Ekspertlər jurnalistləri hərbi sirr sayılan xəbərləri yaymamağa çağırır
14 Aprel 2020 15:53 SosialBu gün Azərbaycan müharibə şəraitində yaşayan ölkələrdəndir. Ona görə də informasiya təhlükəsizliyi, dövlət sirri olan hərbi məlumatların yayılmaması bizim üçün ən vacib məsələlərdir. Bu hal milli təhlükəsizliyə informasiyaların ciddi zərər yetirməməsi baxımından olduqca əhəmiyyətlidir. Bunun üçün informasiya təhlükəsizliyini qorumaq məqsədilə ictimai maarifləndirmə kampaniyasına da ehtiyac vardır. Bu yolda vətəndaş cəmiyyətinin üzərinə müxtəlif vəzifələr düşür.
Mövzunu "MediaPost"a şərh edən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Elçin Mirzəbəyli deyib ki, informasiya təhlükəsizliyinə təhdid yaradan amillərə baxmayaraq, son dövrlərdə Azərbaycanda informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində innovativ və çevik addımlar atılır.
O, bu prosesin ölkədə həyata keçirilən islahatların genişlənməsi kontekstində daha effektiv olacağına ümid edir:
"Hazırda informasiya təhlükəsizliyinə təhdid yaradan amillər kifayət qədər çoxdur və müxtəlifdir. İnformasiya və kommunikasiya texnologiyaları bugünkü səviyyəyə çatmazdan, sosial şəbəkələr yaranmazadan öncə, konkret olaraq bizim informasiya təhlükəsizliyimizə təhdid yaradan amillərin sayı bir o qədər də çox deyildi və ünvanları daha konkret idi. Məsələn, işğalçı Ermənistan və erməni diasporu ilə bağlı olan resurslar, transmilli kütləvi informasiya vasitələri, dil, din və digər amillərdən istifadə etməklə Azərbaycana mədəni və siyasi təsirini gücləndirməyə çalışan ölkələr və s. Sosial şəbəkələrin əhatə dairəsi genişləndikdən və informasiya-kommunikasiya vasitələrinin həyatımızdakı rolu ön plana keçdikdən sonra, informasiya təhlükəsizliyimizə təhdid yaradan faktorların sayı kifayət qədər artıb və bəzən bu faktorların arxasında gizlənən ünvan və maraqları müəyyənləşdirmək kifayət qədər çətin olur. İndiki şəraitdə əsas vəzifəmiz vətəndaşların Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinə olan etimadını artırmaq və daxili resurslarımızın yeganə etibarlı mənbə kimi qəbul edilməsinə zəmin yaratmaqdan ibarət olmalıdır".
E.Mirzəbəylinin sözlərinə görə, informasiya təhlükəsiliyinin təmin olunması məsələsində KİV-in və vətəndaş cəmiyyətinin vəzifələrindən daha çox, mənəvi borcundan danışmaq daha doğru olar. O deyib ki, Azərbaycan mətbuatının böyük əksəriyyəti, xüsusilə də ənənəvi media platforması üzərində formalaşan peşəkar resurslar bu borcu şərəflə daşıyır və əsasən, öz işlərinin öhdəsindən gəlirlər: "Amma insan faktoru olan yerdə səhvlər və çatışmazlıqlar qaçılmazdı. Ölkəmizin müharibə vəziyyətində olması və təhlükəsizliyimizə təhdid yaradan amillərin dərk edilməsi, bu təhdidlərin qarşısının alınmasına töhfə vermək, faydalı olmaq niyyəti yetərli deyil və bəzən sadaladığım keyfiyyətlərdən qaynaqlanan emosional yanaşmalar prosesə daha çox ziyan vurur və ciddi yanlışlıqlara yol açır. Bu baxımdan, mən peşəkarlığı, intelletual potensialı, analitik təhlil imkanlarını ön planda tuturam. Bu keyfiyyətlərin olmadığı yerdə sadəcə "vəzifə", yaxud "mənəvi borc" kimi təqdim etdiyimiz bütün amillər daha çox ziyan gətirə bilər. Əgər jurnalistin əlinə dövlət sirri olan hərbi məlumatlar düşərsə, bu məsələdə şəxsiyyət və onun dünyagörüşü amilləri önə keçir. Əvvəla nəzərə almaq lazımdır ki, jurnalist, yaxud onun çalışdığı KİV-in rəhbəri ilk növbədə əllərində olan materialın həqiqətən də dövlət sirri olub-olmadığını müəyyənləşdirə biləcək qədər peşəkar olmalıdır. Həmkarlarıma sayğım böyükdür, amma son illər sayı durmadan artan 1, yaxud 2-3 nəfərlik resursları da nəzərə alsaq, belələrinin ölkənin media məkanında mütləq çoxluq təşkil etdiyini düşünürəm. Bu çox ciddi problemdir və təəssüf ki, həlli çox vaxt aparacaq. Digər tərəfdən, jurnalist hər şeydən öncə vətəndaşdır. Və təbii ki, ölkəsinin, xalqının təhlükəsizliyini hər şeydən öndə tutmalıdır. Amma daha öncə də qeyd etdiyim kimi, jurnalist, yaxud KİV rəhbəri bu təhlükəsizliyin sərhədlərinin nədən ibarət olduğunu dərk etməlidir. Əgər dərk etmirsə, o hərbi sirri adi bir xəbər kimi yayımlaya bilər, yaxud dövlətin və xalqın mənafeyinə xidmət edən bir məlumatı hərbi sirr kimi başa düşüb susa bilər. Bunların hər ikisi ziyanlıdır. Burada başqa bir məqamı da unutmamaq lazımdır. Məsələn, hər hansı qurumda baş verən cinayət əməllərinin gizlədilməsi məqsədilə bu işdə iştirak edən şəxslər onun üzərində "hərbi sirr" çəmbəri də yarada bilərlər. Belə məqamlarda jurnalisin peşəkarlığı, analitik təfəkkürə sahib olması məlumatlılığı müstəsna əhəmiyyət kəsb edir".