Sahibkarlar əmlaklarını nə üçün sığorta etdirməyə maraqlı deyillər? RƏY
28 Mart 2019 13:25 SosialRafiq Alışoğlu: "Sahibkarların əmlaklarını sığorta etdirməməsinin əsas səbəbi sığorta şirkətlərinə inamsızlıqdır"
Sahib Məmmıdov: "Əgər dövlət buna rəğmən yardım edirsə, bu daha çox humanizm məsələsidir"
Bu günlərdə paytaxtın Nizami rayonu ərazisində yerləşən "Diqlas" Ticarət Mərkəzində baş verən güclü yanğın və nəticədə yüzlərlə sahibkara dəyən maddi ziyan yenidən sığorta məsələsini gündəmə gətirib. Düzdür, hər zaman olduğu kimi, bu dəfə də dövlət vətəndaşın yanında olaraq ona dəymiş maddi ziyanı qarşılamağı öz üzərinə götürüb. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev sözügedən ticarət mərkəzində baş vermiş yanğında ziyan görmüş sahibkarlara kompensasiya ödənilməsi barədə müvafiq qurumlara tapşırıq verib. Lakin buna baxmayaraq haqlı olaraq iradlar səsləndirilir ki, sahibkar, xırda və ya iri bizneslə məşğul olan istənilən şəxs nə üçün öz əmlakını sığorta etdirmək barədə düşünmür. Məsələyə iqtisadçı və hüquqşünaslar öz münasibətlərini açıqlayıblar. İqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, sahibkar olan kəs fəaliyyətini və mülkiyyətində olan mal və obyektləri o zaman sığortalayır ki, qazancında və yaxud əldə etdiyi gəlirlərdə gündəlik deyil, uzaq məqsədlər güdür: "Yəni, sabah və o biri gün də gəlir əldə edəcəyinə tam əmin olur. Başqa sözlə desəm, ən azı orta perespektivdə. Bizdə isə ticarətlə məşğul olanların 99,9 faizi ancaq gündəlik qazanc barədə düşünür və bunun üçün çalışırlar - fəaliyyət göstərirlər. Çünki xırda-xuruş alver ilə məşğul olurlar. Bu adamlar sahibkar deyillər, alverçidirlər. Bəli, sovet hökuməti vaxtı dediyimiz alverçilərdən. Sadəcə olaraq, müasir variantı. Odur ki, belələri sığorta haqda düşünə bilməzlər. Və maraqlı da ola bilməzlər". İqtisadçı qeyd edib ki. əslində, bu, ölkəmizdə fəaliyyət göstərən bütün kiçik və orta sahibkarlara aid məsələdir: "Bunların heç birinin strateji baxımdan planları və məqsədləri yoxdur. Ona görə də, fövqəladə bir hadisə və itki, zərər baş verdikdə dərhal, hər şeylərini itirirlər. Və başlayırlar ki, pulumuzu kim verəcək?. Sən, dövlətə vergini düzgün vermisən-verməmisən, heç bəlli deyil. Kimdən nə və nə haqla umursan?. Sağlam və şəffaf biznes olan yerdə, sığorta da olur, sığorta haqda da düşünülür. Sığortasız biznes, arşın malçılıqdır".
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə bildirib ki, dövlətin ayrı-ayrı hüquqi və fiziki şəxslərin əmlakına təbii və ya texnogen hadisə nəticəsində dəymiş ziyanın əvəzinin ödəmək kimi pozitiv öhdəliyi yoxdur: "Sadəcə dünyada belə praktika var ki, ziyan kütləvi olanda və sığorta şirkətlərinin bu ziyanı ödəmək üçün resursları kifayət etmədikdə dövlət yadım edə bilər. Bu yardım ziyanın bir hissəsinin və ya tam olaraq əvəzinin ödənilməsi və ya hər hansı şəkildə (məslən 5 il müddətinə vergidən azad etmək) ola bilər. Hətta baş verən hadisədə konkret hakimiyyət orqanının nəzarətinin effektivsizliyi olsa belə, dövlətin birbaşa kompensasiya vermək kimi öhdəliyi yaranmır. Sadəcə dövlət bu halda effektiv tədbirlər görməlidir. Əgər dövlət buna rəğmən yardım edirsə, bu daha çox humanizm məsələsidir, nəinki hüquqi öhdəlik. Əlbəttə, dövlət insanlara imkan çərçivəsində kömək etməlidir. İşsiz qaldıqda müavinət verməlidir, sığınacaq verməlidir və s. Məslə ondadır ki, sən (mən) əmlakını sığorta etmirsən. Bir şey olanda da gedib başlayırsan hökumətdən pul ummağa. Belə olmalı deyil. Söhbət bundan gedir".
Azərbaycan Vəkillər Kollegiyasının üzvü Rafiq Alışoğlu isə hesab edir ki, bu gün sığorta bazarı sıfır səviyyədədir. Onun sözlərinə görə, sığorta şirkətləri ancaq icbari sığortadan gəlir güdürlər: "Sahibkarların əmlaklarını sığorta etdirməməsinin əsas səbəbi sığorta şirkətlərinə inamsızlıqdır. Sığorta şirkətləri isə vətəndaşlarda inam yaratmaqda acizdirlər. Çünki özlərində sığorta ödənişi etmək vərdişini formalaşdıra bilməyiblər". Rafiq Alışoğlu deyib ki, sığorta mədəniyyəti ən birinci sığorta şirkətlərində formalaşmalıdır: "Sığorta şirkətləri sığortalıları aldadırlar, müqavilələri elə formada tərtib edib vətəndaşa imzalatdırlar ki, vətəndaş əmlıakını sığorta elətdirdiyinə sevinir. Sığiorta hadisəsi baş verəndə və iş sığorta ödənişinə gələndə məhkəməlik olur. Əmlakını tam sığorta elətdirən heç bir sığortalı rahat və məhkəməsiz sığoirta ala bilməyib. Əksəriyyəti isə heç ala bilməyib, çünki sığorta müqaviləsinin şərtləri sığorta şirkətləri tərəfindən vətəndaşın ziyanına rəsmiləşdirilir".
Məhəmməd