Azərbaycanda həkimlərə "üz sipəri" paylanılıb

"STEAM Azərbaycan" layihəsi Covid-19 pandemiyasından qorunmaq üçün "üz sipəri", eləcə də bir çox tibbi cihaz və avadanlıqların müxtəlif detallarının sınaq istehsalını davam etdirir.

Olaylar.az xəbər verir ki, bu cihazlar tibbi personalın istifadəsi məqsədini daşıyır.

Sözügedən proses çərçivəsində 1500-dən çox "üz sipəri" istehsal olunaraq tibb işçilərinə paylanılıb.

İstehsal prosesi insan əməyi olmadan, xüsusi 3D printerlərlə həyata keçirilir. "Üz sipəri"nin hazırlanmasında istifadə olunan məhsullar ekoloji təmiz və insan həyatı üçün təhlükəsizdir. Bu qoruyucu sipər insanın üzünü tam örtməklə hava-damcı yolu ilə yayılan infeksiyalara qarşı müdafiə rolunu oynayır.

Qeyd edək ki, "STEAM Azərbaycan" layihəsinə 2019-cu ilin sentyabr ayında Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən start verilib. Layihə hazırda ölkənin 42 məktəbində 6 mindən çox şagirdi əhatə edir. Layihənin əsas məqsədi şagirdlər arasında yaradıcılıq, innovasiyalar və sahibkarlıq təfəkkürünü təşviq etməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31