Distant təhsil nədir və hansı üstünlükləri var?
11 Mart 2020 18:37 SosialKamran Əsədov: "Əyani və qiyabi təhsil alma formalarından başqa da təhsil alma formasına keçid etməliyik ki, buna da ən uyğunu online, internet resursurslarından təhsildir"
Müasir dövrdə texnologiyanın inkişafı təhsil sisteminə də öz təsirini göstərir. Bunun nəticəsidir ki, distant, yəni müəyyən məsafədən keçirilən təlim-tədris sistemi yaranıb.
Müəllim və tələbənin eyni məkanda olma məcburiliyini ortadan qaldıran sistem Distant Təhsil Sistemidir. Bu təhsil sistemi inkişaf edən texnologiya ilə birlikdə müvəffəqiyyət nisbəti hər keçən gün artan bir təhsil sistemidir. Məsafəli təhsil tələbə ilə müəllimin fiziki olaraq eyni bir mühitdə olmamasını təşkil edən texnologiyadır. Bu sistem təhsil texnologiyası tərəfindən araşdırılan bir fenomendir və bu sahədə təhsil elminə verdiyi ən böyük töhfədir.
Təhsil eksperti Kamran Əsədov da bildirdi ki, baş verən fövqəladə hadisə (2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb) onu göstərdi ki, biz əyani və qiyabi təhsil alma formalarından başqa da təhsil alma formasına keçid etməliyik ki, buna da ən uyğunu online, internet resursurslarından təhsildir:
"Distant təhsil proqramı tələbə ilə öyrədici qaynaqlar arasında əlaqə quraraq təhsili reallaşdıran bir sistemdir. Məsafəli təhsil proqramlarının hər hansı bir təhsil təşkilatına qeydli olmayan kəslərə də təhsil imkanı təmin edir. Məsafəli təhsil proqramının bir başqa istiqaməti də mövcud qaynaqlardan kifayət qədər faydalanması və inkişaf edən texnologiyanı yaxından təqib etmək məcburiyyətində olmasıdır. Məsafəli təhsil uzaqda olan bir tələbə ilə birbaşa əlaqə qurularaq reallaşdırılan təhsildir. Məsafəli təhsil proqramı təhsil sahəsində ən ön planda yerini alan bir üsul ola biləcəyi kimi digər üsulları möhkəmlədən bir proqram olaraq da şərh olunur".
Ekspert qeyd edib ki, peyk, video, audio qrafik, kompüter, multimedia texnologiyası kimi elektron vasitələrin köməyi ilə, təhsilin uzaqdakı şagirdlərə çatdırılır: "Başlanğıcda təhsil proqramına möhkəmlətmə olaraq ortaya qoyulan məsafəli təhsil proqramı sonralar təhsil sahəsində çox rəğbət görən bir proqram oldu. İndiki vaxtda kolleclər, universitetlər, kiçik ya da böyük iş qrupları, təhsil agentləri, hərbi qüvvələr, dini təşkilatlar, sənaye təşkilatları, özəl sahibkarlar və digər sahələr online təhsilə böyük önəm verirlər.
Hazırda dünyanın bir sıra ölkələrinin ali məktəblərində öyrədici kompüter proqramlarından səmərəli istifadə edilməsi üzrə, nəzəri fənlərin öyrədilməsinin ənənəvi metodlarının dəyişdirilməsi istiqamətində iş aparılır. Bu fakt onunla izah edilir ki, nəzəri tədris kurslarının az qala hər birini elektron variantda təqdim etmək mümkündür. Bu isə bir tərəfdən, mətn, qrafiklər, düsturlar və şəkillərdən ibarət ənənəvi tədris vəsaitlərinin analoqu olan müxtəlif multimedia vasitələrindən - videofilmlərdən, multiplikasiyadan, musiqidən və şifahi nitqdən istifadə etməyə, digər tərəfdən - laboratoriya işlərinin və praktiki işlərin məzmununu kompüterdə modelləşdirməyə imkan verir, müasir dövrdə zəruri olan mürəkkəb qurğularla işləmək vərdişləri yaradır.
Düşünürəm ki, qısa müddətdə elektron dərs metodlarının tətbiqinə geniş şəkildə başlamaq lazımdır".
K. Əsədov əlavə edib ki, əgər uşaqların və tələbələrin itirdikləri dərs müddəti hansı formada kompensasiya edilməsini istəyiriksə qısa müddətdə altenativ təhsil alma metodlarını tətbiq etməliyik. O qeyd edib ki, distant təhsilə daha çox aşağıdakı kateqoriya insanlar cəlb edir:
• İşdə və ya evdə başı qarışıq olanları və dərslərə getmək və mühazirələri dinləmək imkanları olmayan şəxsləri;
• İxtisasını artırmaq, bacarıqlarını inkişaf etdirmək və karyeradan ayrılmadan yeni biliklər əldə etmək istəyənləri;
• Həyatda hər şeyə nail olmaq və peşəkar əlaqələri və dünya görüşünü genişləndirmək imkanlarından istifadə etmək istəyənləri, çünki distant təhsil sayəsində eyni zamanda bir neçə kursda oxumaq olar.
Beynəlxalq statistikaya görə, distant təhsildə "tələbələrin" əksəriyyəti yaşı 25-i ötmüş, işləyən və işdən ayrılmadan peşəkar biliklərini genişləndirmək istəyən şəxslərdir. Bununla belə, distant təhsil forması hamı üçün münasibdir. Bu, illər ötdükcə daha çox inkişaf edəcək müasir təhsil formasıdır.
Təhsil eksperti distant təhsilin müsbət cəhətlərini qeyd edib:
1. Distant təhsil proqramları ənənəvi sistem üzrə aparılan analoji təhsil kurslarından xeyli ucuzdur. Təhsil müəssisələri icarə haqqına, elektrik enerjisinə və bahalı texnikaya qənaət edir, çünki təhsil üçün ayrıca otaqlar və kompüterlər tələb olunmur. Bundan əlavə, vaxtın çox hissəsini tələbələr müstəqil şəkildə məşğul olurlar və deməli, müəllimlər eyni zamanda daha çox tələbəni öyrədə bilərlər və bunun da sayəsində distant təhsilin qiyməti münasib olur.
2. Distant təhsil ümumiyyətlə hər hansı təhsil almaq imkanları olmayan şəhər və ölkələr üçün əvəzedilməzdir. Bu, təhsili hamı üçün əlçatan edir.
3. Distant təhsil insanın utancaqlıq və auditoriya qarşısında çıxış etmək fobiyası kimi kommunikasiya keyfiyyətləri ilə bağlı psixoloji maneələri dəf etməyə imkan verir.
4. Distant təhsil mobildir və deməli, tələbənin daim aktual məsələlərə çıxışı olur. Bunun üçün sadəcə İnternet lazımdır.
Nigar Orucova
Olaylar.az