Azərbaycan mətbuatı ictimaiyyətin və dövlətin maraqlarını müdafiə etmək baxımından həmişə öndə olub

Azərbaycan müstəqillik əldə etdikdən sonra azad medianın inkişafı ilə bağlı çox önəmli qərarlar qəbul edilib. Belə ki, müstəqilliyin ilk illərindən başlayaraq demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə atdığı addımlar və onların uğurlu nəticələri öz müsbət nəticəsini verməkdədir. Məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində ölkədə mövcud gərgin ictimai-siyasi durum, xaos, anarxiya, özbaşınalıq digər sahələr kimi, mətbuata da öz mənfi təsirini göstərirdi. Söz, fikir azadlığının hər addımda boğulması, jurnalistlərin fiziki və mənəvi təzyiqlərə məruz qalması da həmin dövrün xarakterik cəhətlərindən idi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni bir mərhələnin əsasını qoydu. Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. Belə ki, milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib.

İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqlədi. "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası"nın təsdiqi buna əyani sübutdur. 2009-cu ildə keçirilən ümumxalq səsverməsi ilə Milli Konstitusiyaya olunan bir sıra əlavə və dəyişikliklərdə insanların şəxsi həyatına müdaxilənin aradan qaldırılması, böhtan xarakterli yazıların qarşısının alınması üçün mətbuatla ictimaiyyətin üzərinə düşən vəzifələr bir daha dəqiqləşdirildi. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi, Azərbaycanın dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və beynəlxalq standartların tələblərinə uyğunlaşmasına ehtiyacın yarandığı müasir dövrümüzdə həyata keçirilən bu kimi tədbirlər insan hüquqlarının qorunması istiqamətində atılan ən düzgün addım kimi ölkə ictimaiyyəti tərəfindən dəstəkləndi. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, necə ki, hər bir insan qanun qarşısında, cəmiyyət qarşısında məsuliyyət daşıyır, əlbəttə, jurnalistlər də bu məsuliyyəti daşımalıdırlar və eyni zamanda, onların məsuliyyəti bəlkə də daha da böyük olmalıdır.

Onu da qeyd edək ki, milli mətbuatımız hər zaman ictimaiyyətlə dövlət arasında çox isti bir əlaqə forması olub. Əksər hallarda ictimaiyyət öz problemlərinin həllini mətbuata həvalə edib. Bir sözlə, mətbuat ictimaiyyətin və dövlətin maraqlarını müdafiə etmək məsələsində həmişə ön sırada durub. Azərbaycan dövləti də, öz növbəsində, müasir milli mətbuatımıza, media nümayəndələrinə qayğı və diqqət göstərib. Dövlət maraqlarının müdafiəsində, azərbaycançılığın təbliğində Azərbaycan mediası yetərli iş görür. Etiraf edilməlidir ki, bütün bunlar medianın müstəqil fəaliyyəti üçün yaradılmış imkanlar nəticəsində mümkün olub. Elə hazırda koronavirus pandemiyasının geniş yayıldığı şəraitdə Azərbaycan mediası üzərinə düşən vəzifəni  layiqincə yerinə yetirməklə öndə gedir.

EtikXəbər.az saytının təsisçisi və baş redaktoru Kamil Həmzəoğlu hesab edir ki, media, mətbuat işçiləri hər zaman qəfil situasiyada da vəziyyətlərə hazır olmalıdır, ona adekvat reaksiya verməyi bacarmalıdr: "Bu zaman medianın nümayəndələrinin peşəkarlığı üzə çıxmış olur. Düşünürəm ki, Azərbaycan mediası da öz imkanları daxilində üzərlərinə düşən vəzifələrin öhdəsindən gəlməyə çalışır. Tam nail olmasalar da, bu missiyanı yerinə yetirməyə çalışırlar. Şəxsən mənim üçün istər bu, istər digər situasiyalarda informasiya əldə etmək, informasiyaya çıxış tapmaq elə də çətin deyil. Hazırda öz səhhətimdə də xeyli müddətdi problemlər var. Amma, bununla belə fəaliyyətimi, işimi dayandırmıram. Bunu saytımı izləyən adamlar da görürlər. Yəni mənim üçün  bu informasiyaya çıxış o qədər də çətin deyil. 100 % olmasa da, istədiyim informasiyaların ən azı 70-80%-ni almağa nail oluram. Bütün mətbuat işçilərinə də, media nümayəndələrinə də bu çətin anlarda uğurlar arzulayıram. Arzu edirəm ki, öz işlərini sona qədər, layiqincə yerinə yetirsinlər".

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin təsisçisi və sədri, Avrasiya İnformasiya Agentliyinin rəhbəri  Cavid Şahverdiyev hazırki koronavirus dövründə medianın informasiya əldə etmək imkanlarını yüksək dəyərləndirib: " Media həm ölkədə, həm də xaricdə pandemiya ilə bağlı istənilən məlumatı asanlıqla əldə edə bilir. Bütün dövlət qurumları bu məsələdə qapılarını medianın üzünə açıb. Bundan başqa media mənsublarına geniş şərait və imkan yaradılıb ki, virusla mübarizədə dövlətin həyata keçirdiyi tədbirlərdə bilavasitə iştirak etsinlər. Cavab olaraq media da  koronavirus pandemiyası ilə mübarizədə maariflənmə təbliğatını yüksək səviyyədə həyata keçirir. Media da bu məsələdə hər kəsin üzünə açıqdır. Dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, ayrl-ayrı şəxslərin maarifləndirici fikirləri ictimsiləşdirilir. Pandemiyaya qarşı mübarizədə media bütün strukturlardan irəlidədir. Bu ağır mövzularda ideoloji təbliğat birinci götürülür. Milyonlar xərclənsə belə, ilk sırada təbliğat dayanır, təbliğatsız heç nəyə nail olmaq mümkün deyil. Ona görə də bu məsələdə medianın əməyi birinci dəyərləndirilməlidir".

Müstəqil jurnalist Nürtəza Bünyadlı qeyd edib ki, medianın bu gün koronavirus pandemiyası dövründə təbliğat kampaniyası, insanları maarifləndirmə sahəsindəki fəaliyyətini qənaətbəxş hesab etmək olar: "Media mütəmadi olaraq vətəndaşları xüsusi karantin rejimi qaydalarına riayət edib sosial izolyasiya ilə bağlı #evdəqal prinsiplərinə əməl etməyə yönəlik materiallar, xəbərlər, telekanallar isə videosüjetlər və verilişlər verir. Burada istər hökumətin vətəndaşın təhlükəsizliyinin tənin olunması, sağlamlığının müdafiə olunması, istər məşğulluq, istər koronavirus epidemiyası nəticəsində işsiz qalanların sosial təminatı  və sair istiqamətdə davamlı materiallar yerləşdirilir. İnsanlara birbaşa çağırlşlar edilərək qaydalara ciddi əməl olunması izah olunur. Mediada bu çətin şəraitdə imkanlı şəxslərin, deputatların aztəminatlı insanlara yardım dəstəyi təbliğ olunur. Yəni, media koronavirus pandemiyasına qarşı mübarizədə dövlətə, hökumətə və xalqa az itki ilə çıxmaqda öz töhfəsini verməkdədir. Media bu dövrdə örnək hadisələri təbliğ etməklə cəmiyyətdə psixoloji durumun yükskə olmasında, insanların, cəmiyyətin panik vəziyyətə füşməməsi istiqamətində səylərini davam eydirir". İnformasiya əldə etmək məsələsinə gəldikdə M.Bünyadlı bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah vəziyyətlə bağlı mütəmadi məlumat verir və xəbərlərini operativ formada saytda yerləşdirir: "Aidiyyatı qurumların da rəsmiləri davamlı olaraq mediada yaranmış vəziyyətlə bağlı lazımi açıqlamalar verir. Əlçatanlığa gələndə isə media sayı çox olduğundan bu məsələdə müəyyən problem ola bilər və ya kimsə eyni zamanda eyni adama zəng edə bilər və həmin zaman axtarılan şəxs digər bir media orqanına açıqlma verdiyi üçün telefonunu açmaq imkanından uzaq ola bilər. Yaxud iclasda, hansısa başqa zəruri bir işlə məşğul olar, iclasda ola bilər və sair... Yəni burada obyektiv və subyektiv məqamlar çoxdur. Tənqid ediləsi məqamlar da var".

Azvision.az saytının əməkdaşı Anar Kəlbiyev bildirib ki, hazırda medianın informasiya əldə etməsində çətinlik yoxdur: "Məlum olduğu kimi, COVİD 19 pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq olunub. Bu baxımdan evdən işləyirik. Onlayn media əməkdaşı olduğumuz üçün hazırki şəraitdə işləmək o qədər də çətin deyil. Belə ki, internet üzərindən işlərimizi yerinə yetiririk. Düşünürəm ki, bu müddətdə medianın informasiya əldə etməsində çətinlik yoxdur. İnformasiya əldə etmək üçün sosial şəbəkələr vasitəsilə və ya telefon zəngi ilə aidiyyəti şəxslərlə əlaqə saxlamaq olur. Bir çox qurumlar öz informasiyalarını saytlarında, sosial şəbəkə hesablarında müdia nümayəndələri ilə bölüşürlər. Həmçinin, internetin yaratdığı geniş imkanlar hesabına dünyanın istənilən ölkəsində baş verən hadisələri xarici saytlardan əldə etmək olur". Onun szölərinə görə, hazırki pandemiya dövründə mətbuat üzərinə düşən vəzifənin icrasını təmin edə bilir.

Sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin normal fəaliyyəti üçün lazım olan bütün imkanlar yaradılıb. Media nümayəndələri istənilən vaxt informasiya əldə etmək funksiyasından istifadə edə bilirlər. Əslində bunun üçün ölkədə hüquqi baza da formalaşdırılıb. Belə ki, ölkədə "İnformasiya əldə etmək haqqında" qanun qəbul edilib. Bu qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin, ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. Hazırda mətbuat orqanları bu qanunun tələblərinə riayət etməklə imformasiya əldə etmək hüququndan sərbəst şəkildə istifadə edə bilirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31