Koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, əhalinin sosial rifahına mənfi təsirlərinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirilir
22 Mart 2020 16:21 SosialDövlət başçısının məlum sərəncamı bu mənada xüsusi əhəmiyyət daşıyır
Dünya ciddi bir sınaq qarşısındadır. Çindən yayılmağa başlayan və günümüzdə dünya ökələrinin demək olar ki, mütləq əksəriyyətini əhatə edən koronavirus təkcə gün ərzində yüzlərlə can almır, eyni zamanda hər gün ayrı-ayrı ölkələrin iqtisadiyyatına 100 milyonlarla dollar ziyan vurur. Ümumilikdə dünya iqtisadiyyatını çökdürür. Azərbaycan da dünyanın bir parçası, üzvü olduğu üçün qlobal miqyasda gedən proseslərin ölkəmizə təsiri mütləqdir, danılmazdır. Öldürücü virusun yaxın-uzaq qonşularımız, bu və ya digər ölkələrə yayılmasından sonra Azərbaycanın həmin ölkələrlə ikitərəfli iqtisadi-ticari əlaqələrinin məhdudlaşdırılması, birbaşa uçuşların ləğvi, bu mənfi tendensiyanın sonradan daha da inkişaf edib sərhədlərimizə, həm də ölkəmizə çatması təkcə Azərbaycanın beynəlxalq iqtisadi-ticari əlaqələrinə mənfi təsir göstərmədi, eyni zamanda daxildə iqtisadiyyatımızın davamlı inkişafını geriləyə biləcək fəsadlara yol açdı. Koronavirusun ölkə sərhədlərimizi aşması nəticəsində Azərbaycana ayrı-ayrı ölkələrdən həyata keçirilən turist səfərləri məhdudlaşdı, sıfır səviyyyəsinə endi. Bu da nəticə etibarilə ölkədə otellərin fəaliyyətinə mənfi təsirsiz ötüşmədi, onların gəlirlərini demək olar ki, minimum səviyyəyə endirdi. Virusun geniş miqyasda yayılmasının qarşısını almaq üçün iaşə obyektləri, restoran və kafelər üçün müəyyən qadağalar tətbiq edildi. Əvvəl bu kimi obyektlərdə fəaliyyət axşam saat 9-a qədər, martın 22-dən isə günorta saat 15:00-a qədər müəyyən edildi. Bu qadağa da təbii ki, qeyd edilən sektorun fəaliyyətinin zəifləməsi, həmin sektorda çalışanların sosial durumunun aşağı düşməsinə gətirib çıxardı. Eləcə də digər sahələrdə, respublikadaxili qatar və sərnişin avtobusu, minik avtomobilləri ilə hərəkətə tətbiq edilən məhdudiyyət və qadağalar hər bir sektora öz mənfi təsirini göstərdi. Bütün bunlar isə ilk növbədə adlarını çəkdiklərimiz sektorlardan dövlət büdcəsinə daxilolmaları nəzərə çarpacaq dərəcədə azaltdı, nəticə etibarilə iqtisadiyyata təsirsöz ötüşmədi.
Dünya koronavirusla mübarizə apardığı bir mərhələdə dünya bazarlarında neftin qiymətinin də kəskin şəkildə aşağı düşməsi hər bir ölkə kimi Azərbaycana da təsirsiz ötüşmədi. Ancaq Azərbaycan hər bir gözlənilməz situasiya, hallara hazır olduğu, zamanında ona qarşı qabaqlayıcı, adekvat addımlar atdığı üçün istər dünya bazarlarında neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi, istərsə də koronavirus amili hələlik ölkəmiz üçün o qədər ciddi fəsadlara yol açmayıb. Bunun isə başlıca səbəbi ölkədə uğurla həyata keçirilən iqtisadi siyasət, zamanında neftdən gələn gəlirlərin düzgün istiqamətə, qeyri-neft sektorunun inkişafına yönəldilməsi, büdcəmizin hər il artan templə inkişaf etməsidir. Eyni zamanda ölkədə səhiyyət sisteminin inkişaf etdirilməsi, son illər ərzində yeni, müasir standartlara cavab verən tibb məntəqələrinin tikilib istifadəyə verilməsi də qeyd edilən istiqamətdə atılan müsbət addımlardan idi. Lakin yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycan dünyanın bir parçası olduğu üçün hər hansı, hətta maksimum səviyyədə adekvat tədbirlərin həyata keçirilməsinə baxmayaraq dünyada cərəyan edən hər bir prosesin iqtisadiyyatımıza təsiri mümkünsüz deyil və son günlərdə yaşananlar bunu bir daha sübut edir. Ancaq müsbət məqam və ümid yaradan amil ondan ibarətdir ki, Azərbaycan dövləti, hakimiyyəti belə situasiyalara hazırdır və yaranmış problemin aradan qaldırılması istiqamətində lazımı addımlar atır. Bu mənada Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamı xüsusi qeyd edilməlidir. Sərəncamla qərara alınır ki, ölkə iqtisadiyyatının sabitliyinin davamlığının və xarici təsirlərə dayanıqlığının təmin edilməsi, iqtisadiyyatın inkişaf perspektivlərinin qorunması məqsədilə 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat ayrılsın.
Dövlət başçısının imzalamış olduğu məlum sərəncam öz-özlüyündə bir neçə məqamı özündə ehtiva edir. İlk növbədə onu qeyd etmək lazımdır ki, məlum sərəncam Azərbaycan dövlətinin koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, əhalinin sosial rifahına mənfi təsirlərinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirdiyini təsdiqləyir.
Nəzərə alsaq ki, bu prosesdən sahibkarlar, iş adamları da ciddi zərər görür, bu mənada dövlət başçısının imzaladığı sərəncamı sahibkarlara da dəstək sənədi kimi də qiymətləndirmək olar. Ümumiyyətlə, Azərbaycan Prezidenti Cənab İlham Əliyev hər zaman iş adamlarına, sahibkarlara dəstək olub, onların fəaliyyətlərinə yönəlik maneələrin, əngələrin aradan qaldırılması istiqamətində zəruri addımlar atıb. Zaman-zaman sahibkarların istər gömrük, istərsə də vergi rüsumlarının azaldılması barədə dövlət başçısı tərəfindən imzalanan sənədlər bunun əyani sübutudur. Bu mənada Prezidentin imzalamış olduğu son sərəncamı da həm də sahibkarlara dəstək sənədi kimi xarakterizə etmək olar.
Dövlət başçısının fəaliyyətinin başlıca qayəsi, istiqamətini vətəndaş məmnunluğu, insanların sosial müdafiəsinin, gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması təşkil etdiyindən, məlum sərəncamı qeyd edilən istiqamətində atılan mühüm addım kimi dəyərləndirmək olar. Sərəncamda əksini tapan məqamlar onu deməyə əsas verir ki, Azərbaycan dövləti, dövlət başçısı hər zaman olduğu kimi indiki gərgin vəziyyətdə də ölkənin və əhalinin zərər çəkməməsi, onun sosial durumunun yaxşılaşması üçün bütün resursları səfərbər edib. Belə ki, sərəncama əsasən ayrılan vəsait mühüm sahibkarların dəstəklənməsi, ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması ilə yanaşı, eyni zamanda ölkə əhalisinin, xüsusilə aztəminatlı təbəqənin sosial müdafiəsinin təmin olunmasına və digər bu kimi məqsədlərə yönəldiləcək.
Süleyman