Tibb işçilərini daha yaxşı necə qoruya bilərik?

Nigar Arpadarai: "Pandemiya dövründə, xüsusi karantin rejimi olan zaman xəstələrlə birbaşa ünsiyyətdə olan işçilərin həyat sığortasının tətbiqi önəmlidir"

Çindən başlayaraq bütün dünyanı bürüyən koronavirus pandemiyası hər gün yüzlərlə can almaqdadır. Dünya səhiyyəsinin belə aciz qaldığı bu pandemiyanı hələ ki, durdurmaq, onun qarşısını almaq qeyri-mümkün olaraq qalır. Təəssüfedici və ürək ağrısı ilə qeyd edilməli məqamlardan biri ondan ibarətdir ki, hətta səhiyyə işçiləri də bu virusun qurbanına çevrilir, ondan həlak olurlar. Öz canlarını, həyatlarını ətrafdakı insanlar, virusa yoluxan xəstələr üçün qurban verən tibb, səhiyyə işçiləri bu gün demək olar ki, əsl qəhrəmanlardırlar. Elə bu səbəbdəndir ki, dünyada, xüsusilə də Azərbaycanda bu gün tibb işçiləri, səhiyyə sahəsində çalışan insanlara xüsusi diqqət və qayğı ilə yanaşılır, onların canlarını təhlükəyə atmaq bahasına başa gələn fəaliyyətləri təqdir edilir. Buna görə də ayrı-ayrı dövlətlər səviyyəsində, həmçinin Azərbaycanda səhiyyə işçilərinin fəaliyyəti yüksək dərəcədə qiymətləndirilir. Bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı müvafiq sənəd əsasında koronavirusa qarşı mübarizə sahəsində çalışan səhiyyə işçilərinin əmək haqqlarının 3-5 misli artıq nəzərdə tutulması, eyni zamanda bu günlərdə qəbul edilən yeni proqramda səhiyyə işçiləri ilə bağlı əlavə maddələrin yer alması deyilənlərin əyani sübutudur. Millət vəkili Nigar Arpadarai tibb işçiləri, xüsusilə koronavirusa qarşı mübarizədə səfərbər olan həkimlərin fəaliyyətinə verilən qiyməti təqdir etmək, dəstəkləməklə yanaşı, eyni zamanda onu da qeyd edir ki, bu sahənin insanlarına daha çox diqqət və qayğının ayrılmasına ehtiyac var: "Hazırkı statistik məlumatlara əsasən ölkəmizdə 600-yə  yaxınCovid-19 virusuna yoluxma halı qeydə alınıb. Belə bir şəraitdə koronavirusla mübarizə məsələsində ön cəbhədə çalışan, ən çox risk altında olan insan qrupu bizim həkimlər, səhiyyə işçilərimizdir. Onlar bu bəla ilə fədakarcasına mübarizə aparır və məhz tibb işçilərinin qorunması məsələsi gündən-günə aktuallığını artırır". Millət vəkili bildirib ki, koronavirusla mübarizə tədbirlərində iştirak edən səhiyyə işçilərinin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilir və dövlət başçısı hələ bir neçə həftə öncə, karantin tədbilərinin tətbiq olunmasının ilk dönəmində səhiyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, onların əmək haqqlarının artırılması haqqında sərəncam imzalayıb, aidiyyatı qurumlara müvafiq göstərişlər verib: "Hesab edirəm ki, pandemiya dövründə səhiyyə işçilərinin qorunması və gələcəyə əminliyini təmin etmək üçün atılmalı olan növbəti addım, pandemiya zamanı əmək fəaliyyətinə görə xəstələrlə birbaşa ünsiyyətdə olan insanlar üçün (tibb personalı və digər əməkdaşlar) həyat sığorta mexanizminin tətbiqi olmalıdır. Bəzi ölkələr artıq belə bir sistemin tətbiqini elan ediblər. Əminəm ki, Azərbaycanda da bunu etmək mümkündür. Təbii ki, hazırda dövlət tibb işçilərini qorumaq üçün lazımi sanitar şəraitin yaradılmasını təmin edir. Lakin bütün dünyada praktika onu göstərdi ki, heç bir qoruma yolları 100 faiz yoluxmanın qarşısının alınmasını təmin etmir. Ona görə də pandemiya dövründə, xüsusi karantin rejimi olan zaman xəstələrlə birbaşa ünsiyyətdə olan işçilərin həyat sığortasının tətbiqi önəmlidir". Nigar Arpadarai hesab edir ki, bunun bir neçə yolu ola bilər: "Hərbi qulluqçular üçün tətbiq olunan dövlət sığortasının pandemiya zamanı bu kateqoriya insanlara tətbiq olunması. Dövlət subsidiyası əsasında sığorta mexanizminin tətbiqi, yəni hökümətlə özəl sektorun birgə işi sayəsində mexanizmin yaradılması. Bu sahədə tamamilə yeni mexanizmin yaradılması. Növbəti günlər ərzində bu məsələ ilə bağlı ən münasib təklif hazırlamaq üçün araşdırma aparıb, müvafiq qurumlara sorğuları yönləndirəcəyəm. Əminəm ki, indiki şəraitdə bunu pandemiya dövrü üçün tətbiq etmək olar, lakin sonrakı mərhələlərdə bu məsələnin qanunvericilik səviyyəsində həllinin tapılması mütləqdir. Belə sistemin mövcudluğu, sağlamlığı bahasına, fədakarcasına işini görən səhiyyə işçilərinə və xəstələrlə ünsiyyətdə olan digər sahənin əməkdaşlarına daha çox əminlik və güvənlik vermiş olardı".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31