Bestseller müəllifi Rövşən Abdullaoğlu buzlar ölkəsindədir

Bestseller kitablar müəllifi Rövşən Abdullaoğlu buzlar ölkəsindədir

Bestsel kitablar müəllifi Rövşən Abdullaoğlu dünyanın yaşayış olmayan, buzlar ölkəsinə - Antarktidaya yola düşüb. Olaylar.az bildirir ki, yazıçı, öz rəsmi sosial hesabında paylaşdığı məlumata görə, artıq Antarktidadadır.
Səfər müddətində Argentinanın paytaxtı Buenos Ayresdə və bir çox başqa şəhərlərində olmuş yazıçı bir çox tarixi abidələri, muzeyləri, dinozavrların qədim məskənlərindən olan İsçiqualasto və Talampaya Milli parklarını da ziyarət edib.
Argentina ilə Braziliyanın sərhədində yerləşən, ümumi eni üç kilometr, hündürlüyü səksən metrə çatan yüzlərlə ayrı-ayrı şəlalənin birləşməsindən yaranmış möcüzəvi İquasu şəlaləsindən də maraqlı paylaşımlar edən yazar daha sonra Argentinanın və ümumiyyətlə yarımkürənin ən cənub şəhəri, "dünyanın sonu" adı ilə məşhur olan Uşuayaya yola düşüb. Odlu Torpaq arxipelaqında yerləşən və bir zamanlar hindu tayfalarının məskəni olan bu kiçik şəhər hazırda səyyahlar üçün Antarktidaya açılan qapı rolunu oynayır. Buradan səyyahlar, araşdırmaçılar gəmi yolu ilə Dreyk boğazından keçib pinqvinlərin vətəni olan Antarktidaya yola düşürlər.
Antarktida barədə qəbul edilmiş beynəlxalq sazişə görə, materik heç bir dövlətin ərazisi sayılmır və orada yalnız bir neçə ölkənin elmi-araşdırma stansiyaları yerləşir. Yer kürəsində təbiəti ibtidai formasını qoruyub saxlamış yeganə böyük ərazi olan Antarktidada ibtidai mühitin qorunması son dərəcə önəmli olduğundan gəmini kənarda saxlayıb buzlu torpağa xüsusi ekspedisiya qayıqlarında gedirlər. Hətta motorlu qayıqlara yanacaq belə yalnız gəminin özündə doldurulur ki, suya bir damcı da olsun yanacaq tökülməsin. Antarktik stansiyalara getmək, onların elmi fəaliyyəti ilə yaxından tanış olmaq da yazıçının səfər planına daxildir.
Qeyd edək ki, yazıçı oxucularına qayıtdıqdan sonra öz səfəri barədə geniş məqalə və foto-müsahibələr paylaşacağına söz verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31