İran limanlarına gedən və gələn gəmilərə tam blokada tətbiq olunacaq - Tramp

ABŞ Prezidenti Donald Tramp İran limanlarına gedən və gələn, eləcə də İran yükləri daşıyan gəmilərə tam blokada tətbiq ediləcəyini açıqlayıb.

Tramp bu barədə "Truth Social" sosial şəbəkə hesabında paylaşım edib.

"ABŞ Silahlı Qüvvələrinin gücü sayəsində neft əvvəlkindən daha çox həcmdə axır. Hörmüz boğazı İran istisna olmaqla bütün beynəlxalq gəmiçilik üçün açıqdır. Buna görə də yalnız İran limanlarına gedən və oradan gələn, yaxud İran yükləri daşıyan gəmilərə tam blokada tətbiq edəcəyik", - deyə o bildirib.

Tramp bildirib ki, Yaxın Şərq liderləri ilə apardığı "çox məhsuldar" danışıqlardan sonra ABŞ-nin tətbiq etməyi planlaşdırdığı 20 faizlik kompensasiya rüsumundan imtina etmək qərarına gəlib. Onun sözlərinə görə, bu rüsumun əvəzinə Körfəz ölkələri ABŞ-yə iri həcmli ticarət və investisiyalar həyata keçirəcəklər.

"Bu investisiyalar çox böyük olacaq və eyni zamanda həmin ölkələrin gələcəyi üçün də olduqca faydalı olacaq. ABŞ tarixdə ən böyük həcmdə dollar investisiyası cəlb edən ölkədir, lakin yeni investisiyalar bu göstəricini daha da artıracaq. Nəticədə ABŞ-də tarixi miqyasda zavodlar, istehsal müəssisələri və avadanlıqlar yaradılacaq, milyonlarla yüksək maaşlı iş yeri açılacaq", - deyə ABŞ Prezidenti vurğulayıb.

Tramp həmçinin bildirib ki, İranın "heç vaxt nüvə silahına sahib olmasına imkan verilməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31