Elçin Mirzəbəylidən jurnalistlərə ÇAĞIRIŞ- Peşəmizin adını ləkələməyək!
8 Aprel 2020 17:26 SosialElçin Mirzəbəyli
Dəyərli həmkarlar,
Rica edirəm, hansısa "jurnal"ın, yaxud "jurnal"ların möhürü ilə saxta arayış verən şəxsləri ictimaiyyətə "jurnalist" kimi təqdim etməyin!
Azərbaycanda medianın adından sui-istifadə edənlərin sayı təəssüf ki, az deyil. Və təəssüf ki, bəzən belələrinə qarşı aparılan mübarizənin özü belə bəzi həmkarlarımız tərəfindən birmənalı qarşılanmır. Nəticədə KİV-i öz cinayət əməllərinə vasitə edən şəxslər özlərini daha rahat hiss etməyə başlayırlar. Bunu sözgəlişi yazdım...
Konkret halda cinayət əməlinə yol verməkdə şübhəli bilinərək saxlanılanlar kimsənin tanımadığı hansısa bir "jurnal"ın möhüründən istifadə edərək saxta arayışlar hazırlayıblar. Yəni jurnalın möhürünün əvəzinə hansısa tibb müəssisəsinin, yaxud başqa bir qurumun möhüründən də istifadə oluna bilərdi. O zaman yəqin ki, həmin saxtakarlar "saxtakar həkim" və yaxud başqa bir peşənin sahibi kimi təqdim edilməyəcəkdilər. Bu və ya digər peşənin önünə hansısa cinayət əməlini ifadə edən sözləri calamaq doğru deyil. Hansısa saxtakarlara görə peşəmizin adını ləkələməyək!
Azərbaycan jurnalistləri bu çətin günlərdə kifayət qədər yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirirlər! Mən öz növbəmdə həssalıq, yurdsevərlik, peşəkarlıq, əsl vətəndaş mövqeyi sərgiləyən bütün həmkarlarıma təşəkkürümü bildirirəm! Var olun!
#həmrəyolaq #bizbirlikdəgüclüyük