Habil İsgəndərov: “Prezidentin əfv sərəncamı humanizmin göstəricisidir”
7 Aprel 2020 17:54 Sosial"Bağışlamaq böyüklük əlamətidir. Cənab Prezidentimiz böyüklük edib yaşı 65 və daha yuxarı olan şəxsləri əfv edib". Bunu "Olaylar"a deyən hüquqşünas Habil İsgəndərovun sözlərinə görə, hazırki əfv siyahısına baxanda görünür ki, ağır və xüsusilə ağır cinayət törətdiklərinə görə məhkum olunmuş şəxslərin adları çoxluq təşkil edir: "Bu vaxta qədərki əfv sərəncamlarında adətən, ağır və xüsusilə ağır cinayətlər törətmiş şəxslərin adlarına az rast gəlinirdi. Sonuncu sərəncam həm də onu göstərdi ki, bu cür məhkumların da əfv olunması mümkündür və bu da humanizm göstəricisidir. Sərəncam həm də onu göstərdi ki, Azərbaycanda cəza siyasəti həqiqətən cinayətkarın fiziki məhrumiyyətlərə, iztirablara məhkum edilməsi məqsədilə deyil, islah olunması məqsədilə tətbiq olunmalıdır. Yaşı 65-dən yuxarı şəxslərin Prezidentin humanist qərarından nəticə çıxaracaqları və gələcəkdə bir daha qanun pozuntusuna, cinayətə yol verməyəcəklərinə ümid edirik. Bu sərəncam onlar üçün həm azadlıqda yaşamaq, həm də vaxtilə törətdikləri cinayət əməlləri ilə cəmiyyətə və dövlətin qanunla qorunan mənafeyinə vurduqları ziyanın qismən də olsa aradan qaldırılması üçün onlara verilmiş bir şansdır"