Tətbiq olunan qaydalar hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur

Yunus Oğuz 

Bu gün bütün dünya öldürücü koronavirusla mübarizə aparır. Artıq onlarla ölkə bu virusdan ciddi əziyyət çəkməkdədir. Azərbaycan güclü dövlətdir, öz vətəndaşlarının  bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir. Vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, onların təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bir müddət əvvəl imzaladığı sərəncam əsasında lmübarizə məqsədilə maliyyə vəsaiti ayrıldı. Bu baxımdan Azərbaycanda vəziyyətin digər ölkələrə nisbətən qənaətbəxş olduğunu deyə bilərik. Dövlət orqanlarının fəaliyyətini əlaqələndirən operativ qərargahın yaradılması, bəzi ölkələrlə sərhədlərin bağlanması və gediş-gəliş təmaslarının məhdudlaşdırılması, karantin rejiminin tətbiqi və digər addımlar hazırkı dövrə kimi qarşıya qoyulan vəzifələri maksimum icra etməyə imkan vermişdir.

Sərhəd bölgələrinə tibbi heyətlərin göndərilməsi, orada mobil laboratoriyaların qurulması, tibb işçilərinin prosesə ciddi şəkildə cəlb olunması, cənub qonşumuzda virusun geniş yayılmasından dolayı İranla olan sərhəd bölgəsində ciddi nəzarət tədbirləri həyata keçirilməsi görülən məqsədyönlü işlərdəndir.

Bu gün Azərbaycanda koronavirus  o qədər də təhlükəli həddə çatmayıb. Baxmayaraq cənub qonşumuz İran hazırda da bu virusdan ciddi əziyyət çəkir, buna rəğmən Azərbaycan tərəfinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində bu təhlükəni qismən önləyə bilib. Azərbaycan yalnız özünü düşünmür, virusa qarşı mübarizədə beynəlxalq səylərə, ayrı-ayrı dövlətlərin həyata kieçirdiyi tədbirlərə də dəstək olur. Məhz Azərbaycan Hökumətinin koronavirusa mübarizə məqsədilə İran İslam Respublikasına 5 milyon dollar yardım ayırması da diqqətdən kənarda qalmamalıdır. Həm bu, həm də digər amillərdir ki,  Ümumdünya Səhiyyə Təşkilatının dəyərləndirməsində Azərbaycan ÜST-lə səmərəli əməkdaşlıq etdiyi qeyd edilir.  Həmçinin o da vurğulanır ki, Azərbaycan hökuməti qonşu ölkələrlə əlaqələli şəkildə COVID-19-un yayılmasının qarşısının alınmasında qlobal səylərə töhfə verir və ÜST-nin strateji hazırlıq və cavab planına 5 milyon ABŞ dolları ayırıb.

Azərbaycanda baş verən hər bir müsbət tendensiya, görülən işlər və həyata keçirilən tədbirlər ayrı-ayrı beynəlxalq təşkilatlar, dünya dövlətləri tərəfindən yüksək dəyərlidirildiyi kimi, rəsmi Bakının korona virusuna qarşı apardığı mübarizə tədbirləri də müsbət mənada təqdir edilir, yaxşı qiymətləndirilir.

ÜST-ün ekspertlərinin də qeyd etdiyi kimi, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Hazırda Azərbaycan hökuməti ÜST-ün tövsiyyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirmişdir.

Ölkədə koronavirusa qarşı aparılan mübarizənin effektli olmasını şərtləndirən digər vacib amil Azərbaycanın aidiyyəti orqanları, o cümlədən Səhiyyə Nazirliyi və TƏBİB çox şəffaf və açıq fəaliyyət göstərmələri, kordinasiyalı şəkildə işin qurulmasıdır. Müntəzəm olaraq Nazirlər Kabineti yanında yaradılmış operativ qərargahın ictimaiyyəti mövcud vəziyyət barədə məlumatlandırması da müsbət qiymətləndirilən məqamlardandır. İctimaiyyətin operativ qərargah tərəfindən müntəzəm şəkildə ölkədə mövcud vəziyyət barədə məlumatlandırılması bir tərəfdən Azərbaycan hökumətinin sistemli şəkildə işləməsi və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində ciddi çalışmasının göstəricisidirsə, digər tərəfdən əhalinin panikaya düşməsinin qarşısının alınması, cəmiyyətin yalan, həqiqətə uyğun olmayan informasiyalardan uzaq tutulması deməkdir.

Məhz operativ qərargahın məqsədyönlü fəaliyyəti nəticəsində ölkənin həm cənub, həm də qərb sərhədində səyyar çadırlar quraşdırılıb və sərhəd buraxılış məntəqəsindən Azərbaycana keçən istər yerli, istərsə də xarici vətəndaşlar ciddi şəkildə tibbi yoxlamadan keçir, zərurət olduğu halda onlar karantin altına alınır.  Bir sözlə  Azərbaycanda koronavirus infeksiyası ilə bağlı vəziyyət ciddi nəzarət altındadır. Sözügedən təhlükəni önləmək, virusun Azərbaycanda yayılmasının qarşısını almaq məqsədilə dövlət başçısının xüsusi həssaslığı var.

Tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur. Bu qaydalar MİLLİ TƏHLÜKƏSİZLİK və MİLLİ HƏMRƏYLİK məsələsidir və tutduğu mövqedən, baxışlarından asılı olmayaraq hər bir vətəndaşdan maksimal şəkildə diqqətli və məsuliyyətli olmaq tələb olunur. Hər bir vətəndaş nümunəvi davranışı, dövlət orqanlarının işinə dəstək verməklə özünü, ailəsini, yaxınlarını qorumuş olacaq və ümumilikdə cəmiyyətimizin təhlükəsizliyinə öz vətəndaş töhfəsini verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31