Azərbaycanda bütün demokratik prinsiplər kimi siyasi plüralizm də ən yüksək səviyyədə təmin edilir

Azərbaycan tarixində ikinci dəfə öz müstəqilliyini əldə etdikdən demokratik cəmiyyətin norma və prinsiplərinə uyğun olaraq addımlar atmağa, həmin prinsipləri öz gündəlik həyatında tətbiq etməyə başladı. Həmin illərdə Azərbaycan, eləcə də digər ittifaq ölkələri öz müstəqilliklərini, suverenliklərini demək olar ki, iki fərqli siyasi formasiyanın apardığı mübarizənin nəticəsi olaraq əldə etdikləri üçün, siyasi sahədə hansı islahatların hıyata keçiriləcəyi, hansı addımların atılacağı, ən əsası ölkədə fəaliyyət göstərən siyasi partiyalarla işin necə qurulacağı olduqca maraq kəsb edirdi.

Müstəqillliyimizin ilk illərində bu sahədə vəziyyət demək olar ki, ürəkaçan durumda deyildi. Ölkədə demək olar ki, iki siyasi qüvvə mövcud idi. Keçmiş Sovet İttifaqının qərarlarına canla-başla xidmət edən Kommunist Partiyası və hakimiyyəti ələ keçirən demokratik qüvvələr, Azərbaycan Xalq Cəbhəsi və Müsavat cütlüyü. Düzdür, əlavə bir neçə partiya da mövcud idi ki, bunların  sırasına Azərbaycan Milli İstiqlal Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və s. var idi ki, həmin partiyalar da demək olar ki, AXC-Müsavat cütlüyünün sözünü təkrar edirdilər. Çünki həm Milli İstiqlal Partiyası, həm Vətəndaş Həmrəyliyi Partiyası, həm də digər siyasi qüvvələr və onların rəhbərliyində təmsil olunan şəxslər Meydan Hərəkatının əsas hərəkətverici qüvvəsi sayılan Azərbaycan Xalq Cəbhəsinin şinelindən çıxmışdılar. Ona görə də həmin siyasi qüvvələrin AXC-Müsavat cütlüyünün hakimiyyəti əleyhinə hər hansı bir fikir səsləndirməsi, o zamankı hakimiyyətin səfv və ya düzgün siyasətini təhlil edə bilməsi qeyri-mümkün idi. Bir sözlə ölkə müstəqil, suveren bir dövlət olsa da, lakin həmin illərdə Azərbaycanda fərqli siyasi fikir, düşüncə bildirmək, ifadə etmək o qədər də asan məsələ deyildi. Bu niyyətdə olub yeni fərqli siyasi düşüncə, fikir ortaya qoymaq istəyinə düşən, bu istiqamətdə fəaliyyətə keçən siyasilər, ictimai xadimlər isə təqib olunur, onlara qarşı siyasi represiyalar həyata keçirilirdi. Bu mənada həmin dövrdə Azərbaycanda əsas demokratik prinsiplərdən biri olan siyasi plüralizmin mövcud olmasını söyləmək, iddia etmək absurd olardı. Belə bir mənzərəni o zaman təsis qurultayı keçirmək ərəfəsində olan Yeni Azərbaycan Partiyasına qarşı münasibətdə də aydın görmək mümkün idi. Həmin dövrdə ölkənin 91 ziyalısının ümummilli lider Heydər Əliyev ətrafında birləşib yeni bir siyasi qüvvə, partiya təsis etmək istəklərinə nəinki şərait yaradılır, müsbət reaksiya verilir, əksinə ciddi cəhdlə bunun qarşısı alınır, həmin iddiada olanlar ciddi təqib və təzyiqlərlə üzləşirdilər. Əvvəlcə Yeni Azərbaycan Partiyasının təsis qurultayının paytaxt Bakı şəhərində keçirilməsi nəzərdə tutulsa da, lakin o zamankı hakimiyyətin ciddi təzyiqlər və maneələri nəticəsində Yeni Azərbaycan Partiyası öz təsis qurultayını Naxçıvan Muxtar Respublikasında keçirmək məcburiyyətində qaldı. 1992-ci ilin noyabrında baş tutan qurultayla əslində ölkədə siyasi plüralizmin təmin edilməsi istiqamətində ilk addımlar atılmış oldu. Ancaq bu addım hakimiyyət tərəfindən deyil, yeni yaradılan, təsis olunan siyasi partiya tərəfindən atılırdı. Təbii ki, bu da mərkəzi hakimiyyəti razı salmır və bütün imkanlardan istifadə edilərək yeni təsis olunmuş Yeni Azərbaycan Partiyasının təşkilatlanması, onun yerli rayon təşkilatlarının yaradılmasına qarşı maneələr yaradılırdı. Bütün bunlar isə təkcə daxildə deyil, eləcə də beynəlxalq aləmdə, dünyada Azərbaycanda demokratik hüquq və prinsiplərə əməl edilmədiyi, siyasi plüralizmin təmin olunmadığı fikri formalaşdırır, ayrı-ayrı beynəlxalq təşkilatlar, qurumların qəbul edilən hesabatlar, reytinqlərdə əksini tapırdı.

1992-ci ilin sonu, 1993-cü ilin əvvəllərində isə ölkədə vəziyyət daha da gərginləşdi. Siyasi basqıların, təqiblərin getdikcə artması, ölkədə siyasi plüralizm kimi vaacib demokratik prinsiplərin işləməməsi, eyni zamanda bürün bunların üzərinə sosial problemlərin də əlavə edilməsi may-iyun aylarında Azərbaycanda vətəndaş qarşıdurması, müharibəsi təhlükəsi yaratdı və faktiki olaraq ölkədə arzuedilıməz siyasi situasiya, hətta ölkənin müstəqilliyinin təhlükə altına düşməsi qorxusu yarandı. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev tezliklə ölkədə mövcud olan problemləri aradan qaldırmağa nail olur.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı siyasi sahədə də müsbət yöndə islahatların həyata keçirilməsi, bu sahədə plüralizmin təmin edilməsinə imkan yaratdı. Siyasi prtiyaların yardılması, onların Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməsi üçün mövcud olan maneələr, əngəllər aradan qaldırıldı, proses bir qədər də asanlaşdırıldı. Keçmiş təcrübəsi və idarəçilik texnologiyasına əsaslanan ümummilli lider çox gözəl bilirdi ki, ölkədə siyasi plüralizmi təmin etmək olduqca zəruridir. Elə buna görə də ölkədə fəaliyyət göstərən siyasi partiyalar üçün hər bir şərait yaradılır, onlara nəinki paytaxtda, hətta rayon təşkilatlarında belə ofislər, qərargahlar ayrılırdı. Bu illərdə Heydər Əliyev hakimiyyətinə müxalif kimi tanınan Azərbaycan Milli İstiqlal Partiyasının yubileyinə o zaman Prezident Administrasiyasının rəhbəri olan Ramiz Mehdiyev başda olmaqla bir sıra rəsmilərin qatılması da Azərbaycanda siyasi plüralizmin ən yüksək səviyyədə təmin edildiyinin göstəricisi idi. Etiraf edək ki, həmin dövrdə bu hadisə təkcə Azərbaycan daxilində deyil, eləcə də ondan kənarda da olduqca müsbət qarşılanmış və demokratik cəmiyyətin əsas göstəricilərindən biri kimi qəbul edilmişdi.

Yaxud ümummilli lider Heydər Əliyevin də iştirak etdiyi parlamentdə Dağlıq Qarabağ müzakirələrini də həmin dövrdə siyasi plüraalizmin göstəricilərindən biri kimi qələmə vermək olar. Məlumat üçün qeyd edək ki, ümummilli lider Heydər Əliyevin iştirakı ilə  2001-ci il fevralın 23-24-də  Milli Məclisin Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin  sülh  yolu ilə həlli  prosesinə  aid məsələyə  həsr  edilmiş iclası keçirilib. İclasda Heydər Əliyev Dağlıq Qarabağ problemi ilə əlaqədar baş verən prosesləri şərh edərkən haqlı olaraq qeyd edirdi ki, əgər müstəqilliyin ilk illərində bütün Azərbaycan xalqını hiddətləndirən, vahid sarsılmaz bir qüvvə kimi  meydanlara toplayan milli qürur, milli oyanış hisslərindən lazımi şəkildə istifadə olunsaydı, vəziyyət bu dərəcədə mürəkkəbləşməzdi.  Bir faktı xüsusilə qeyd etmək lazımdır ki, ölkə başçısının  iştirakı ilə  keçirilən həmin iclasa  ölkədə  fəaliyyət  göstərin  siyasi partiyaların, qeyri-hökumət  təşkilatlarının, habelə ziyalıların, bütövlükdə geniş ictimaiyyətin  nümayəndələri  dəvət  olunmuşdular.  Bu prezidentin əslində  xalqla   məsləhətləşməsi idi.  Eyni zamanda bu faktın özü də Azərbaycanda siyasi plüralizmin mövcudluğunu təsdiq edirdi. Qeyd etmək yerinə düşər ki, ümummilli liderin də iştirak etdiyi həmin müzakirələrə Heydər Əliyev hakimiyyətinə qarşı ən radikal mövqedə dayanan, haqlı-haqsız hakimiyyəti tənqid edən, hətta təhqirə yol verən siyasi partiyalar da dəvət edilmişdi. Bu amilin özü bir tərəfdən Azərbaycanda siyasi plüralizmin mövcudluğunun göstəricisi idisə, digər tərəfdən  hakimiyyətin digər siyasi partiyaların mövqeyinə nə qədər önəm verdiyini prtaya qoyurdu.

Günümüzdə də Azərbaycanda siyasi plüralizmin mövcud olduğunu, ölkədə fəaliyyət göstərən siyasi partiyaların mövqeyinə xüsusi diqqət yetirildiyini əminliklə söyləyə bilərik. Dövlətin həyatında mühüm əhəmiyyət kəsb edən tarixlərdə, əlamətdar günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən təşkil edilən rəsmi qəbullara müxalifət partiyaları liderlərinin də dəvət olunması, müntəzəm olaraq onlarla hakimiyyətin müvafiq şəxsləri arasında siyasi məsləhətləşmələrin aparılması, görüşlərin keçirilməsi, ən son Novruz bayramı ərəfəsində Prezident Administrasiyasında fəaliyyət göstərən siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsi tərəfindən ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalara təbrik məktublarının göndərilməsi məhz Azərbaycanda siyasi plüralizmin mövcudluğunun və onun ən yüksək səviyyədə təmin olunmasının göstəricisidir. Ölkəmizdə siyasi plüralizmin təmin edilməsinin, onun qorunmasının digər bir nümunəsi isə VI çağırış Milli Məclisin tərkibi və onun müvafiq komitələri, rəhbərliyinin formalaşmasıdır. Məlum olduğu kimi, VI çağırış Milli Məclisin rəhbərliyində, onun sədr müavini postunda təmsil olunan şəxslər sırasında müxalifət partiyalarının, eyni zamanda bitərəflərin də nümayəndələri təmsil olunub. Həmçinin qanunverici orqanın ayrı-ayrı komitələrinin rəhbərləri də məhz parlamentdəki müxalifət partiyalarının təmsilçilərindən təşkil edilib.

Bütün bunları nəzərə alaraq əminliklə deyə bilərik ki, Azərbaycanda siyasi plüralizm hətta siyasi cəhətdən inkişaf etmiş digər ölkələrdən belə ən üst səviyyədədir. 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31