Tovuzun müharibə veteranları razılıq edirlər
6 Aprel 2020 22:15 Sosial"Milli Məclisin Mədəniyyət komitəsinin sədri, rayonumuzun deputatı Qənirə Paşayeva və "Hünər" qrupu koronavirus pandemiyasından qorunmaq üçün 105 saylı Tovuz seçki dairəsinin ərazisində yaşayan 500-ə yaxın Qarabağ müharibəsi veteranına və onların ailələrinə tibbi-gigiyenik ləvazimat göndərib".
Bu sözləri açıqlamasında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev deyib. O bildirib ki, bir neçə gün öncə millət vəkili Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün də ərzaq və tibbi ləvazimat göndərib:
"Qənirə xanım hər zaman bizi diqqət mərkəzində saxlayır. O bizim təkcə problemlərimizi yüksək tribunadan səsləndirən və həllinə çalışan deputatımız deyil. O bizim qızımızdır, bacımızdır. Çünki həmişə bizi diqqətdə qaxlayır və qayğı göstərir. Belə bir çətin vəziyyətdə yenə də deputatımız müharibə veteranlarını unutmadı. Bu gün o, rayonumuza veteranlar üçün koronavirusa qarşı bütün tibbi-qoruyucu vasitələr göndərib. Hazırda biz bu ləvazimatların paylanması ilə məşğuluq. Onların hamısı Əlibəyli, Ağdam, Vahidli, Qovlar, Eyyublu, Düz Qırıxlı, Qaraxanlı və digər kənd və qəsəbələrdəki 500-ə yaxın Qarabağ müharibəsi veteranına paylanılacaq. Veteranlar adından Qənirə Paşayevaya təşəkkür edirəm".
Qənirə Paşayevanın bu addımına digər deputatların da qoşulmaları, seçildikləri dairənin ərazisində yaşayan veteranlara, şəhid ailələrinə diqqət göstərmələri dövlətin yanında olmaq, koronavirusla mübarizədə apardığı işə kömək deməkdir.