Azərbaycan diasporunun ekvivalentliyi və ya adekvat aksiyası
23 Mart 2020 10:24 SosialÜmumdünya inkişafının yeni mərhələsi 2020-ci ildə XXI əsrin ilk qlobal bəlası, hər yerdə - böyük-kiçik, iri-xırda tanımadan meydan oxuyan və yaxın-uzaq, isti-soyuq demədən tüğyan edən ən təhlükəli xəstəlik - Koronavirus infeksiyası (COVID-19) ilə mübarizə aparır.
XX əsrin sonlarından başlayan elmi-texniki inqilabın, bu dövr ərzində informasiya-kommunikasiya və kosmik sənaye sahələrinin inkişafının belə aciz qaldığı sindirom artıq amorf halını alıb.
Bəşəriyyəti lərzəyə gətirən COVID-19 əleyhinə nizamsız dünyada ÜST səviyyəsində nizamlı beynəlxalq ordu formalaşıb.
SOS həyacanı - "əcəl zəngi" çalındığı bir vaxta müstəqil Azərbaycan bu istiqamətdə ciddi mübarizə üsulları ortaya qoydu, bütünlüklə dünya, region və ölkə üçün təhlükənin lokallaşdırılması, eyni zamanda aradan qaldırılması məqsədilə kompleks tədbirlər görməyə başladı.
Təbii ki, bunlar sırasında həyati vacib əhəmiyyətli məsələlərdən biri də məhz xaricdə olan və yaşayan vətəndaş və soydaşların mühafizəsi və müdafiəsidir.
Bu yöndə təxirəsalınmaz və effektiv işlər həyata keçirilməkdədir.
Mütəşəkkil qaydada, ictimai mənşəyindən və yaş kateqoriyasından asılı olmayaraq hər bir azərbaycanlıya əl uzadıldı.
Uşaq-böyük, tələbə, turist və s. səbəblərə görə ölkə hüdudlarından kənardakı hər bir vətəndaşın təxliyəsinə başlanıldı.
Diaspor Komitəsi 24 saatlıq rejimdə operativ şəkildə intellektual koordinasiya təşkil etməyi bacardı.
Bundan belə, məsuliyyət və vəzifə hər birimiz kimi, tarixi Vətəndən kənarda məskunlaşan, çalışan əziz və dəyərli azərbaycanlı iş adamlarının da üzərinə düşür. Qorunmaq və qorumaq daxil!
Yəni, müsibətə (COVID-19) qarşı birlik və həmrəylik nümayiş olunmalı, görülən tədbirlər çərçivəsində ölkəmizdə reallaşdırılan preventiv tədbirlərə qoşulmalı və bu ümummilli taleyüklü məsələdə mənsubiyyətin məsuliyyətini yaxından yaşamalı, bir sözlə, "Vətənə əl uzatma"lıdırlar.
Məsələn, elə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2020-ci il martın 19-da yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna müəyyən məbləğdə vəsait köçürə bilərlər.
Gərək, bu Fond varlığımızın - yaşamaq və yaşatmağımızın məbədinə çevrilsin...
Nəhayət belə qənaətdəyəm ki, Azərbaycan diasporu - dünya azərbaycanlı iş adamları bu sığortalanmamış hadisədə həm mənşə, həm də donor dövlətlərinin var qüvvə kimi yanında olmağı sübut edəcəklər.
İqtisadi imkanlarından, maliyyə resurslarını səfərbər edərək bu mövcud vəziyyətdən çıxış yolu üzrə dəstək və köməkliklərini əsirgəməyəcəklər.
Beləliklə, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi gərgin fəaliyyət və real nəticə əldə etməklə, Prezident İlham Əliyevin, Ümummilli lider Heydər Əliyevin "Mən azərbaycanlıların harada yaşamasından asılı olmayaraq, Azərbaycan prezidenti kimi, onlara daim qayğı göstərməyə çalışıram" prinsipinə sadiq olduğunu bir daha göstərə bildi.
Sizin Yəhya Babanlı,
Tarix üzrə fəlsəfə doktoru