Marvel necə uşaqların qəhrəmanı oldu? -Nigar Orucova yazır
Marvel necə uşaqların qəhrəmanı oldu?-Nigar Orucova yazır
25 Sentyabr 2019 13:25 SosialCizgi filmləri uşaqların özünü dərk etməsi, ətraf aləmi kəşf etmələri üçün önəmli rola malikdir. Uşaqlar demək olar ki, əksər saatlarını televiziya qarşısında cizgi filmlərini izləməklə keçirirlər. Bu cizgi filmlərinin əksəriyyəti əcnəbi multiplikasiya şirkətlərinin istehsalı olur. Müasir uşaqlar da daha çox yeni tipli cizgi filmlərinə baxmağa üstünlük verirlər. Belə filmlərin əksəriyyətində şiddət, işgəncə, qorxu səhnələrinə yer verilir, obrazların dilindən bayağı ifadələr işlədilir. İnformasiyanı tez mənimsəyən, iti hafizəli uşaqlar isə bu ifadələri asanlıqla yadda saxlayır və ailədə, məktəbdə, yoldaşları içərisində işlətməyə başlayırlar. Şüur altına yerləşən epizodlar gələcəkdə onların fikirlərinin formalaşmasında əhəmiyyətli rol oynayır. Bu formalaşmada siyasi, bəzən manipulyativ, bəzən isə reklam xarakterli informasiya daşıyan cizgi filmləri, qanlı, döyüşlü, davalı multiplikasiyalar təhlükəli rol oynayır. Uşaqların ehtiyacı olan isə maarifləndirici, öyrədici cizgi filmləridir. Bunun üçün yerli, milli mənəvi ideyaları təbliğ edən cizgi filmlərinə ehtiyacımız var. Yalnız bu üsulla uşaqları kommersiya məqsədilə çəkilən və öz təbliğatlarının dərindən aparıldığı xarici animasiyalardan qorumaq mümkündür.
Psixoloqların fikrincə, uşaqların aqressiv mövzulu multfilmləri izləməsinə imkan vermək olmaz. Lakin yeni və xarici multiplikasiyalarda uşaqlara aqressivlik, zorakılıq təbliğ edən cizgi filmləri çoxalır. Aqressiv multfilmlər izləyən uşaqlar isə 3 qat daha aqressiv olur. Uşaqlar körpəlikdə izlədikləri cizgi filminin daha çox rəngli kadrlarına və maraqlı səslərinə diqqət edirlər. İnsan və heyvan fiqurları isə onların daha çox diqqətini çəkir. Lakin animasiyaların çoxunda insan və heyvanlar, görməyə öyrəşmədiyimiz qeyri-adi və heç də gözoxşamayan görüntüdə təsvir edilir. Obraz və fiqurların belə təsviri uşaqların xəyal dünyasına mənfi təsir göstərir. Hər yaş qrupu izlədiklərindən fərqi yollarda təsirlənirlər. Uşaqlar (adətən oğlanlar) şiddət məzmunlu animasiyalardakı qəhrəmanlarla eyniləşməyə meyilli olurlar. "Supermen", "Hörümçək-adam" "Betmen" kimi personajlar isə onların sevimlisidir. Kiçiklər Amerikan mədəniyyətinin əsas simvollarından biri hesab edilən Supermeni öz "qəhrəmanları" hesab edirlər. Yerli cizgi filmlərinin yetərsizliyi Marvel komikslərinin uşaqların gözündə qəhrəman olmasına gətirib çıxarır. Yerli cizgi filmlərində milli personajlar yaranmaqdıqca bu axın belə də davam edəcək. Marvel-in bayraqdaşıyan personajı və şirkətin talismanı olan Hörümçək-adam və mədəni ikona qismində, Betmen obrazı kino, televiziya və kitablar üçün adaptasiya edilmiş, həmçinin video oyunlar, oyuncaqlar və geyimlər kimi bütün dünyada satılan malların müxtəlif növlərində meydana çıxmış bu komikslərə uşaqlar özlərini bənzətməyi çox sevirlər. İlk başdan zərərsiz görünən bu personajlarla onların alt şüurlarına zərəli informasiyalar yerləşir və öz fəsadlarını gəəcəkdə göstərməyə başlayır.
Bu fəsadların yaranmaması üçün uşaqlara müsbət enerjili, canlılara sevgi aşılayan, sülhsevər, dostluğa və ailəyə bağlı, düşündürücü süjet xəttinə malik cizgi filmləri izlətmək onların sağlamlığı və gələcəkdəki xarakteri baxımından daha xeyirli olar. Cəmiyyətə xeyirli insan yetişdirməkdə humanist və tərbiyəvi süjetli animasiyaların rolu olduqca əhəmiyyətlidir.
Əksər mütəxəssislərin fikrinə görə qərbə nisbətən rus multfilmləri uşaqların psixologiyasına daha yaxşı təsir göstərir. Yerli cizgi filmlərimiz də kifayət qədərdir. "Cücələrim", "Meşəyə insan gəlir", "Sehrli ağac", "Taya", "Dəcəl dovşan", "Sandıq", "Sən belə cumbulusan", "Sehrli ləçək ", "Uçan zürafə", "Qəribə əjdaha", "Təqib", "Tıq-tıq xanım", "Yatmaq vaxtıdır", "Balaca çoban", "Humayın yuxusu", "Sakit Yonun macəraları", "Ana ağaca qonub" və s. cizgi, "Xeyir və Şər", "Cırtdan-Pəhləvan", "Uşaq və külək", "Akvarium", "Cırtdan və div", "Yeni il əhvalatı", "Sehrli naxışlar" applikasiya üsulu ilə çəkilmiş cizgi filmlərimiz mövcuddur. Lakin, Azərbaycanda cizgi filmlərinin yaranması XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf etsə də bu gün yeni cizgi film axınını hiss etmirik. Buna görə də valideynlər uşaqlarına ən yaxşı halda rus multfilmlərini izlətmə ehtiyacı duyurlar.
Azərbaycan uşaqlarının bu gün xarici cizgi filmlərinin tərbiyəsi altında böyüməsini qəbul etməməliyik. Bunun üçün ilk növbədə yerli cizgi filmlərinin çəkilməsi deyil, bu animasiyaları çəkə bilən kadrların yetişdirilməsi uşaqların gözəl psixologiya və milli ruhda böyüməsi üçün daha da əhəmiyyətlidir.
Nigar Orucova
Olaylar.az