Fərdi sahibkarlar yardım almaq üçün hansı məlumatları təqdim etməlidirlər?

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi göztəriləcək. "Olaylar" xəbər verir ki, bu İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı"nda əksini tapıb. Vəsaitlərin ödənilməsi aşağıdakı qaydada həyata keçiriləcək:

Qeydiyyatda olan bütün vergi ödəyicilərinə "Pandemiya ilə bağlı maliyyə dəstəyi  proqramı" barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək. Vergi ödəyiciləri internet vergi idarəsində şəxsi kabinetində "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı" bölməsindən "fərdi sahibkarlara ödənişlər üzrə müraciət" alt bölməsinə  daxil olaraq buradakı müvafiq alt bölmədə elektron qaydada müraciət formasını doldurmalıdır. Müraciət formasında reyestr məlumatları (vergi ödəyicisinin adı, VÖEN-i, fəaliyyət sahələri, bank hesabları, 2019-cu il ərzində ödənilmiş vergilər) avtomatik əks olunacaq.

Vergi ödəyiciləri müraciətdə öz vergi rejimi (2 faiz sadələşdirilmiş vergi ödəyicisi olması, sabit qəbz almaqla fəaliyyət göstərməsi, daşıma fəaliyyəti ilə məşğul olması və ya gəlir vergisinin ödəyicisi (mikro) olması) barədə məlumatları onlayn qaydada doldurmalıdırlar. Bu məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır. Sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə məlumatlar avtomatik olaraq qəbul edilir və vergi ödəyicisinə bu barədə bildiriş göndərilir.

Qeyd: Müraciətin yoxlanması zamanı sistem tərəfindən uyğunsuzluqlar aşkar edilə bilər. Bu, vergi ödəyicisinin seçdiyi vergi rejiminin məlumat bazasında mövcud vergi rejiminə uyğun gəlməməsi, vergi ödəyicisinin fəaliyyətinin mart ayından əvvəl dayandırılmış olması, 2019-cu il ərzində büdcəyə vergi ödəmələri aparmaması, riskli vergi ödəyicisi ilə əməliyyat aparması ilə bağlı ola bilər. Bu hallarda vergi ödəyicisinə aşkar edilimiş uyğunsuzluqları aradan qaldırmaq və yenidən müraciət etmək imkanı veriləcək.

Fərdi sahibkar olan vergi ödəyicisinin dövlət büdcəsinə və ya  büdcədənkənar dövlət fondlarına borcu ilə əlaqədar bank hesablarında sərəncam olduğu halda, köçürülən vəsaitin dondurulmaması və ya silinməməsi təmin olunacaq. Fərdi (mikro) sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250,0 manatdan az olduğu təqdirdə ona 250,0 manat məbləğində maliyyə dəstəyi göstəriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31