Azərbaycanda fikir, söz və məlumat azadlığı üçün hüquqi baza mövcuddur

İnformasiya daşıyıcısı və yayıcısı kimi kütləvi informasiya vasitələrinin azadlığı əsl demokratik vətəndaş cəmiyyəti quruculuğunun başlıca şərtlərindən biridir. Dövlətin media siyasətinin başlıca məqsədi güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübünü çəkən medianın formalaşması və inkişafı olmuşdur. Müasir mərhələdə Azərbaycanda KİV-lə bağlı qanunlar beynəlxalq standartlara cavab verir. Hazırda KİV biliklərin və siyasi cəhətdən mühüm məlumatların yayılmasının başlıca daşıyıcısıdır. KİV ictimai şüurun inkişafına faydalı və yaradıcı təsir göstərir, fəal düşünən ləyaqətli insan şəxsiyyətinin tərbiyələndirilməsində özünəməxsus rol oynayır. Azərbaycanda medianın inkişafını əngəlləyən heç bir maneəyə rast gəlmək mümkün deyil, jurnalistlər sərbəst şəkildə fikirlərini ictimailəşdirə bilirlər, heç bir təzyiqlə üzləşmirlər. Çünki ölkədə jurnalistlərin informasiya əldə etmək haqqında hüquqları tanınıb, mövcud qanunvericilik çərçivəsində onların toxunulmazlıq hüqüqu qorunur.

"Kütləvi informasiya vasitələri haqqında" qanunda jurnalistlərin hüquqları ilə yanaşı, vəzifələri də geniş əksini tapıb. Qanunun 10-cu maddəsində kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi göstərilib: "Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir".

İnsan azadlığı bəşəriyyətin əsrlər boyu arzuladığı, uğrunda mübarizə apardığı ali nemətdir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Mətbuatın əsas vəzifəsi görülən işləri işıqlandırmaq, neqativləri obyektiv qabartmaq, həllini gözləyən məsələlərin çözülməsinə dəstək olmaqdır. Təbii ki, birgə səylər inkişafa, tərəqqiyə böyük yol açır. İnformasiya azadlığı həm də fərdi hüquqi məna daşıyır - insanın mümkün qədər çoxsaylı mənbələrdən dolğun və obyektiv məlumat almaq, öz fikirlərini və dünyagörüşünü genişləndirmək, şəxsiyyət kimi formalaşmaq, özünü ifadə etmək tələbatını ödəyir. İnsanın ətraf aləmə, cəmiyyətə, dövlətə, ictimai-siyasi proseslərə münasibəti daha çox onun KİV-dən aldığı informasiyalar əsasında formalaşır. Söz azadlığı insanın öz fikirlərini yazılı, şifahi və başqa formalarda ifadə etmək, ətraf aləmə münasibətini bildirmək, bu münasibəti başqalarına çatdırmaq sərbəstliyidir.

Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları fəaliyyət göstərərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində mühüm əhəmiyyət kəsb edirlər. Bu orqanların qarşısında duran ən ümdə vəzifə cəmiyyətə doğru,dürüst və operativ informasiya ixrac etməkdən ibarətdir.

Kütləvi informasiya vasitələrində fikir demək, hadisələrə münasibət bildirmək üçün qeyri-məhdud imkanlar vardır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Konstitusiyasında informasiya azadlığı və onun təmin olunması dövlətimizin ali məqsədlərindən biri kimi təsbit edilmişdir. Fikir və söz azadlığı məlumat azadlığı ilə üzvi surətdə bağlıdır. Məlumat azadlığının tərkib hissəsi isə informasiya əldə etmək hüququdur. Müstəqil Azərbaycan Respublikasının Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və qəbul edilən ilk Konstitusiyanın 50-ci maddəsində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək hüquqları təsbit olunub. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycanda kütləvi informasiya vasitələri azaddır. Bu azadlıq ölkə vətəndaşlarının qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən verilən təminata əsaslanır. Qüvvədə olan qanuna əsasən kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onların idarə edilməsi, onlardan istifadə qanunvericililkdə nəzərdə tutulan hallar istisna olmaqla məhdudlaşdırıla bilməz. Mətbuat cəmiyyətin siyasi həyatının müxtəlif tərəfləri barədə balanslaşdırılmış, obyektiv, qərəzsiz və dolğun informasiya verilməsi yolu ilə siyasi mədəniyyətin təkmilləşdirilməsinin başlıca vasitələri sırasında yer alır.

Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra milli və bəşəri dəyərləri öndə saxlayan mətbuatın inkişafı istiqamətində addımlar ardıcıllığı və məqsədyönlülüyü ilə diqqət çəkdi. Ulu öndər Heydər Əliyevin 11 may 2002-ci il tarixli "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" fərmanı yazılı mətbuatın təsis edilməsini və ondan istifadə imkanlarını asanlaşdırmaqla, mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə sistemini aradan götürmüşdür. Bu isə digər inkişaf etmiş dünya ölkələrinin mətbuata dair qanunvericilik təcrübəsinə əsaslanır. Ümummilli lider Heydər Əliyev bütün fəaliyyəti boyu ölkə mətbuatını təmsil edən jurnalist kollektivləri ilə keçirdiyi görüşlərində onların mövcud problemlərini həll etməyə çalışmış və bu istiqamətdə konkret əməli tədbirlər görmüşdür. Ulu öndər Azərbaycanda milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə 2001-ci ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür.

Ulu öndər Heydər Əliyev bildirmişdir: "Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir."

Ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi illərində həyata keçirilmiş çoxşaxəli islahatların nəticəsi olaraq bu gün Azərbaycanda söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər.

Prezident kimi fəaliyyətə başladığı gündən "Azərbaycanın hərtərəfli inkişafı üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir" bəyan edən cənab İlham Əliyev demokratik, hüquqi dövləti azad mətbuatsız təsəvvür etməyin mümkünsüzlüyünü diqqətə çatdıraraq, bu istiqamətdə biri-birindən əhəmiyyətli addımlar atır və bunlar davamlılığı ilə diqqət çəkir. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi də deyilənlərin bariz nümunələrindəndir. Konsepsiyanın təsdiqlənməsi milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu.

Möhtərəm Prezidentimiz bildirir: "Mediada yalan informasiyanın verilməsi qəbuledilməzdir. Əvvəlki dövrlərdə bu, çox geniş meydan tapmış bir yanaşma idi. Yalan informasiyanı ortaya atmaq, sensasiya yaratmaq, ondan sonra bu yalanın ətrafında müzakirələr aparmaq, elə bil ki, bunu reallığa çevirmək, ondan sonra bu yalanı xarici mediaya ötürmək və sonra bunu bir dəqiq xəbər kimi yenə qaytarmaq- bütün bunları biz bilirik. Mən hesab edirəm ki, bu siyasi mübarizə üsulu Azərbaycanın siyasi səhnəsindən getməlidir. Burada, əlbəttə ki, medianın rolu çox böyükdür. Yəni bu gün internet dövründə hər bir yazını dünyada oxumaq olar və bir dəfə, iki dəfə, üç dəfə yalan yazılanda, dördüncü dəfə artıq o medianın hörməti də düşəcək, o orqana inam da azalacaqdır."

Qeyd etdiklərimizin fonunda bir daha bu gerçəklik də təsdiqlənir ki, ümummilli lider Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurlu davamı Azərbaycanın qarşısında yeni imkanlar açır. Dövlətimiz artan imkanları fonunda hər dövrün tələbinə uyğun olaraq mətbuatın qarşısında dayanan vəzifələrin uğurlu icrasına dəstəyini əsirgəmir, aktual problemlərin həlli məqsədilə kompleks tədbirlər həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31