Babəkin Samirə şəhərində edam olunduğu gündür – "Qırx il kölə, qul kimi yaşamaqdansa...”

14 mart Xürrəmilər hərəkatının başçısı Babəkin Samirə şəhərində edam olunduğu gündür.

Olaylar.az-ın məlumatına görə, mənbələrin əksəriyyəti Babəkin 223-cü il səfər ayının 3-də (4.1.838) Samirəyə gətirildiyi, elə həmin gün də edam edildiyi haqqında məlumat versələr də, bəzi orta çağ müəllifləri bu hadisənin bir qədər fərqli tarixini qeyd edirlər. Edam yerinə fil üstündə, şahlara layiq paltarda gətirilən Babək qısa sorğusualdan sonra ağır əzablarla edam edilir. Əvvəl əl-ayaqları, sonra başı kəsilir. Mənbələrin yazdığına görə, xalqı qorxutmaq üçün edam olunmuş Babəkin başı Xorasana göndərilir, bədəni isə Xilafət paytaxtında çarmıxa çəkilir. Hətta ərəb müəllifləri də edam zamanı Babəkin nümayiş etdirdiyi mərdlik və mətanətə heyran olduqlarını gizlədə bilməmişlər. Sağ əli kəsildikdən sonra Babək həmin əli ilə sifətini başdan-başa qana boyamışdı. Nə üçün belə etdiyini soruşduqda, o, belə cavab vermişdi: "Sən (yəni xəlifə) əmr etdin ki, məni çarmıxa çəksinlər, mənim edamını sənin boynundadır. Lakin başım bədənimdən ayrılanadək məndən axacaq qanın kəsilməyəcəyinə şübhə yoxdur. Qorxuram ki, bütün qanım axıb gedər, sifətim solar, adamlar elə əvvəldən ölümdən qorxduğumu zənn edərlər. Qanım axdığına görə deyil, bax elə buna görə mən belə etdim, sifətimi qana boyadım ki, rəngimin qaçdığı görsənməsin!"

Orta əsr ərəb müəlliflərindən əl-Məqdisinin yazdığına görə, "Babək üzərində qazanılan qələbə İslamın ən böyük qələbəsi, onun əsir alındığı gün müsəlmanların bayram günü olmuşdur". Doğrudan da, Azərbaycan xürrəmiləri üzərindəki qələbə Xilafətə çox baha başa gəldi. 20 ildən artıq müddət ərzində babəkilər Xilafətin 225 min döyüşçüsünü və xeyli sərkərdəsini məhv etmişdilər. Xilafət tarixində baş verən dini-siyasi çıxışlardan ən əzəmətlisi olan, ərəb üsul-idarəsinə qarşı xalq azadlıq müharibəsi səviyyəsində ucalan bu hərəkat əl-Məsudinin dili ilə desək "az qala Abbasilər dövlətini məhv edəcəkdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31