Sahibkarlara vəsaitlərin ödənilməsi hansı qaydada həyata keçiriləcək?
8 Aprel 2020 14:18 SosialPandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün nəzərdə tutulan vəsait sahibkarların bank hesabına aşağıdakı qaydada həyata keçiriləcək. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, qeydiyyatda olan bütün vergi ödəyicilərinə "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı" barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək. Vergi ödəyiciləri internet vergi idarəsində şəxsi kabinetində "Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı" bölməsindən "əmək ödənişləri üzrə müraciət" alt bölməsinə daxil olaraq buradakı müvafiq alt bölmədə olan müraciət formasını elektron qaydada doldurmalıdır. Müraciət formasında reyestr məlumatları (vergi ödəyicisinin adı, VÖEN-i, bank hesabları, 1 mart və müraciət tarixinə əmək müqavilələri üzrə işçi sayları) avtomatik əks olunacaq. Vergi ödəyiciləri müraciətdə pandemiya üzrə zərər çəkmiş fəaliyyət sahələrini, təsərrüfat subyektlərini (obyektlərini), zərər çəkmiş sahə üzrə işçi sayı və əməkhaqqı fondu barədə əlavə məlumatları özləri onlayn qaydada doldurmalıdır. Bu məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır. Sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə məlumatlar avtomatik olaraq qəbul edilir və bu barədə vergi ödəyicisinə bildiriş göndərilir.
Qeyd: Müraciətin yoxlanması zamanı sistem tərəfindən uyğunsuzluqlar aşkar edilə bilər. Bu, vergi ödəyicisinin fəaliyyət sahəsinin və təsərrüfat subyektinin (obyektinin) pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlməməsi, müraciət tarixinə işçi sayında azalmaların olması, riskli vergi ödəyiciləri ilə əməliyyatların aparılması kimi hallardır. Reyestr məlumatları üzrə uyğunsuzluq aradan qaldırılarsa, vergi ödəyicisinə şəxsi kabinet vasitəsilə onlayn qaydada yenidən müraciət etmək imkanı yaradılacaq.