Koronavirus psixoloji xəstələrə necə təsir edir?

Ramil Nəcəfli: "İndi gəl ölünü qoy, dirini ağla"

Əsrin bəlasına çevrilmiş  koronavirus bəşəriyyəti təhdid etməkdə davam edir. Dövlətlər insanları virusa yoluxmadan qorumaq və pandemiyanın qarşısını almaq üçün ən sərt tədbirlərə əl atırlar. Belə tədbirlərdən biri sosial təcrid mexanizmidir ki, artıq dünya ölkələrinin mütləq əksəriyyəti bu üsuldan istifadəyə üstünlük verirlər. Həyata keçirilən sosial təcrid tədbirləri nəticəsində uşaq bağçaları, məktəblər, universitetlər, ictimai iaşə obyektləri, əyləncə, istirahət mərkəzləri bağlanıb, kafe-restoranların fəaliyyəti məhdudlaşdırılıb. Artıq bir sıra ölkələrdə çölə çıxmaq ya məhdudlaşdırılıb, ya da tamamilə qadağan edilib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insanları evdə qalmağa çağırır. Ölkələr də bu tövsiyyəni icra etməyə çalışırlar. Heç şübhəsiz ki, bütün sadalananlar insanlarda ciddi psixoloji problemlər yaratmaq ehtimalını artırır. Maraqlıdır, koronavirus insanlarda hansı psixoloji problemlər yarada bilər?

Psixoloq, tibbi jurnalist, təlimçi Ramil Nəcəfli deyir ki, psixologiyada möhtəşəm 3-luk dediyimiz bir anlayış var: Təhlükə, Qorxu və Reaksiya. Yəni, adətən təhlükə olduğu zaman normal olaraq insan qorxur, təşviş keçirir, həyəcanlanır və həmin qorxudan dolayı tədbir alır. Başqa sözlə təhlükədən qaçır. Bu normaldır. Lakin psixoloji pozuntu yaşayan, psixoloji xəstələr, yaxud ruhi tarazlığını itirmiş adamların çoxunda daşıdığı xəstəlik hansısa təhlükənin, real riskin fonunda baş vermir. Anormal, həm də şüuraltı olaraq baş verir onun psixoloji xəstəliyi. Yəni qorxusuna, stressinə, təşvişinə səbəb olan real təhlükə olmur: "Konkret desək Panik Atak deyilən psixoloji xəstəlik, Sarışan hallar nevrozu, Obsessiv-Kompulsiv Pozuntu, Fobiyalarin əksər növlərindən əziyyət çəkən insanların belə baxanda haqlı səbəbləri olmur. Məsələn, Panik atak xəstəsi durduğu yerdə qəfildən dəhşətli dərəcədə sıxılır, boğulur, nəfəs darlığı, əllərdə tərləmə, ölüm qorxusu, ürək nahiyəsində ağrı tutmasından əziyyət çəkir. Bəzilərində tutma zamanı mədəsi ağrıyır, öyümə, qusma baş verir. Bir xeyli Obsessiv Kompulsiv Pozuntudan əziyyət çəkən insanlar əllərini az qala dərisi soyulanacan yuyur, sabunlayir, spirtləyir. Bunu dəfələrlə edir. Təmizliyin və dezinfeksiyanin həddini asırlar. Agorofobiyasi olan adamlar küçəyə çıxmaqdan çəkinirlər. Vaxtını evdə keçirir, çölə çıxanda özlərini olduqca pis hiss edirlər. Sosial fobiyası olan adamlar izdihamlı, adamların çox olduğu məkanlardan qaçırlar. Toyda, məclisdə, tədbirlərdə özlərindən asılı olmayaraq boğulma, sıxılma, darıxma, həyəcan və təşviş halları ilə baş-basa qaldıqları üçün adam arasında çox olmurlar. Auditoriya içərisində əksəriyyətini tər aparır. Depressiyadan əziyyət çəkən insanlar da özünə qapılır, dost-tanışla ünsiyyətdən qaçır, həyatın mənasiz olduğunu fikirləşir. İnamsız, ümidsiz olurlar. Heç nəyə həvəsləri olmur. Ya həddən artıq yuxusuz olurlar, ya da həddən çox yatırlar. Yuxarıdakı digər psixoloji xəstəliklərdən fərqli olaraq depressiya adətən şüurlu səbəb üzündən baş verir. Yəni məsələn, kimisə, nəyisə itirmək, ayrılıq, sevgi travması, xəstəlik, kiminsə vəfat etməsindən sonra baş verir. Bununla belə bəzi fəsillərdə klimakterik səbəbdən depressiyaya düşənlər də az deyil".

Psixoloqun sözlərinə görə, indi psixoloji xəstələr artıq koronovirus balasının və onunla birgə gələn karantin üzündən özlərinə "Haqlı səbəb" tapıblar: "İndi gəl ölünü qoy, dirini ağla. Evə qapılan, əllərini tez-tez və az qala hər dəqiqə, hər saat yuyan adamlar, adam arasına çıxmaq istəməyənlər, ünsiyyətdən qaçanlar, qorxu, panika və təşviş tutması keçirənlər, dünyanın etibarsız olduğunu fikirləsənlər və həyata, insanlara qarsi ümidsiz olanlar koronavirusun hesabına əllərinə "kozir" düşüb. Özlərinə haqq qazandirirlar. Real təhlükə ilə əlaqələndirirlər öz qorxularını, vasvasiliqlarini, melnxolikliklərini və yaxud fobiyalarini. Yəgin ki, çevrəsində əvvəllər onları qınayan yaxınlarına, dostlarına deyirlər ki, "gördüz, məni məzəmmət edirsiz, halbuki mən haqlıyam....."

Onun sözlərinə görə, bu vəziyyətdə kimsə onları psixoloji terapiyaya məcbur edə bilməz, əks halda onların psixoloji xəstəliyi özünə konkret təhlükə mənbəyi tapdığı üçün daha da dərinləşmis olacaq: "Çox maraqlı bir situasiyadir. Öz psixoloji xəstəliyinə "Haqlı səbəb" tapmış insanlarla işləmək, onları yaxşılaşdırmaq ikiqat əzm və iradə, peşəkarlıq, böyük həvəs tələb edir. Tezliklə bu kutləvi psixoloji gərginliklərdən ölkəmizin və xalqımızın xilas olmasini diləyirəm".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31