Elektrik enerjisinin limitinin artırılması dövlətin vətəndaşı düşünərək atdığı addımdır- TƏHLİL

Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi, onun həyat şəraitinin gündən-günə daha da yaxşılaşdırılması hər zaman Azərbaycan dövləti, hökumətinin başlıca prioriteti olub. On illərdir ki, davam edən bu prinsip, strategiya dəyişməz olaraq qalır. Hətta ən çətin, iqtisadi cəhətdən geriləmə müşahidə edilən zamanlarda Azərbaycan dövləti, hökuməti bu prinsipdən imtina etməyib, geri çəkilməyib. Bu günlər dünyanı ciddi şəkildə təhdid edən və yüz minlərlə insanın həyatına son qoyan, eyni zamanda dünya iqtisadiyyatına ciddi zərbə vuran koronavirus pandemiyası dövründə də biz bu tendensiyanı müşahidə edirik.

Hər kəsə bəllidir ki, günümüzdə dünyanı cənginə alan koronavirus pandemiyası ayrı-ayrı ölkələrin, hətta dünyanın ən inkişaf etmiş dövlətlərinin belə iqtisadiyyatına çox ciddi zərbə vurub. Əslində bu da təbiidir. Çünki bütün beynəlxalq səfərlərin qadağan olunması, karantin səbəbindən iri müəssisə və zavodlar, istehsal obyektlərində tətbiq edilən məhdudiyyətlər, eləcə də xarici turistlərin səfərlərinin həyata keçirilməməsi hər bir ölkənin iqtisadiyyatına öz mənfi təsirini göstərib. Azərbaycan beynəlxalq aləmin, dünya birliyinin ayrılmaz bir üzvü olduğu üçün qlobal aspektdə baç verən bu və ya digər hadisə təbii olaraqq Azərbaycandan da yan keçmir. Ancaq sevindirici hal ondan ibarətdir ki, Azərbaycan hər zaman bu kimi problemlərin öhdəsindən layiqincə gəlir, yaranmış istənilən gözlənilməz situasiyadan az itgi ilə çıxmağa müvəffəq olur.  Necə ki, bir neçə il əvvəl dünyanı bürüyən kəskin iqtisadi və maliyyə böhranı zamanı Azərbaycan həmin prosesdən nisbətən az itgi ilə çıxdı, eyni ilə hazırda da koronavirus pandemiyasının nisbətən minimum səviyyədə zərər vurduğu ölkələr sırasında yer alır. Bütün bunlar təbii ki, ilk növbədə ölkədə həyata keçirilən uğurlu siyasətlə bağlıdır. Eyni zamanda hakimiyyətin, dövlətin, ilk növbədə dövlət başçısının öz vətəndaşlarına olan diqqət və qayğısı ilə əlaqədardır.

Hazırda koronavirus pandemiyasından ciddi zərər görən dünya dövlətləri bir çox sosial xərcləri azaldıb, iş yerlərini bağladığı, işsiz qalan vətəndaşlara heç bir kompensasiya ödəmədiyi halda, Azərbaycan bütün bunların fövqündə dayanır. Düzdür, pandemiya səbəbindən Azərbaycanda da bir çox istehsal müəssisələri, zavod vı fabriklərdə iş rejimində məhdudiyyətlər tətbiq olunub, yaxud həmin obyektlər məhdud sayda işçi qüvvəsi ilə çalışırlar. Lakin dövlət başçısının tövsiyəsi əsasında həmin əməkdaşların da əmək haqqları ödənilir. Və eyni zamanda onlardan işçiləri işdən çıxarmamaq tövsiyə edilir. Bunun qarşılığında isə dövlət iş adamları, sahibkarlara dəstək olur, onlara maddi yardım ayırır. Necə ki, bir neçə il əvvəl baş verən dünya iqtisadi və maliyyə böhranı zamanı Azərbaycan hökuməti qabaqlayıcı tədbirlər həyata keçirib böhranın Azərbaycan iqtisadiyyatına təsirlərini minimuma endirdi, eyni ilə də indiki dövrdə proqram hazırlayaraq koronavirus pandemiyasının iqtisadiyyatın müxtəlif istiqamətləri, eləcə də əhalinin sosial rifahına vurduğu ziyan nisbətən də olsa aradan qaldırılır. Beləliklə,  "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamından irəli gələn məsələlərin həlli ilə bağlı tədbirlər davam etdirilir.  Nazirlər Kabinetinin "Əhali üzrə elektrik enerjisinin aylıq istehlak həcminin tənzimlənməsi ilə bağlı tədbirlər haqqında" Qərarına əsasən, əhali üzrə elektrik enerjisinin 7 qəpik/kilovat-saat tarifi tətbiq olunan aylıq istehlak həcmi 2020-ci ilin aprel ayından etibarən iki ay müddətində 100 kilovat-saat artırılaraq 400 kilovat-saata çatdırılıb. Qərara başlıca səbəb xüsusi karantin rejiminə uyğun olaraq əhalinin evdə qalması ilə bağlı elektrik enerjisindən istifadənin çoxalmasıdır.

Əslində bununla dövlət bir daha vətəndaşa bu mühüm və çətin dönəmdə evdə qalmasına yardım göstərir. Artıq işsiz vətəndaşlara ödəmələrin verilməsi həyata keçirilir. Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi ödəmələr bir tərəfdən vətəndaşın evdə qalmasına imkan yaradan amildirsə, elektrik enerjisinin limitinin artırılması üçün digər bir tərəfdən vətəndaşı düşünərək atılan addımdır.  

Qərarda bildirilən 2 aylıq müddət aprel və may aylarını əhatə edir. Apreldə mart ayının sərfiyyatları abonentlərə bildiriş olaraq verildiyi üçün may ayında aprelin sərfiyyatı veriləcək və həmin vaxt 400 kilovat/saat nəzərə alınacaq. Həmçinin iyun ayında mayla bağlı veriləcək bildirişlərdə də 400 kilovat/saatlıq limit üzrə hesablama aparılacaq. 400 kilovat/saatlıq limitlə bağlı artım yalnız əhali qrupu abonentlərinə şamil olunur.

Təkcə bu fakt onu deməyə əsas verir ki, Azərbaycan dövləti, onun rəhbərliyi üçün vətəndaş amili, onun sosial durumun yaxşı olması nə dərəcədə önəmlidir. Baxmayaraq ki, iqtisadiyyatımız güclü mənfi təsirlərə məruz qalmaqla yanaşı, enerji sektorunda çalışan işçi qüvvəsinin də işində müəyyən məhdudiyyətlər tətbiq edilib, və bütün bunlar da öz növbəsində enerji istehsalı və satışında mənfi meyillərə gətirib çıxarıb, ancaq buna baxmayaraq Azərbaycan dövləti və onun rəhbərliyi bu çətin günlərdə əhalinin sosial durumunu ciddi diqqətdə saxlayır, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31