Azərbaycanda yeni siyasi partiya yaranır – ÖZƏL

Azərbaycanda yeni siyasi partiyanın təsis edilməsi məqsədilə rəsmi fəaliyyətə başlanılıb. "Olaylar" xəbər verir ki, bu barədə tanınmış jurnalist və siyasi analitik İsmayıl Nadirxanlı öz sosial şəbəkə hesabında məlumat paylaşıb. Mətbuat idarəçiliyi və ictimai-siyasi sahədəki çoxillik təcrübəsi ilə tanınan İsmayıl Nadirxanlı yeni siyasi hərəkatın yaradılması ilə bağlı Təşəbbüs Qrupunun rəsmi bəyanatını ictimaiyyətin diqqətinə çatdırıb.
Bəyanatda qeyd olunur ki, ölkənin qazandığı tarixi qələbələr və müstəqilliyin möhkəmlənməsi tamam yeni idarəetmə, iqtisadi tərəqqi və ictimai-siyasi inkişaf üfüqləri açır. Bu yeni mərhələ isə hər bir vətəndaşdan, xüsusilə də intellektual təbəqədən dövlətin sabahı naminə daha böyük məsuliyyət götürməyi tələb edir.
Siyasəti emosional şüarlardan uzaqlaşdıraraq elm, intellekt və dəqiq strateji planlama müstəvisinə daşımağı hədəfləyən Təşəbbüs Qrupunun bəyanatında deyilir:
"Müasir dünyada güclü dövlət həm də sağlam siyasi təsisatlar, rasional düşüncə və güclü insan kapitalı deməkdir. Cəmiyyətin siyasi proseslərdə fəal iştirakını təmin etmək, dövlətçilik ideallarına xidmət edən yeni bir siyasi mədəniyyət formalaşdırmaq və ölkəmizin gələcək strateji hədəflərinə töhfə vermək məqsədilə biz - Azərbaycan Respublikasının bir qrup ziyalısı, peşəkar mütəxəssisi və vətənpərvər gənci bir araya gələrək yeni bir siyasi hərəkatın təməlini qoyuruq.
Bu gündən etibarən, Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun olaraq, yeni siyasi partiyanın təsis edilməsi məqsədilə Təşəbbüs Qrupunun yaradıldığını və rəsmi fəaliyyətə başladığını elan edirik!"
Təşəbbüs Qrupu yeni qurulacaq partiyanın 3 əsas fəaliyyət prinsipini bəyan edib:

Əsrlərdən gələn mənəvi irsi, milli kodları qoruyaraq müasir dünyada rəqabətədavamlı, qüdrətli Azərbaycan modelini dəstəkləmək.

Siyasəti konkret layihələrin, savadlı kadrların və real hədəflərin yoluna çevirmək.

Vətəndaş rifahını və sosial ədaləti fəaliyyətin mərkəzinə qoymaq.

Xəbərdə o da qeyd olunur ki, yaxın günlərdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq dövlət qurumlarına rəsmi bildiriş təqdim ediləcək, ardınca isə partiyanın nizamnamə, proqram prinsipləri və rəsmi adı geniş ictimaiyyətə açıqlanacaqdır.
Məlumata görə, dövlət qeydiyyatı üçün tələb olunan üzv toplama və təsis qurultayına hazırlıq mərhələsində partiyanın qapıları dövlətinə bağlı, elmi və intellektual potensialı olan hər bir vətəndaşın üzvünə açıq elan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31