İnsanlar xalq üçün göstərdiyi fədakarlığa görə ölkə prezidentinə minnətdarlıqlarını bildiriblər
10 Aprel 2020 11:25 SosialAzərbaycan bütün dünyanı cənginə almış koronavirus pandemiyasına qarşı mübarizə aparan ölkələr arasında ön sıralarda bərqərar olub. Azərbaycan təkcə ölkə daxilində koronavirusa qarşı mübarizə aparmır, eləcə də pandemiyanın geniş yayıldığı ölkələrə də yardım əlini uzadır. Ölkəmizin Umumidünya Səhiyyə Təşkilatına koronavirusa qarşı mübarizə məqsədilə etdiyi maddi yardım buna əyani sübutdur. Sözssüz ki, sadalanan faktlar Azərbaycan dövlətinin, xüsusən prezident İlham Əliyevin yürütdüyü humanizm siyasətin təzahürüdür. Etiraf edilməlidir ki, dövlət başçısı İlham Əliyevin yürütdüyü sosial iqtisadi siyasətin qayəsində insan amili, Azərbaycan vətəndaşlarının maddi rifah halı, onların sağlamlığı və təhlükəsizliyi durur. Bu fakt özünü insan sağlamlığı üçün təhlükə mənbəyi olan koronavirusun yayıldığı zaman özünü bir daha təsdiqləmiş oldu. Belə ki, virusun yayılmağa başladığı ilk günlərdən dövlət başçısının şəxsi tapşırığı ilə təxirəsalınmaz tədbirlər həyata keçirilidi. Ölkədə karantin rejiminin tətbiqi ilə bağlı qanunvericilikdə yenilik edildi, insanların sağlamlığının qorunması məqsədilə xüsusi qaydalar müəyyən edildi, karantinə cəlb olunanların müayinə və müalicəsi üçün xüsusi xəstəxanalar ayrıldı, müasir standartlara cavab verən tibbi avadanlıqlar, ən müasir laboratoriyalar alındı, ölkəyə çoxlu sayda testlər gətirildi və sair. Bununla kifayətlənməyən dövlət başçısı koronavirusun təsirindən ziyan çəkən sahibkarlar və vətəndaşlara dövlət tərəfindən maddi yardım göstərilməsi barədə aidiyyati qurumlara tapşıqıqlar verdi. Artıq bu məqsədlə hazırlanmış tədbirlər paketi dövlət orqanları tərəfindən icraya yönəldilib.
Hazırda koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız bəşəriyyəti bürüyən bu bəladan Azərbaycan xalqının xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər. Belə ki, Lerik rayon sakini, Qarabağ müharibəsi qazisi Üzeyir Məmmədov Azərbaycan xalqına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür edərək yazır: "Möhtərəm cənab Prezident, bu gün bu çətin zamanda Sizin xalqımıza dəstək olmağınız bəşəriyyəti bürüyən bu bəladan xalqımızın xilas olması üçün göstərdiyiniz diqqət və qayğı bizi çox sevindirir. Xalqa bu virusdan qorunmaqla bağlı etdiyiniz müraciətlər, Sizin həmişə öz xalqınızla birlikdə olmağınız bizi daha da ruhlandırır. Sevinirik ki, rəhbərimiz öz xalqına bu qədər diqqət ayırır. İnanırıq ki, bəşəriyyəti bürüyən bu bəladan birlikdə uğurla çıxacağıq. Bu gün rayonumuzda da küçələr, fərdi evlər mütəmadi olaraq dezinfeksiya edilir. Aztəminatlı ailələrə tez-tez baş çəkilir, ehtiyacı olanlara ərzaq yardımı edilir. Xəstəxanalar əhaliyə fasiləsiz xidmət göstərir. Cənab Prezident, bütün bu işlərə görə Sizə təşəkkür edirik. Biz, Qarabağ qaziləri hər zaman Sizin ətrafınızda sıx birləşmişik və bütün işlərinizdə Sizə yaxından kömək etməyə hazırıq".
Xocavənd rayonunun Qaradağlı kəndinin sakini Əbülfət Əliyev son vaxtlar dünyada geniş vüsət almış yeni koronavirus pandemiyasının Azərbaycanda qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlərin Xocavənd ictimaiyyəti tərəfindən də son dərəcə müsbət qarşılandığını bildirir. O yazır: "Möhtərəm cənab Prezident, insanların bu öldürücü virusla üz-üzə qaldığı bir vaxtda Siz öz vətəndaşlarınızın yanında olduğunuzu bir daha göstərdiniz. Sizin təşəbbüsünüzlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Siz bir illik əməkhaqqınızı həmin fonda köçürdünüz. Həmçinin Siz xəstəliyin geniş yayılmaması üçün xalqa müraciət edərək, bu çətin günlərdə hamını bir olmağa, karantin qaydalarına əməl etməyə çağırdınız. Sizin hər kəsə göstərdiyiniz diqqət və qayğı biz vətəndaşları ürəkləndirir və Sizin hər bir vətəndaşın Prezidenti olduğunuzu bir daha sübut edir. Cənab Prezident, biz azərbaycanlılar birlikdə çox sınaqlardan çıxmışıq. İnanırıq ki, bu çətinliyi də birlikdə dəf edəcək, tezliklə yenidən firavan həyata qovuşacağıq. Bu çətin günlərdə xalqa dəstək olduğunuza görə xocavəndlilər adından Sizə minnətdarlığımızı bildiririk".
Müstəqil Azərbaycan Respublikasının gündən-günə çiçəklənməsi, insanların rifah halının yüksəldilməsi istiqamətində dövlətimizin başçısının atdığı addımların təqdirəlayiq olduğunu vurğulayan Gəncə şəhər sakini İlkin Cavadov yazır: "Cənab Prezident, dünyada kütləvi hal alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər, əhalinin sağlamlığının qorunması üçün gördüyünüz işlər biz gəncəlilər tərəfindən də yüksək qiymətləndirilir. Bu çətin günlərdə dövlətimiz, xalqımız üçün göstərdiyiniz fədakarlıq, yorulmaz səyləriniz bir gənc olaraq məni çox qürurlandırır və Azərbaycan boyda böyük bir ailənin qayğısını çəkdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm".
Ağcabədi rayon sakini Əlizadə Nəcəfov isə Azərbaycan Prezidentinə minnətdarlığını aşağıdakı fikirlərlə bildirir: "Çox hörmətli Prezidentimiz, son günlər dünyada geniş vüsət almış yeni koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması istiqamətində gördüyünüz qabaqlayıcı tədbirlər Ağcabədi rayonunun ictimaiyyəti tərəfindən də son dərəcə müsbət qarşılanır. Ağsaqqallarımız, ziyalılarımız və müvafiq yerli icra strukturları Sizin rəhbərliyinizlə bu istiqamətdə həyata keçirilən təxirəsalınmaz tədbirləri, xüsusilə də insanların sağlamlığının qorunmasının əsas məqsəd kimi qarşıya qoyulmasını sakinlərə çatdırırlar. Zaman bir daha göstərdi ki, Prezidentimiz həmişə olduğu kimi, bu çətin günlərdə də xalqımızın yanındadır. Cənab Prezident, Ağcabədi rayonunun əhalisi də Sizin təşəbbüsünüzlə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürür, "Evdə qal!" və digər çağırışlarınıza ciddi əməl edirlər. Möhtərəm cənab Prezident, bu ağır günlərdə biz ağcabədililər Sizin çağırışlarınıza qoşulur, əmin olduğumuzu bildiririk ki, inşallah, xalqımız Zati-alinizin müdrik rəhbərliyi ilə bu sınaqdan da zəfərlə çıxacaq. İnanırıq ki, tezliklə ölkəmizdə həyat öz əvvəlki axarı ilə davam edəcəkdir".
Onu da qeyd edək ki, dövlət başçısına ünvanlanan minnətdarlıq məktubları təkcə ölkə vətəndaşlarından deyil, eləcə də xarici ölkə vətəndaşları və beynəlxalq təşkilatların nümayəndələrində də daxil olmaqdadır. Yeri gəlmişkən qeyd edək ki, Ümumidünya Səhiyyə Təşkilatının rəhbəri Azərbaycanda koronavirusa qarşı aparılan mübarizəni yüksək qiymətləndirərək prezident İlham Əliyevə təşəkkürünü çatdırıb. Fransanın SUEZ şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru, Fransa Xarici Ticarət Şurasının Cənubi Qafqaz üzrə prezidenti Alen Karbonel ölkəmizdə yeni koronavirus epidemiyası ilə bağlı vəziyyətdən danışarkən deyib ki, Azərbaycanda COVID-19 epidemiyası ilə bağlı vəziyyətə nəzarət hökumət tərəfindən aparılır. Sərhədlər, quru, hava və dəniz yolları bağlanıb, ölkədə karantin tətbiq olunub. Əhali testdən keçirilir, xaricdən gələn 4 mindən çox azərbaycanlı karantində saxlanılır. A.Karbonel ölkəmizdə COVID-19 virusuna yoluxanlara, bu virusdan ölənlərlə dair statistikanı səsləndirib. Azərbaycanda karantin rejiminə riayət edilməsi məqsədilə tətbiq edilən qaydalardan, xüsusilə də aprelin 5-dən həyata keçirilən SMS sistemindən danışıb. Bildirib ki, bütün bu tədbirlər COVID-19-un yayılmasının qarşısını almaq məqsədi daşıyır. Bəzi zəruri müəssisələrin fəaliyyətini davam etdirdiyini diqqətə çatdıran Alən Karbonel hökumətin mövcud böhranla bağlı müstəsna tədbirlər gördüyünü vurğulayıb. Ölkəmizdə kiçik və orta müəssisələrə, eləcə də əhaliyə dəstək baxımından hökumətin böyük məbləğdə vəsait ayırdığını bildirib.
Onu da qeyd edək ki, bəzi ölkələr koronavirusa qarşı mübarizədə Azərbaycan təcrübəsini tətbiq etməyə üstünlük veriblər. Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması çoxsaylı ölkələrdə eyni addımın atılmasına sövq edib. Məhz bu kimi faktlar hər bir Azərbaycan vətəndaşına qürur verir, vətəndaş da öz növbəsində sağlamlığının və təhlükəsizliyinin təminatçısı olan ölkə başçısına minnətdarlığını ifadə edir.