflə qeyd edilməlidir ki, müstəqilliyimizin ilk illərində AXC-Müsavat hakimiyyəti dönəmində jurnalistlərin azad və müstəqil fəaliyyətinə böyük maneələr yaradılırdı, mətbuat işçiləri fiziki təzyiqlərə məruz qalırdılar. Ulu öndər Heydər Əliyev həmin illərdə hakimiyyətə gəlməsəydi, mətbuat sahəsindəki ciddi problemlər daha da dərinləşəcəkdi. Bu səbəbdən də, Ulu Öndər həmin illərdə Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsini, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə imkanların yaradılmasını əsas vəzifə kimi qarşıya qoydu. Ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-in maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi və azad fəaliyyəti üçün ölkəmizdə zəruri qanunvericilik bazası yaradıldı. Bu hüquqi baza isə informasiya azadlığına təminat verən, mətbuat da daxil olmaqla KİV-də dövlət senzurasının aradan qaldırılması prinsipini təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasına söykənir.
Bu gün mətbuat ölkədə ən sürətlə inkişaf edən, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə günü-gündən təkmilləşən fəaliyyət sahələrindən biridir. Ölkə mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində, o cümlədən tədris və maarifləndirmə sahəsində mühüm rol oynayır. Dövlət başçısı İlham Əliyev son illərdə mütəmadi olaraq KİV-in inkişafına təkan verən, onun müstəqil fəaliyyəti üçün imkanlar yaradan çox mühüm addımlar atır. Ulu Öndərin əsasını qoyduğu ənənəni davam etdirən Prezident İlham Əliyevin sərəncamları ilə milli mətbuatımızın 130, 135 və 140 illik yubileyləri ölkə miqyasında geniş qeyd olunub. Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası qəbul edilib, medianın sürətli tərəqqisi üçün Fond təsis edilib, jurnalistlərin mənzil probleminin həll edilməsi üçün bu günə qədər 400-dən artıq mətbuat işçisinə dövlət hesabına mənzillər verilib. Bu da dünyada analoqu olmayan bir prosesdir və hazırda da davam etməkdədir.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.