Karantin tədbirlərinə qeyd-şərtsiz əməl etməl zəruridir- Çünki bu tədbirlər yalnız vətəndaşların təhlükəsizliyinə hesablanıb- TƏHLİL
31 Mart 2020 15:11 SosialDünyanı bürüyən öldürücü koronavirus pandemiyası təəssüf ki, Azərbaycanda da getdikcə ciddi fəsadlara yol açır. Hər nə qədər Azərbaycan dövləti, hökumət, eləcə də müvafiq qurumılar xəstəliyin qarşısının alımması istiqamətində səfərbər olub müvafiq tədbirlər həyata keçirsə də, bir o qədər də virusa yoluxan vətəndaşlarımızın sayı artır. Artır təəssüf hissi ilə qeyd etmək lazımdır ki, virusun daxildə də yayılma tendensiyası müşahidə edilir və bu da kifayət qədər təhlükəlidir. Əgər son günlərə qədər koronavirusa yoluxan azərbaycanlılar əsasən müxtəlif ölkələrdən, xüsusilə də İran, İspaniya, İtaliyadan gələnlər idisə, indi artıq daxildə virusun yayılması tendensiyası müşahidə edilir və hər ötən gün artım qeydə alınır. Baxmayaraq ki, hökumət ciddi təhlükəsizlik tədbirləri həyata keçirib, lakin bəzi məsuliyyətsiz vətəndaşlarımız həmin tədbirlərə məhəl qoymayaraq həm özlərini, həm də ətrafdakıları real risk, təhlükə altına atırlar. Elə bu səbəbdəndir ki, bu gündən etibarən Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah vətəndaşlara öz mənzillərindən küçəyə çıxmağa qadağa qoyub. Yalnız zəruri ehtiyac olduğu, market, apteklərə getmək lazım gəldiyi halda vətəndaşlar yaşadıqları yeri qısa müddətdə tərk edə bilər. Bəzi vətəndaşlarımız yenə də tətbiq edilən qadağalara məhəl qoymayaraq bayıra çıxır, ətrafında olan insanlarla təmas yaradır ki, bu da heç şübhəsiz virusun yayılma risqini sürətləndirir. Ümumən Azərbaycanı real təhlükə qarşısında qoyur. Bu gün qonşu İran, qoca qitə İspaniya, İtaliya, eləcə də digər Avropa ölkələrində yaşanan fəlakət, minlərlə insan ölümü məhz zamanında alınmayan tədbirlər və vətəndaş məsuliyyətsizliyindən qaynaqlanır. Azərbaycan dövlətinin, hökumətin qəbul etdiyi qərarlara qarşı çıxan, ona əməl etməyənlər anlamlıdırlar ki, həmin insanların məsuliyyətsiz davranışları Azərbaycanda da İran, İtaliya, İspaniyanın acı təcrübəsinin təkrar olunması risqini artırır və bu təhlükəni getdikcə Azərbaycana, qapımıza, hər birimizin evinə yaxınlaşdırır. Ona görə də vətəndaşlarımız birmənalı şəkildə anlamalıdırlar ki, koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində qəbul edilən hər bir qərar insanlarımızın təhlükəsizliyi, qorunmasına hesablanıb və həmin qərarlara qeyd-şərtsiz əməl etmək lazımdır. Elə əksər ekspertlər də məhz bu qənaətdədirlər. Millət vəkili Elşən Musayev deyib ki, ölkədə karantin qaydalarının sərtləşdirilməsi doğru addımdır. Onun sözlərinə görə, hətta daha sərt addımlar atılmalıdır: "Əgər hər 5 ailədən birində "boş şeydir, virus - filan yoxdur, hamısı siyasətdi" - deyənlər hələ də tapılırsa, dünyanın, ələlxüsus da Avropanın qan daman mənzərəsi, bir-birinin ardınca sıralanan tabutlar, video-sübutlar, ölüm sayları internet əsrində yenə də müəyyən qism tərəfindən görməzdən keçilirsə, demək ki, başqa yol, çarə yoxdur. Qaydalar sərtləşməlidir. Biz bir tək şəxsimizi deyil, həm də bir-birimizi qorumalıyıq. Kimsə həyata ikinci dəfə gəlmir. Ani bir səhv, səhlənkarlıq, məsuliyyətsizlik böyük bir faciə ilə sonuclana bilər. Təsəvvür edin, sizə bir şey olmaz, əvəzində övladınıza olar. Ya yaşlı ananıza. Ya başqa bir doğmanıza. Ömrünüzün sonuna qədər bağışlaya bilərsinizmi özünüzü? Məncə xeyr. Mümkünatı yoxdur. Buraxın kənara bütün kompleksləri, spesifikliyi, məziyyətləri. Buraxın kənara inanmamaq, guya ki fərqlənmək, ümumi vəziyyətə tabe olmamaq dirənişini. Buraxın kənara bəhsəbəhslikdən, tərslikdən doğan elementləri. Vəziyyət ciddidir. Çox ciddidir. Bu gerçəyi - inanmayanlara anladaq. İzah edək. Onlardan xahiş edək. Ortada bir insan həyatı varsa - hətta lap yalvaraq. Kütləvi yoluxma, qorxunc mənzərə yalnız və yalnız prosesə qeyri - ciddi yanaşma nəticəsində reallaşa bilər. İmkan verməyək buna. Potensial təlatümün qarşısını hərə bir şəkildə alsın. Kim necə bacarırsa, o şəkildə. Amma alsın".
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay da hesab edir ki, hər kəs karantin qaydalarına riayət etməli, evdə qal kampaniyasına qoşulmalıdır: "Azərbaycanda koronavirus epidemiyası təhlükəsizliyi ilə bağlı "evdəqal" karantin tədbirləri və vətəndaşlarımızın buna əməl etməsi nəticəsiz qalmır. Dünyanı sürətlə bürüyən infeksiya ölkəmizdə öz istəyinə ćata bilmir. Güvənli olaq ki, bu cür müdafiə-rejimlə, bu həmrəyliklə, yayım yüksək temp götürməz. Təbii ki, evdən çıxmama kampaniyası zamanı, insanlar işləmir çalışmır, qazanmır və bu halda maddi ehtiyaclara düşür.Əsas da qida, ərzaqla bağlı. Və ola bilməz ki, bu epidemiyanın əhaliyə yayılmasını durdurma üçün, vətəndaşlara evdə qal deyən hökumət onlara maddi yardım haqda düşünməsin. Artıq məlumatlar var ki, Hökumət karantin dövrü normal bir miqdarda ödəniş, minimum dolanışıq üçün bu barədə bir qərar vermək üzrədir. Bu maddi tərəf də həll olunandan sonra, səbrlə və təmkinlə evdə olub özünü, ailəni, yaxınlarını bu qorxunc virus-təhlükədən təcrid etmək qalır. Bilirəm ki evdə qalmaq çətindi və darıxdırıcıdır. Amma bilin ki, dünyanın hər yerində, Almaniya, Avropa və hər yerdə camaat anlamla öz evində yığışıb oturur. Hesab edir ki, müharibədir və bu məsələdə yeganə xilas yolu budur, təcrid olma". İlqar Altay deyib ki, proqnozlara görə bu aprel ayı ərzində dünyada infeksiya yayımı aşağı düşəcək: "Artıq bu saata Almaniya, Fransa, Avstriyada enişi başlanıb və 2-3 həftə, aprel ayının sonuna koronavirus karantin tədbirlərinə ehtiyacsız qədər xeyli səngiməlidir.
Əmin olaq ki dövlət və xalqın birliyi ilə, ölkəmiz Azərbaycan bu sınaqdan ən az itki ilə çıxacaq. Allah xalqımızın və hər kəsin yardımçısı olsun".
S.İsmayılbəyli