Samux rayonunda 39.5 km-lik yerli əhəmiyyətli yol yenidən qurulur
9 Aprel 2020 14:42 SosialKəndlərarası yolların yenidən qurulması layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Samux rayonunda uzunluğu 39.5 km olan yerli əhəmiyyətli avtomobil yolunun yenidən qurulması işlərinə start verilib. Agentlikdən "OLAYLAR"-a bildirilib ki, bu 28.1 km uzunluğa malik Yenikənd-Poylu avtomobil yolu və bu yoldan ayrılan Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarıdır. Kəsəmən yolunun uzunluğu 4.6 km, Qarabağlı yolunun uzunluğu 2.8 km, Salahlı yolunun uzunluğu isə 4 km təşkil edir.
Yenikənd-Poylu avtomobil yolu IV texniki dərəcəli olmaqla qara örtüklüdür. Avtomobil yolu uzun illər istismar olunduğundan təmirlər arası istismar müddətini keçmişdir. Avtomobil yolunun torpaq yatağı deformasiyaya uğramış, yolda qabarma və çökmələr əmələ gəlmişdir. Yolun 14-26 km hissəsi yerin təbii relyefiylə eyni səviyyədə olduğundan atmosfer və suvarma sularının təsiri altında qalır. Bu səbəbdən örtükdə çoxlu sayda çalalar, çökmələr və gölməçələr əmələ gəlmişdir. Yolun torpaq yatağının yerin təbii relyefindən qaldırılmasına və yenidən təmir olunmasına ehtiyac yaranmışdır.
Layihə çərçivəsində mövcud örtüyün qazılaraq kənara daşınır, zəruri olan yerlərdə yol yatağınınn yararsız qruntu müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılır. Bundan başqa yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılır və kipləşdırılır. Yeni yol yatağı işlənən ərazilərdə optimal-qırmadaş və qum-çınqıl qarışıqlarından ibarət müxtəlif qalınlıqlarda yol əsasının tikintisi və bərpası, yolun çiyinlərinin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri aparılır. Bu işlərə paralel olaraq yolun altından suların ötürülməsi üçün mövcud suötürücü borular bərpa olunur, zəruri olan yerlərdə yeniləri qurulur.
Gürcüstan ilə dövlət sərhədinə yaxın ərazidə yerləşən yaşayış məntəqələrini əhatə edən yolların yenidən qurululması 4 minə yaxın əhalinin gediş-gəlişini rahatlaşdıracaq.