Sosial-iqtisadi sabitliyin təmin olunmasında vəziyyət dövlətin tam nəzarətindədir-RƏY- ÖZƏL
15 Aprel 2020 11:38 Sosial"Hazırda bütün dünyanı sarsıdan koronavirus fəlakəti, insan sağlamlığı və həyatına böyük təhlükələr yaratmaqla yanaşı, iqtisadiyyata da böyük zərbələr vurur, yeni böhranlara rəvac verir. Mütəxəssislərin fikrincə, bu böhranı aşmaq üçün 2 ildən də çox zaman lazım gələcəkdir. Bu qorxulu xəstəliyin Azərbaycanda qarşısının alınmasında çox ciddi tədbirlər görən, vəziyyəti tam nəzarətə alan ölkə rəhbərliyi pandemiyanın iqtisadi fəsadlarının aradan qaldırılması, maliyyə bazarındakı şərtlərin yaxşılaşdırılması, makroiqtisadi sabitliyin təmin olunması üçün intensiv və səmərəli addımlar atır". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, hələ xeyli müddət bundan əvvəl, Prezidentin sərəncamı ilə koronavirusun gətirdiyi iqtisadi zərərləri araşdırmaq və dəyən ziyanların yüngülləşdirilməsinə yönəlik təkliflərin hazırlanması üçün işçi qrupları yaradıldı. Onlar tərəfindən operativ şəkildə ən çox zərbə almış iqtisadi sahələr müəyyən edildi və itkilərin minimallaşdırılması üçün xüsusi dövlət proqramları hazırlanıb təsdiq edildi. Artıq uğurla həyata keçirilməyə başlanan həmin dövlət dəstək proqramları iqtisadi subyektlərin, sahibkarlığın zəruri fəaliyyətinin ayaqda qalmasına, öz iş ahənglərini bərpa etməsinə zəmin yaradır. Bu proqramlar, həmçinin, muzdlu işçilərin sosial təminatını da dəstəkləyir: "Aprelin 14-də Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş videokonfrans şəklində keçirilmiş müşavirədə dövlət başçısının çıxışı bir daha göstərdi ki, istər koronavirusa qarşı mübarizədə, istərsə də, sosial-iqtisadi sabitliyin təmin olunmasında vəziyyət dövlətin tam nəzarətindədir. Elə dünən, videomüşavirənin keçirildiyi gün, Prezidentin sərəncamı ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına təminatsız mikrokreditlərin verilməsi üçün 30 milyon manat vəsaitin ayrılması pandemiya şəraitində və sonrakı dövrdə bazar və marketlərimizdə keyfiyyətli və ucuz kənd məhsullarının bol olacağına əminlik yaradır. Koronavirusla mübarizə nə qədər ağrılı-acılı olsa da, ölkəmizdə islahatların davam etdirilməsi dövlət siyasətinin prioritetlərindən olduğu göz qabağındadır. Prezident İ.Əliyevin sözügedən müşavirədə 2020-ci ilin də bir çox sahələri əhatə edən dərin islahatlar dövrü olacağını bəyan etməsi buna sübutdur".