İnsanlığın son dayanacağı - Aysel OĞUZ yazır
İnsanlığın son dayanacağı- Aysel OĞUZ yazır
17 Sentyabr 2019 13:35 SosialAysel Oğuz
Məşhur "Bəyin oğurlanması" filmindəki " bu kino ki var, çox qəliz məsələdir.Həm qəlizdir, həm də vacib" sitatını dəyişərək, "bu insan ki var, çox qəliz məsələdir.Həm qəlizdir,həm də vacib" yazaraq demək keçir ağlımdan...Doğurdan da qəliz məsələdir. Əslində bizlər uşaq olarkən düşünürük ki, pis insan anlayışı yoxdur...Mən bu məntiqə hələ də dayanıb düşünürəm ki, pis insan anlayışı yoxdur və eyni zamanda da, olmayan qədər də o "pis" insan anlayışı" vardır deyirəm. Dedim axı, insan çox qəliz məsələdir...Günahkar olacaq qədər məsumdur, məsum olacaq qədər günahkar! Nə qəribədir, bir-birinə zidd aksiomlarla hərəkət edib, var olur bu insanlıq.
Getdiyimiz həyat yolu ya sağ cığırdır, ya sol. Yalnız getdiyimiz yolun qurtaracağında,mənzil başına çatmaq üçün indiyənə qədər gəldiyimiz cığırın hansı tərəf olduğunu vicdan aynamıza baxıb mükafatımızı alanda biləcəyik. Amma sonda nədənsə vicdan aynasına baxmadan, hər kəs özünün sağ cığırda getdiyini sanır və hər kəsə öz tutduğu yolun düzgünlüyünü, özünə və başqalarına sübüt etməyə çalışaraq, bununla təskinlik tapır.
Zənnimcə, ən dürüst və yaxşı insanlar özlərinin sol cığırda getdiyini ehtimal edib yaxınlarına və cəmiyyətə bunu etiraf edən insanlardır. Elə insanlardan zərər gəlməz, çünki onlar özlərilə savaş içindədilər. Onların pislik etməyə çox vaxt zamanı olmur...
Pislik dedikdə, pisliyin növləri olmur. Onun bir üzü var...Pislik yalnız oğurluqda gizlənər daima.İnsanlıq nə pislik edərsə, təməli oğurluğa dayanır. Bir yalan, qarşıdakı insanın həqiqəti bilmək haqqını oğurlamış olduğu qədər...Bir insan öldürülürsə onun yaşamaq haqqı oğurlanmış olduğu qədər...Və ya çox bəsit... sizin üçün yanan bir siqaret, digər insanların (həm də özünüzün) təmiz hava udmaq haqqını oğurlamış olduğu qədər...Pisliyin yanında haqq durursa onun sonu mütləq oğurluq olacaq.
Pislik dedikdə,hər qəddar,əzazil insanın belə bir hekayəsi var. Bəlkə də onu haqlı çıxardacaq bir hekayə.O hekayələr çox zaman qəddar olmaqlarına haqq qazandıracaq qədər qəribə bir gücə malik olur.Amma gəlin unutmayaq, ki, qəddarlıq sadəcə insanlarda yaranmış müdafiə, baryer formasıdır...Çox vaxt o baryerin arxasında sərt olduğu qədər yumşaq ruh yatır. Onu da qəddar edən biz insanlarıq. Əksər hallarda da qəddarın uşaqlığındakı insanlar...Çox vaxt istəmədən, amma edirik. Bunu etdik də,növbəti bir pisliyin törəməsinə səbəb oluruq.
Bir-birimizi haqsız, günahkar, pis insan obrazında görməkdə səbəb isə fərqli mədəniyyətə, dünyagörüşünə, həyat təcrübəsinə və hətta həyat tərzinə görə dəyişən xüsusiyyətlərə malik olmağımızdır.
İnsanın kənardan pis, qəddar görünməyinə aldanmayın.. Onun vicdanına baxın...Vicdanlı insanları seçin, vicdanlı insanları sevin...İnsanın necə biri olduğunu bilmək üçün, onun vicdanını sınaqdan keçirin, lap damarına basın hərdən... Yaxşılığın bütün təməli vicdanda yatır.Vicdan varsa, pislik gözləməyin, çünki vicdanın ən böyük düşməni pislikdir.İkisi bir yerdə var ola bilmir, gec və ya tez hansısa birinə üstün gələrsə,insanın özünə savaşda uduzub və ya qalib olduğunu üzə çıxarır...
Başqası ilə deyil,daima özünüzlə savaşın, danlayın,qınayın, günahlandırın,amma bunu edərkən həddi aşmayın.Düşünürəm hər kəs özüylə savaşsaydı, dünyada pislik var olmazdı...Hər kəsin başı özünə qarışardı...
İnsan oğlundan hansının- pisliyin, yoxsa yaxşılığın daha çox olduğunu soruşdular-o, əlbəttə, pislik dedi.Əslində belə deyil.Yaxşılıqla müqayisə etsək,pislik insanın gözünə tez batar və həyatda pisliyin üstün olduğu düşünülər daima. Necə ki, bir insana ömür boyu yaxşılıq edib və sonda bir önəmsiz məsələyə görə o insanın ömürlük qara siyahısına düşdüyün kimi...Bu səbəbdən, heç kəsə görə nəsə sübut etmə,yaxşı görünməyə cəhd etmə...Qarşındaki insana yaxşılığı, onun bir təşəkkür qarşılığı üçün yox, öz savaşından qalib çıxmağın üçün et, çünki ora sənin qurtuluşundur! Ora sənin cənnətindir! Ora sənin son dayanacağındır!